İl yarıya çatır, uğurlar isə yarıdan çoxdur

post-img

2026-cı ilin birinci yarısı Azərbaycanın iqtisadi inkişaf tarixində struktur islahatlarının dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya və “yaşıl” iqtisadiyyat modelinə keçid istiqamətində sistemli tədbirlərin reallaşdırılması ilə yadda qaldı. Qlobal iqtisadiyyatda geosiyasi gərginliklərin, beynəlxalq ticarətdə qeyri-müəyyənliyin, enerji bazarlarında qiymət dəyişkənliyinin və inflyasiya təzyiqlərinin davam etdiyi bir şəraitdə respublika iqtisadiyyatında dayanıqlı inkişafının gerçəkləşdirilməsi ölkədə həyata keçirilən uzunmüddətli iqtisadi strategiyanın səmərəliliyini bir daha nümayiş etdirdi.

İlin ötən 6 ayının ilkin nəticələri göstərir ki, hökumətin həyata keçirdiyi iqtisadi siyasətin mərkəzində makroiqtisadi sabitliyin qorunması ilə bərabər, həm də yeni iqtisadi artım mənbələrinin formalaşdırılması dayanır. Bu isə qeyri-neft sektorunun genişləndirilməsi, innovasiya iqtisadiyyatının inkişaf etdirilməsi, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsi vasitəsilə reallaşır.

Qeyri-neft sektoru yenə öndədir

2026-cı ilin ilk yarısında Azərbaycan iqtisadiyyatında, təxminən, 2–2,5 faiz səviyyəsində iqtisadi artımın qeydə alınması mövcud beynəlxalq iqtisadi şərait nəzərə alınmaqla müsbət göstərici kimi qiymətləndirilib. Bu artım əvvəlki illərdə formalaşdırılan maliyyə dayanıqlılığı, dövlət investisiyaları və qeyri-neft sektorunun inkişafı hesabına əldə edilib.

İqtisadçı-ekspert Ramiz Qasımov bildirdi ki, bu məsələdə ən mühüm məqamlardan biri iqtisadi artımın əsas mənbəyinin əvvəlki dövrlərdən fərqli olaraq hazırda daha çox qeyri-neft sektorunda yaranan əlavə dəyərlə bağlı olduğunu, başqa sözlə, Azərbaycanın uzun illər həyata keçirdiyi iqtisadi şaxələndirmə siyasətinin real nəticələr verməyə başladığını göstərir. Dünyada təkcə enerji gəlirlərinə əsaslanmaması ölkənin makroiqtisadi təhlükəsizliyi baxımından mühüm üstünlük hesab olunur. Bu, eyni zamanda, gələcək iqtisadi inkişaf üçün daha davamlı model formalaşdırır.

Son illərin iqtisadi siyasətində əsas prioritetlərdən biri qeyri-neft sektorunun genişləndirilməsi olub. 2026-cı ilin ilk yarısında da bu istiqamətdə reallaşdırılan layihələr öz bəhrəsini verməyə başlayıb. Sənaye, kənd təsərrüfatı, logistika, informasiya texnologiyaları, turizm, xidmət sektoru və emal sənayesi iqtisadi artımın əsas istiqamətləri kimi diqqət çəkib.

Qeyri-neft sektorunun inkişafı, həm də bir neçə mühüm istiqamətdə, ilk növbədə, yeni istehsal müəssisələrinin yaradılması, ixracyönümlü məhsul istehsalının genişləndirilməsi, rəqabətqabiliyyətli sənaye məhsullarının artırılması, logistika xidmətlərinin inkişaf etdirilməsi və innovasiya əsaslı sahibkarlığın stimullaşdırılmasında özünü qabarıq büruzə verib.

Hesabat dövründə elm və innovasiya iqtisadiyyatının inkişafına xüsusi önəm verilib. Bunun bariz ifadəsi olaraq 2026-cı ilin ilk yarısında diqqətçəkən mühüm layihələrdən biri kimi Bakıda Elm-Texnologiya Parkının yaradılması istiqamətində işlərə başlanılıb. Bu sahəyə xüsusi önəm verilməsi müasir dünya təcrübəsindən qaynaqlanıb. Çünki inkişaf etmiş ölkələrdə texnologiya parkları, sadəcə, istehsal sahəsi olmaqla bərabər, həm də universitetləri, elmi-tədqiqat institutlarını, startap ekosistemlərini, investorları və yüksək texnologiyalı şirkətlərini bir platformada birləşdirən innovasiya mərkəzləri kimi yüksək qiymətləndirilib.

