Ursula Fon der Lyayenin Bakı səfəri

post-img

Yaxud Avropa İttifaqının dəyişən geosiyasi hesablamaları

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Cənubi Qafqaza növbəti səfəri Avropa İttifaqının (Aİ) regiona münasibətində formalaşan yeni geosiyasi yanaşmanın praktik ifadəsidir. Əgər bir neçə il əvvəl Brüsselin Cənubi Qafqaz siyasətində təhlükəsizlik, münaqişələrin idarə olunması və normativ gündəm üstünlük təşkil edirdisə, hazırkı mərhələdə prioritetlər əhəmiyyətli dərəcədə dəyişib. Region artıq Avrasiya məkanında enerji, nəqliyyat və iqtisadi bağlantıları təmin edən strateji platforma kimi nəzərdən keçirilir.

Cənubi Qafqazın bugünkü geosiyasi əhəmiyyətini anlamaq üçün tarixə nəzər salmaq kifayətdir. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazı tədricən nəzarətə götürməsi regionun beynəlxalq statusunu kökündən dəyişdirdi. 1804–1813 və 1826–1828-ci illər Rusiya–İran müharibələrinin nəticəsi olaraq imzalanan Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə daxil oldu. Bununla da Rusiya Xəzər hövzəsinə, Cənubi Qafqaza və Mərkəzi Asiyaya uzanan strateji istiqamətdə möhkəmləndi. Bundan sonra Böyük Britaniya Rusiyanın cənuba “yürüşünü” öz imperiya maraqları üçün təhlükə hesab etməyə başladı. Londonun əsas narahatlığı Qafqazın özü deyil, Rusiyanın Mərkəzi Asiya üzərindən Əfqanıstana, oradan isə Britaniya imperiyasının “tacındakı ən qiymətli inci” sayılan Hindistana yaxınlaşması idi. Tarixə “Böyük oyun” adı ilə düşən geosiyasi rəqabət bu strateji hesablamaların məhsulu idi. Rəqabət yalnız hərbi müstəvidə aparılmırdı. Rusiya Qafqazda yollar çəkir, hərbi istehkamlar yaradır, Xəzərdə donanmasını gücləndirirdi. Britaniya isə diplomatik missiyalar, kəşfiyyat ekspedisiyaları və yerli hakimlərlə ittifaqlar vasitəsilə Rusiyanın irəliləyişini ləngitməyə çalışırdı.

Bu gün geosiyasi mənzərə fərqlidir, lakin məntiq eyni qalır. Artıq imperiyalar ordularla irəliləmir, onların yerini iqtisadi layihələr tutub. Dəmir yolları, limanlar, enerji kəmərləri, fiber-optik xətlər və beynəlxalq nəqliyyat dəhlizləri XXI əsrin geosiyasi təsir alətlərinə çevrilib. Əgər XIX əsrdə böyük dövlətlər Hindistana gedən yollar uğrunda rəqabət aparırdılarsa, bu gün Aİ, Çin, ABŞ və digər aktorlar Avropa ilə Mərkəzi Asiya arasında ən təhlükəsiz və ən səmərəli marşrutların formalaşmasında maraqlıdırlar.

* * *

Məhz bu baxımdan Ursula Fon der Lyayenin Bakı səfəri tarixi kontekstdən kənarda qiymətləndirilə bilməz. Aİ Cənubi Qafqaza yeni münaqişə məkanı kimi deyil, Avrasiyanın dəyişən iqtisadi xəritəsində strateji bağlantı nöqtəsi kimi baxmağa başlayıb. Azərbaycanın diqqət mərkəzində olmasının səbəbi də məhz budur: bu coğrafiya yenidən qlobal güclərin maraqlarının kəsişmə nöqtəsinə çevrilir. Doğrudur, XXI əsrdə geosiyasi mübarizənin alətləri dəyişib, lakin onun əsas məqsədi – Avrasiyanın kommunikasiya xətlərinə nəzarət etmək – əvvəlki kimi qalır. Son on ildə “bağlantılılıq” anlayışı beynəlxalq siyasətin əsas terminlərindən birinə çevrilib. Aİ-nin “Qlobal bağlantılar”, Çinin “Bir kəmər, bir yol”, Hindistanın Yaxın Şərq və Avropanı birləşdirməyi hədəfləyən Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi layihəsi, Rusiyanın “Şimal–Cənub” nəqliyyat dəhlizi – bütün bu təşəbbüslər mahiyyət etibarilə eyni məqsədə xidmət edir: Avrasiyanın iqtisadi arteriyalarında mövqe qazanmaq. Bu rəqabətdə Cənubi Qafqaz Xəzər hövzəsini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən yeganə sabit quru marşrutlarından biri kimi ön plana çıxır. Xüsusilə Ukrayna müharibəsindən sonra Aİ üçün bu marşrutun strateji əhəmiyyəti daha da artıb. Şimal marşrutu Rusiya üzərindən keçdiyi üçün siyasi risk daşıyır, cənub istiqaməti isə Yaxın Şərqdə davam edən böhranlar səbəbindən qeyri-müəyyən olaraq qalır. Belə şəraitdə Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə xətti Avropa üçün ən real alternativlərdən biri kimi çıxış edir.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan bu prosesə hazır infrastrukturla daxil olur. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu son iyirmi ildə formalaşdırılmış strateji investisiyaların nəticəsidir. Bu layihələr Azərbaycanın uzunmüddətli dövlət siyasətinin məhsuludur.

