Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər

ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsinin alimlərinin rəhbərliyi ilə aparılan və Nature Medicine jurnalında dərc olunan "Biological aging and generational shifts in early-onset cancer risk" ("Bioloji qocalma və erkən yaşlarda xərçəng riskində nəsillərarası dəyişikliklər") adlı elmi araşdırma gənc yaşlarda xərçəng hallarının artmasının mümkün səbəblərindən birinə işıq salıb.

154 mindən çox iştirakçının məlumatlarının təhlili əsasında aparılan tədqiqat göstərib ki, sürətlənmiş bioloji qocalma erkən yaşlarda bəzi bərk toxuma mənşəli xərçəng növlərinin yaranma riski ilə əlaqəli ola bilər. Alimlər müəyyən ediblər ki, sonrakı nəsillərdə bioloji qocalma göstəriciləri əvvəlki nəsillərlə müqayisədə daha yüksəkdir və bu hal xüsusilə ağciyər, mədə-bağırsaq sistemi, kolorektal və uşaqlıq xərçəngi riskinin artması ilə əlaqələndirilir.

Tədqiqat müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr bioloji qocalma ilə erkən yaşlarda xərçəng arasında statistik əlaqəni göstərir, lakin bunun birbaşa səbəb-nəticə münasibəti olduğunu sübut etmir. Onların fikrincə, əlaqənin dəqiq mexanizmlərinin müəyyənləşdirilməsi üçün əlavə elmi araşdırmalara ehtiyac var.

Mütəxəssislər hesab edirlər ki, müasir həyat tərzi, qeyri-sağlam qidalanma, piylənmə, fiziki passivlik, xroniki stress, yuxu pozuntuları və ətraf mühit amilləri bioloji qocalmanın sürətlənməsinə təsir göstərə biləcək faktorlar sırasındadır. Bununla belə, alimlər bu amillərin təsir dərəcəsinin də gələcək tədqiqatlarla daha dəqiq qiymətləndirilməsinin vacibliyini bildirirlər.

Araşdırma müəlliflərinin qənaətinə görə, bioloji qocalmanın qiymətləndirilməsi gələcəkdə erkən risk qruplarının müəyyənləşdirilməsi, profilaktik tədbirlərin gücləndirilməsi və xərçəngin erkən diaqnostikası istiqamətində yeni imkanlar yarada bilər.

Nurəngiz Adilqızı
XQ

Dünya