Azərbaycanda Elm-Texnologiya Parkının yaradılması isə innovativ məhsulların hazırlanması, texnologiya transferi, startapların maliyyələşdirilməsi, yüksək ixtisaslı iş yerlərinin yaradılması, rəqəmsal iqtisadiyyatın inkişafı və süni intellekt layihələrinin genişləndirilməsi istiqamətlərində mühüm nəticələr vəd edir. Məhz buna görə, ekspertlərin fikrincə, sözügedən layihə ölkəmizin regionun texnoloji mərkəzlərindən birinə çevrilməsi strategiyasının mühüm elementidir.

Rəqəmsal yüksəlişin təməli

Hesabat dövründə qəbul edilmiş rəqəmsal iqtisadiyyat və süni intellekt strategiyaları gələcək onilliklərin inkişaf modelini müəyyənləşdirən əsas sənədlər sırasındadır. Hazırda dünyada iqtisadi artımın əsas hissəsi də məhz rəqəmsal texnologiyalar hesabına formalaşır. Çünki süni intellekt, bulud texnologiyaları və avtomatlaşdırılmış idarəetmə sistemləri məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır. Azərbaycanın qəbul etdiyi yeni strategiyalar da bu baxımdan önəm daşıyır. Bu, dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması, biznes proseslərinin elektronlaşdırılması, rəqəmsal vergi inzibatçılığının diqqətdə saxlanılması, kibertəhlükəsizliyin gücləndirilməsi, süni intellekt tətbiqlərinin genişləndirilməsi və rəqəmsal bacarıqların inkişaf etdirilməsi kimi məsələləri əhatə edir.

Bu siyasət uzunmüddətli perspektivdə həm məhsuldarlığın artmasına, həm də investisiya cəlbediciliyinin yüksəlməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, dövlət-özəl tərəfdaşlığı iqtisadi inkişafın mühüm vasitəsinə çevriləcək. TIR parklarının yaradılmasına gəldikdə isə logistika infrastrukturunun genişləndirilməsi, tullantıların idarə olunması layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin modernləşdirilməsi istiqamətində yeni təşəbbüslərə start verilməsi perspektivdə bu istiqamətlərdə müsbət göstəricilərin nəzərə çarpması ilə müşahidə ediləcək.

Xüsusilə Lənkəranda bərk məişət tullantılarının idarə olunması layihəsi ekoloji təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, dairəvi iqtisadiyyat modelinin formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Müasir iqtisadiyyatlarda tullantılar artıq problem deyil, əlavə iqtisadi resurs hesab olunur. Başqa sözlə, təkrar emal sənayesinin inkişafı həm yeni iş yerləri yaradır, həm də ətraf mühitə düşən yükü azaldır.

Onu da qeyd edək ki, hesabat dövründə Azərbaycanın geoiqtisadi mövqeyinin gücləndirilməsi baxımından Orta Dəhlizin də inkişafı diqqət mərkəzində saxlanılıb. Bunun nəticəsidir ki, 2026-cı ilin ilk 6 ayında nəqliyyat-logistika sektorunda həyata keçirilən layihələr ölkəmizin beynəlxalq yükdaşımalarında rolunu daha da artırmağa xidmət edib. Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində regional nəqliyyat və Orta Dəhlizin inkişafına yönəlmiş milyardlarla dollar həcmində maliyyələşmə sazişlərinin imzalanması da Azərbaycanın tranzit ölkə kimi strateji əhəmiyyətini şərtləndirib.

Bu layihələr yükdaşımaların sürətləndirilməsi, logistika xərclərinin azaldılması, beynəlxalq ticarətin genişlənməsi, regional inteqrasiyanın gücləndirilməsi və qeyri-neft gəlirlərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə logistika sektoru Azərbaycanın coğrafi üstünlüyünü iqtisadiyyatın ən gəlirli sahələrindən biri kimi dəyərləndirilən iqtisadi üstünlüyə çevirir.

Yeni çağırışlar, önəmli layihələr

Bu ilin ilk yarısında “yaşıl” enerji istehsalı istiqamətində də önəmli layihələr reallaşdırılıb. Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə institutlarının iştirakı ilə “Yaşıl enerji dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması davam etdirilib. Bu layihənin icrası ilə bərpaolunan enerji istehsalının artırılması ilə bərabər, eyni zamanda, “yaşıl” elektrik enerjisinin ixracının gerçəkləşdirilməsi, regional enerji təhlükəsizliyinin gücləndirilməsi, karbon emissiyalarının azaldılması, enerji bazarlarının şaxələndirilməsi və Avropa ilə enerji əməkdaşlığının genişləndirilməsi kimi prioritet həllər nəzərdə tutulub.

