Bəzi qanunlarda tələb və qadağalar sərtləşdirilir
İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirildi. Gündəliyə 14 məsələ daxil edilmişdi. İlk olaraq “Metrik Konvensiya”ya qoşulmaq haqqında qanun layihəsi müzakirəyə çıxarıldı. Layihəyə əsasən, 1875-ci il mayın 20-də Parisdə imzalanmış “Metrik Konvensiya”ya ölkəmiz də qoşulur. Sözügedən konvensiya ölçü vahidlərinin beynəlxalq səviyyədə vahidləşdirilməsi məqsədilə qəbul edilmiş əsas beynəlxalq müqavilələrdən biridir.
Sənəd əsasında Beynəlxalq Ölçülər və Çəkilər Bürosu yaradılıb və hazırda dünyada ölçmələrin dəqiqliyinin, vahid standartların və Beynəlxalq Vahidlər Sisteminin tətbiqinin əsas hüquqi bazasını təşkil edir. "Metrik Konvensiya"ya qoşulmaq haqqında qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edildi.
Sonra “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi III oxunuşa çıxarıldı. Maliyyə naziri Sahil Babayev layihə ətrafında çıxış etdi. Nazir büdcədə yaranmış profisiti belə əsaslandırdı: “Ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4 faiz, proqnozdan isə 2,2 faiz çoxdur. Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 faiz çox, proqnozdan isə 6,8 faiz azdır.
İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45 faizini təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də büdcə təşkilatlarının öz xərclərini proqnozdan 2 milyard 803 milyon manat az icra etməsi ilə bağlı olub”.
***
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda edilmiş dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı. Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir. Platforma provayderləri tərəfindən dövlət qurumlarına bu barədə tələb olunan məlumatların vaxtında verilməməsinə və ya sorğuların 5 iş günü ərzində cavablandırılmamasına görə vəzifəli şəxslər 6 000 – 8 000 manat, hüquqi şəxslər isə 15 000 – 30 000 manatadək cərimələnəcək.
Bununla yanaşı, platformalarda təhlükəsizlik tədbirlərinin, o cümlədən yaşın yoxlanılması üçün texniki üsulların tətbiq edilməməsinə, azyaşlıların fərdi məlumatlarının reklam və kommersiya məqsədilə istifadəsinə, həmçinin zərərli məzmunların 24 saat ərzində silinməməsinə görə daha ağır sanksiyalar müəyyən edilib. Bu növ qayda pozuntularına görə vəzifəli şəxsləri 8 000 – 9 000 manat, hüquqi şəxsləri isə 35 000 – 40 000 manatadək cərimə gözləyir. Eyni xətalar bir il ərzində təkrar törədildiyi halda hüquqi şəxslər üçün cərimənin məbləği 50 000 manata qədər yüksələ bilər. Layihə səsvermələrdən sonra üçüncü oxunuşda qəbul edildi. Yeni qanun dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək.
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliklər layihəsi də son oxunuşda qəbul edildi. Yeni layihəyə əsasən, məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir. Hazırda əvvəlki yaşayış yerlərinə qayıtmaq üçün şəraitin yarandığı vaxtdan hesablanan 3 illik sosial müdafiə müddəti, yeni qaydaya görə, şəxslərin məcburi köçkün statusunu rəsmən itirdikləri gündən etibarən tətbiq olunacaq. Dəyişikliklərlə həmçinin məcburi köçkünlərin müstəqil şəkildə müvəqqəti məskunlaşması zamanı başqalarının hüquqları pozulduğu halda, onların mütləq "eyni yaşayış məntəqəsi daxilində" köçürülməsi şərti ləğv edilir. Bundan sonra icra qurumları onlara birbaşa başqa yaşayış sahəsi təklif edəcəklər.
***
İkinci oxunuşa təqdim edilən “Normativ hüquqi aktlar haqqında”, “Dövlət qulluğu haqqında” və “Media haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” və “Ümumi təhsil haqqında” qanun layihələrində ilk oxunuşda səsləndirilmiş fikirlər təsdiqləndi və son oxunuşa göndərilmək üçün müzakirəyə çıxarılaraq qəbul edildi.
"Psixiatriya yardımı haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, psixi sağlamlıq və müalicədən imtina ilə bağlı məlumatların vahid elektron sağlamlıq kartı sistemində saxlanılması və sistem vasitəsilə əldə edilməsi nəzərdə tutulur. Eyni zamanda, psixi pozuntu vəziyyətində olan şəxsin özünün və ya ətrafındakıların təhlükəsizliyini qorumaq məqsədilə, onun və ya qanuni nümayəndəsinin razılığı olmadan da psixiatriya müayinəsinin aparılmasına dair yeni hüquqi mexanizmlər yaradılır.
Dəyişikliklərlə, həmçinin məhkəmə qərarınadək qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilmə barədə qərar qəbul edildikdə, həmin şəxsin yaxın qohumlarının, qanuni nümayəndələrinin, prokurorun və aidiyyəti vəzifəli şəxslərin dərhal məlumatlandırılması tələbi qoyulur. Bundan başqa, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilmiş və təhlükə yaradan şəxslərin digər pasiyentlərdən təcrid olunaraq müalicə edilməsi, eləcə də məcburi hospitalizasiya zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı qanuna yeni müddəalar əlavə edilir.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, dəyişiklik siyasi məqsəd daşımır və cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, ağır psixi böhran keçirən, özünə və ya ətrafındakılara təhlükə yaradan şəxslərlə bağlı dövlətin müdaxilə etməməsi məsuliyyətdən yayınmaq anlamına gələ bilər: “Psixi pozuntunun olub-olmamasını yalnız həkim-psixiatr müəyyən edir, qeyri-könüllü hospitalizasiya isə məhkəmənin qərarı ilə həyata keçirilə bilər. Ümumiyyətlə, oxşar mexanizmlər Böyük Britaniya və Fransa kimi demokratik ölkələrin qanunvericiliyində də mövcuddur. Həmin ölkələrdə təcili hallarda inzibati orqanların təşəbbüsü ilə psixiatriya müayinəsi başlanıla bilər, lakin yekun tibbi qərarı müstəqil həkimlər verir”. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.
***
Onlayn qumar oyunlarının təşkili və keçirilməsinə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan Cinayət Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Yeni layihəyə əsasən, qumar oyunlarının internet, mobil tətbiqlər və sosial şəbəkələr üzərindən virtual formada təşkili, həmçinin bu prosesə azyaşlıların cəlb edilməsi və xeyli miqdarda gəlir əldə olunması hallarına görə cinayət məsuliyyəti gücləndirilir. Cari qanunvericilikdə 10-15 min manat olan sabit cərimə əvəzinə, bundan sonra qanunsuz fəaliyyətdən əldə edilmiş gəlirin iki mislinədək cərimə tətbiq olunacaq, eləcə də 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası veriləcək.
Əməlin mütəşəkkil dəstə tərəfindən törədilməsi və külli miqdarda gəlir gətirməsi halında isə cəza müddəti 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə əvəzlənəcək. Layihədə, həmçinin qumar oyunlarının təşkili, keçirilməsi və ya qumarxana saxlanılması əməllərinin təkrar törədilməsinə görə də sanksiyalar ağırlaşdırılır. Mövcud qanundakı 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasının alt və üst həddi dəyişdirilərək, bu növ cinayətlərə görə birbaşa 5 ildən 8 ilədək müddətə həbs cəzasının verilməsi təklif olunur.
Bununla da parlamentin plenar iclası sona çatdı.
Tacir SADIQOV
XQ

