Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Süni intellektin sürətlə geniş yayıldığı bir dövrdə gənclərin öz dilinə, milli mənəvi dəyərlərinə sahib çıxması çox önəmlidir.
XQ xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin müşaviri, tanınmış qazax yazıçısı Malik Otarbayev deyib.
M.Otarbayev Birinci Türkoloji Qurultayın 100 illiyinin məhz onun keçirildiyi tarixi binada qeyd olunmasının xüsusi rəmzi məna daşıdığını bildirib. O qeyd edib ki, bu tarixi məkanda Türk dünyasının görkəmli alim və ziyalılarının yüz il əvvəl bir araya gələrək ortaq gələcək naminə fikir mübadiləsi aparması bugünkü iştirakçılarda dərin qürur və məsuliyyət hissi yaradır.
“Bu tarixi binada olmaq, yüz il əvvəl Türk dünyasının ruhunu ucaldan böyük alim və ziyalıların burada toplaşaraq öz düşüncələrini bölüşdüklərini xatırlamaq bizi həmin dövrə aparır və fərqli duyğular yaşadır”, – deyə o bildirib.
Malik Otarbayev vurğulayıb ki, Qazaxıstandan da qurultayda iştirak etmiş görkəmli ziyalılar və alimlər türkoloji elmin inkişafına mühüm töhfələr veriblər. Onların irsi bu gün də Türk dünyasının ortaq elmi və mədəni sərvəti kimi yaşayır.
Prezidentin müşaviri qeyd edib ki, türk xalqlarının ortaq tarixinin, dilinin və mədəniyyətinin qorunub inkişaf etdirilməsi bugünkü alimlərin və tədqiqatçıların üzərinə böyük məsuliyyət qoyur.
O, sonda belə beynəlxalq elmi toplantıların Türk dünyası arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, ortaq mədəni irsin gələcək nəsillərə ötürülməsinə və yeni elmi əlaqələrin qurulmasına mühüm töhfə verdiyini vurğulayıb.