Ursula Fon der Lyayenin Bakı səfərinin əsas siyasi məntiqi burada ortaya çıxır. Brüssel regionda yeni layihə yaratmağa gəlmir. Aİ artıq formalaşmış geoiqtisadi reallığa uyğunlaşmağa çalışır. Azərbaycanın son illər qurduğu enerji və nəqliyyat infrastrukturu Avropa üçün zərurətə çevrilməkdədir.

* * *

Lakin səfərin ikinci mühüm istiqaməti də diqqətdən yayınmamalıdır. Aİ anlayır ki, iri infrastruktur layihələrinin uzunmüddətli dayanıqlılığı yalnız siyasi sabitlik şəraitində mümkündür. Məhz buna görə Bakı ilə İrəvan arasında normallaşma prosesi Brüssel üçün həm də iqtisadi və strateji zərurətdir. Aİ-nin sülh gündəminə verdiyi dəstək ilk növbədə regional kommunikasiyaların təhlükəsizliyinə, investisiya mühitinin möhkəmlənməsinə və Orta Dəhlizin tam potensialla işləməsinə hesablanıb. Bu yanaşmanın arxasında kifayət qədər praktik hesablamalar dayanır. Beynəlxalq maliyyə institutlarının və böyük investorların qərarları ilk növbədə siyasi risk göstəricilərinə əsaslanır. Məsələn, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı kimi qurumlar iri nəqliyyat və enerji layihələrinə kredit ayırarkən regiondakı təhlükəsizlik vəziyyətini əsas meyarlardan biri kimi qiymətləndirirlər. Münaqişə riski yüksək olan marşrutlarda sığorta xərcləri artır, tranzit qiymətləri yüksəlir və investisiya qərarları ləngiyir. Aİ-nin Orta Dəhlizə xüsusi diqqət yetirməsinin səbəbi də budur. Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xətti üzrə daşınan yüklərin həcmi son illər nəzərəçarpacaq dərəcədə artıb. Ukrayna müharibəsindən sonra bir sıra Avropa şirkətləri Rusiyadan keçən şimal marşrutuna alternativ axtarmağa başladılar və Transxəzər marşrutu onların əsas seçimlərindən birinə çevrildi. Lakin bu marşrutun tam potensialla işləməsi üçün Cənubi Qafqazda siyasi gərginliyin azalması vacibdir.

Burada əsas məsələ regionun ümumi təhlükəsizlik mühitidir. Aİ hesab edir ki, Bakı ilə İrəvan arasında davamlı sülh əldə olunarsa, nəqliyyat layihələrinə qoyulan sərmayələrin geri dönüşü daha proqnozlaşdırılan olacaq. Tarixi təcrübə də bunu təsdiqləyir. 1951-ci ildə yaradılan Avropa Kömür və Polad Birliyi – sonradan Aİ-yə çevrilən inteqrasiyanın əsası – məhz iqtisadi qarşılıqlı asılılıq vasitəsilə Fransa ilə Almaniya arasında müharibə riskini azaltmaq məqsədi daşıyırdı. Yəni Avropa inteqrasiyasının özü iqtisadi layihələrin sülh yaratmaq potensialı üzərində qurulmuşdu. Brüssel bu təcrübəni Cənubi Qafqazda da tətbiq etməyə çalışır: kommunikasiyalar açıldıqca, ticarət və investisiyalar artdıqca, münaqişə ehtimalının azalacağına inanır.

* * *

Beynəlxalq münasibətlərdə bir prinsip var: dövlətlərin siyasəti dəyişə bilər, lakin coğrafiyanın diktə etdiyi maraqlar asanlıqla dəyişmir. Cənubi Qafqaz bunun ən yaxşı nümunələrindən biridir. XIX əsrdə Böyük Britaniya ilə Rusiya imperiyası arasında “Böyük oyun”un əsas məqsədi Hindistana gedən yollar üzərində strateji üstünlük əldə etmək idi. XX əsrin əvvəllərində isə regionun geosiyasi əhəmiyyətinə yeni amil əlavə olundu – Bakı nefti. Təsadüfi deyil ki, Birinci Dünya müharibəsinin son mərhələsində – 1918-ci ildə Osmanlı, Böyük Britaniya, bolşevik Rusiyası və yerli siyasi qüvvələrin maraqları Bakıda toqquşdu.

İkinci Dünya müharibəsində də Azərbaycanın geostrateji əhəmiyyəti yenidən ön plana çıxdı. Almaniyanın 1942-ci ildə həyata keçirdiyi “Edelveys” əməliyyatı təsadüfi olaraq Qafqaza yönəlməmişdi. Hitlerin məqsədi yalnız Sovet ordusunu cənubdan sıxışdırmaq deyil, Bakı neftinə çıxış əldə etmək idi. Alman Baş Qərargahının sənədlərində Qafqaz neftinin ələ keçirilməsi müharibənin taleyini dəyişə biləcək strateji məqsəd kimi qiymətləndirilirdi. Soyuq müharibə dövründə Cənubi Qafqaz SSRİ-nin cənub sərhədlərinin təhlükəsizlik zolağına çevrildi. Region uzun müddət qlobal iqtisadi layihələrin deyil, hərbi-siyasi qarşıdurmanın tərkib hissəsi oldu.

Bu gün Ursula Fon der Lyayenin Bakıya səfərini məhz bu tarixi ardıcıllıqda qiymətləndirmək lazımdır. Aİ Azərbaycanın geosiyasi əhəmiyyətini yaratmır. Brüssel son iki əsrdə müxtəlif formalarda özünü göstərən bir reallığı qəbul edir: Avrasiya məkanında yolların istiqaməti dəyişəndə Cənubi Qafqaz yenidən böyük siyasətin mərkəzinə çevrilir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət