UFC Fight Night Bakıda: 72 ölkə, 11 min azarkeş və tarixi gecə

post-img

Tam dolu arena, 72 ölkədən gələn azarkeşlər və Azərbaycan döyüşçülərinin uğurlu çıxışı UFC Fight Night: Fiziev vs. Torres turnirini Bakıda keçirilən ən yaddaqalan idman hadisələrindən birinə çevirdi.

Turnirə maraq ötən illə müqayisədə xeyli artmışdı. Biletlər rekord müddətdə tükəndi və iyunun 27-də Milli Gimnastika Arenasında boş yer qalmadı. Ümumilikdə 11 minə yaxın bilet satıldı. Onların təxminən 40 faizə yaxını xarici azarkeşlərin payına düşdü. Turnirə dünyanın 72 ölkəsindən azarkeşlər qatıldı. 

Bakının ardıcıl ikinci dəfə UFC turnirinə ev sahibliyi etməsi təsadüfi deyil. Dünyanın ən nüfuzlu idman təşkilatlarından biri olan UFC turnirlərinin böyük əksəriyyətini ABŞ-da keçirir. Xüsusilə Avropada belə turnirlərə çox az ölkə ev sahibliyi edir. Ardıcıl ikinci dəfə UFC Fight Night-a ev sahibliyi edən Bakı artıq London və Paris kimi şəhərlərlə birlikdə təşkilatın Avropa təqvimində mühüm yer tutur. Azərbaycan MDB məkanında, Mərkəzi Asiyada və Cənubi Qafqazda UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkə olaraq qalır. Asiyada isə UFC turnirləri yalnız Çin, BƏƏ, Qətər və Səudiyyə Ərəbistanında keçirilir.

UFC həyəcanı isə yalnız döyüş gecəsi ilə məhdudlaşmadı. Bakı demək olar ki, bütün həftə ərzində UFC ritmi ilə yaşayırdı, şəhərdə təşkil olunan bütün tədbirlər böyük maraqla qarşılandı. Döyüşçülərin qonaqlandığı otelin qarşısında günün müxtəlif saatlarında yüzlərlə azarkeş toplaşır, sevimli idmançılarını görmək, şəkil çəkdirmək və imza almaq üçün saatlarla gözləyirdi. Bəzi azarkeşlərin döyüşçülər üçün xüsusi hazırlanmış hədiyyə və suvenirləri də diqqətdən yayınmadı.

Dənizkənarı Bulvarda keçirilən Açıq Məşq minlərlə azarkeşi bir araya topladı, döyüşçülərin hər çıxışı böyük coşqu ilə qarşılandı. Turnirdən bir gün əvvəl baş tutan Təntənəli Çəkiölçmə və Üz-üzə Gəlmələr mərasimində də tribunalarda boş yer tapmaq olmurdu. Bütün bunlar UFC-yə Azərbaycanda marağın ildən-ilə artdığını və turnirin artıq ölkənin ən çox gözlənilən beynəlxalq idman hadisələrindən birinə çevrildiyini bir daha göstərdi.

Turnirin özü də azarkeşlərin gözləntilərini tam doğrultdu. UFC Fight Night çərçivəsində ümumilikdə 13 döyüş keçirildi və onların 9-u vaxtından əvvəl başa çatdı. Parlaq nokautlar, sabmişnlar və yüksək temp UFC-nin bu il keçirilən ən baxımlı və ən yaddaqalan turnirlərindən birinə çevirdi.

 

UFC Fight Night Azərbaycan MMA-sı üçün tarixi əhəmiyyət daşıdı. İlk dəfə, eyni UFC turnirində dörd azərbaycanlı döyüşçü oktaqona çıxdı. Onlardan üçü qələbə qazandı. Hazırda UFC-də artıq beş azərbaycanlı döyüşçü çıxış edir və Bakıda keçirilən turnirlərin yeni idmançıların təşkilata cəlb olunmasında mühüm rol oynadığı aydın görünür. 

UFC Fight Night: Fiziev vs. Torres həm təşkilati səviyyəsi, həm də tamaşaçı marağı ilə Bakının UFC təqvimində mövqeyini daha da möhkəmləndirdi. Turnir bir daha nümayiş etdirdi ki, Azərbaycan beynəlxalq döyüş idmanının ən vacib məkanlarından birinə çevrilmək yolunda inamla irəliləyir.

UFC Fight Night: Fiziev vs. Torres bir daha göstərdi ki, Azərbaycan dünyanın ən nüfuzlu idman təşkilatlarının etibar etdiyi ölkələrdən biridir. Bakı isə UFC təqvimində öz mövqeyini daha da möhkəmləndirdi.

 

 

 

 

 

 







































İdman