Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasında istifadə olunan müasir texnoloji avadanlıqlar, geniş təcrübə qazanmış mütxəssislər və əldə olunan nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb. Ötən il itkin düşmüş şəxslərin axtarışında əməkdaşlıq üçün Ukrayna Səhiyyə Nazirliyinin müraciətinə cavab olaraq, genetik tədqiqatların aparılmasında metodiki kömək göstərilməsi, mütəxəssislər üçün təlim və treninqlərin keçirilməsinin mümkünlüyü Ukrayna tərəfinə bildirilib.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
O qeyd edib ki, laboratoriyada Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq qərarları əsasında çətin identifikasiya olunan bəzi nümunələr üzərində genetik ekspertizalar aparılması təmin edilib: "Azərbaycanda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların taleyinin müəyyənləşdirilməsi, onların hüquqlarının müdafiəsi və ailələrinə sosial-psixoloji dəstəyin göstərilməsi üçün uzun müddətdir ki, institutsional infrastruktur formalaşdırılıb. Yüksək texnoloji laboratoriyanın və DNT Məlumat Bankının da daxil olduğu vahid koordinasiya mərkəzinin mövcudluğu, milli qanunvericilik bazasının təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq və humanitar diplomatiya dövlətin humanitar prinsiplərə və milli maraqlara sadiqliyini əyani şəkildə nümayiş etdirir. Əmin olduğumu bildirmək istəyirəm ki, İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə əməkdaşlıq çərçivəsində keçirilən beynəlxalq konfrans humanitar böhranların nəticələrinin aradan qaldırılmasında, o cümlədən itkin düşmüş insanların taleyinin aydınlaşdırılmasında strateji platforma rolunu oynayacaq, müasir texnologiyalar və innovativ metodların tətbiqi sahəsində təcrübə və məlumat mübadiləsinin gücləndirilməsinə öz töhfəsini verəcək".