Azərbaycan artıq neft və qaz ixracını reallaşdıran ölkədən “yaşıl” enerji ixrac edən dövlətə transformasiya prosesini sürətləndirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeni iqtisadi artım mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən layihələr isə iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi diqqət çəkir. Xüsusilə Kəlbəcərin İstisu, Zülfüqarlı və Dəmirçidam ərazilərində beynəlxalq standartlara cavab verən turizm və rekreasiya zonalarının yaradılması ilə bağlı hazırlıq işlərinin genişləndirilməsi mühüm önəm daşıyır.

Bu layihələrin məqsədi təkcə turizm sektorunun inkişafı deyil. Eyni zamanda, bu məsələ ilə bağlı yeni xidmət sahələrinin yaradılması, özəl investisiyaların cəlb edilməsi, məşğulluğun artırılması, regionların iqtisadi potensialının reallaşdırılması, beynəlxalq turizm marşrutlarının formalaşdırılması nəzərdə tutulur. Kəlbəcərin zəngin təbii ehtiyatları, mineral suları və dağ turizmi imkanları gələcəkdə Azərbaycanın ən perspektivli turizm mərkəzlərindən birinin formalaşmasına şərait yarada bilər.

Yeri gəlmişkən, 2026-cı ilin dövlət büdcəsinin icrasında sosialyönümlülük əsas prinsip kimi diqqətdə saxlanılıb. Bu baxımdan büdcə vəsaitlərinin əhəmiyyətli hissəsi sosial infrastrukturun yenilənməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və təhsil, eləcə də səhiyyə layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Bu yanaşma nəticəsində iqtisadi artım sosial rifahın yüksəldilməsi ilə paralel gerçəkləşdirilib.

Hesabat dövründə beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq daha da gücləndirilib. İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə ölkənin infrastrukturunun yenilənməsi, “yaşıl” iqtisadiyyatın inkişaf etdirilməsi və regional nəqliyyat şəbəkələrinin genişləndirilməsi istiqamətlərində mühüm layihələr həyata keçirilib. Bu əməkdaşlıq nəticəsində uzunmüddətli maliyyə resurslarına çıxış, qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi, beynəlxalq investorların etimadının artırılması və özəl kapitalın daha geniş cəlb olunması kimi önəmli üstünlüklər yaradılıb.

İqtisadi modernləşmə

2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, qarşıdakı mərhələdə Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyur. Bununla yanaşı, yeni çağırışlar sırasında, ilk növbədə, əmək məhsuldarlığının yüksəldilməsi, müasir texnologiyalar əsasında istehsalın genişləndirilməsi, ixracın daha da şaxələndirilməsi və insan kapitalına investisiyaların artırılması və rəqəmsal transformasiyanın sürətləndirilməsi xüsusi yer tutur. Eyni zamanda, kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxış imkanları genişlənir, innovasiya ekosistemi güclənir, “yaşıl” iqtisadiyyat layihələri sürətlənir və dövlət-özəl tərəfdaşlığının daha geniş tətbiqinə əlverişli şərait yaranır.

Beləliklə, cari ilin birinci yarısının ilkin iqtisadi yekunları göstərir ki, Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət mərhələsinə daxil olur. Artıq inkişaf modeli təkcə enerji gəlirlərinə deyil, həm də qeyri-neft sektorunun genişlənməsinə, rəqəmsal texnologiyalara, innovasiyalara, “yaşıl” enerji layihələrinə və beynəlxalq nəqliyyat-logistika imkanlarına əsaslanır.

Son aylarda qəbul edilmiş dövlət proqramları, iqtisadi siyasət sənədləri və qanunvericilik təşəbbüsləri göstərir ki, cari ilin ikinci yarısında iqtisadi artımın əsas hərəkətverici qüvvələri qeyri-neft sektorunun daha da genişlənməsinə, sahibkarlığın dəstəklənməsinə, investisiya fəallığının artmasına, rəqəmsal iqtisadiyyatın sürətlənməsinə və işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi dövriyyəsinə inteqrasiya olunmasına müsbət təsir göstərəcək.

Bütün bunlar isə ekspertlər tərəfindən əsas götürülərək, 2026-cı ilin ilk yarısının gələcək onilliklər üçün formalaşdırılan yeni inkişaf arxitekturasının təməlini qoyan mərhələ kimi qiymətləndirilir. Bu strateji kurs, eyni zamanda, Azərbaycanın regional iqtisadi mərkəz kimi mövqeyini daha da gücləndirməklə yanaşı, dayanıqlı, rəqabətqabiliyyətli və innovasiya əsaslı milli iqtisadiyyatın formalaşmasına mühüm töhfə verəcəyinə möhkəm əminlik yaradır.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat