Qarabağda biabırcasına uduzan işğalçını “qəhrəmana” çevirməklə “Rossiya 1” telekanalı nə demək istəyir?
Sərlövhənin altındakı sualın cavabı Rusiyanın dövlət telekanalında – “Rossiya 1”də yayımlanan reportajın alt-motivində gizlənir. Ukraynada davam edən “xüsusi hərbi əməliyyat” Kremlin nəzarətində olan elektron mediaya yeni “yaradıclıq tapıntıları” verir. Bu günlərdə “Rossiya-1” federal telekanalında yayımlanan reportajda, bu sözün hərfi mənasında, hərbi cinayətkarlar “qəhrəman” obrazında tərənnüm edilir, onların timsalında üçüncü tərəfə siyasi mesaj göndərilir.
Biz “üçüncü tərəf” deyəndə Azərbaycanı, “qəhrəman” yazanda isə İkinci Qarabağ savaşında uduzmuş Ermənistan ordusunun bu gün Rusiya tərəfdən Ukraynaya qarşı vuruşan hayları nəzərdə tuturuq. Reportajda Cənub Qüvvələr Qrupunun tərkibində fəaliyyət göstərən bölmələrin “şücaətindən” bəhs edilir.
Süjetdə tamaşaçılar soyadı və milliyyəti açıqlanmayan “Maraqa” ləqəbli döyüşçü ilə tanış olurlar. Və bu zaman reportajın müəllifləri izləyicilərə çox mühüm “ipucu” verirlər: “Maraqa” ilk dəfə əlinə silahı Qarabağ müharibəsi zamanı, 14 yaşında alıb. Bu, olduqca önəmli detaldır. Yəni Azərbaycan ərazilərinin işğalında iştirak etmiş, hazırda Ukrayna torpaqlarını qəsb edən başqa bir işğalçı dövlətin ordusunun tərkibində döyüşən şəxsin erməni olduğuna şübhə yeri qalmır. Rusiyanın dövlət televiziyası “hərbi karyerasını” yad torpaqların işğalı əməliyyatlarında keçirmiş, başqa sözlə, “cəbhədən cəbhəyə” adlamış əsgəri düşünülmüş şəkildə romantik “qəhrəmana” çevirir.
Ardınca tamaşaçılara ikinci erməninin “qəhrəmanlığı” təqdim edilir. “Mühəndis” də hərbi “səyahətinə” Qarabağda, 30 il Ermənistanın işğalı altında olan Azərbaycan ərazisində başlayıb. Siması efir “dumanına” bürünsə də, ləhcəsi etnik mənşəyini büruzə verir. İstehkamçı “Mühəndis” deyir ki, o, “yaşayış binalarını minalardan təmizləyir, bununla da insanların təhlükəsizliyini bərpa edir”.
“Rossiya 1”in bu məkrli reportajında güdülən məqsəd aydındır. Müəlliflər bir-birindən köklü şəkildə fərqlənən iki münaqişəni – keçmiş Ermənistan–Azərbaycan və indiki Rusiya–Ukrayna münaqişələrini “qəhrəman” hay əsgərlərinin cəbhə “şücaətləri” fonunda müqayisəyə cürət edirlər.
Reportajın ən maraqlı personajı isə Rusiya tərəfində döyüşdüyünə görə Ermənistan hakimiyyəti tərəfindən təqib edilən “Moska” ləqəbli döyüş mühəndisidir. Görün dövlət telekanalında kök salmış anti-Azərbaycan ideoloqları onu tamaşaçıya necə təqdim edirlər: “müttəfiqə sədaqətə görə cəzalandırılıb”. “Moska” isə vətəndaşı olduğu Ermənistanın özünə qarşı “ədalətsizliyini” Ukraynaya qarşı vuruşmaqla “bərpa edirmiş”. Məgər bu faktın özü Moskvanın xarici muzdluların Rusiya tərəfində hərbi əməliyyatlarda iştirakına haqq qazandırmaq cəhdi deyilmi? Bu muzdlu hayların mundirində “Artsax” rəmzləri əks etdirən yamaqların nümayişi isə birbaşa Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı yönəlmiş diplomatik jest sayıla bilər. Daha doğrusu, bu, efirdən məqsədyönlü şəkildə nümayiş etdirilən siyasi təxribatdır. Aydın məsələdir ki, bu reportaj təkcə daxili auditoriyada vətənpərvərlik hisslərini “gücləndirməyə” deyil, kənar müşahidəçilərə yönəlmiş birbaşa siyasi siqnaldır.
Bəli, Bakı birinci dəfə deyil Rusiyanın hökumətyönlü mediasında aşkar qərəzli və təxribat xarakterli informasiyalarla qarşılaşır. Konkret bu halda isə məntiqli sual yaranır: “Rusiyanın dövlət kanalı bu reportajı yayımlamaqda hansı məqsədi güdür?” Yəqin “Rossiya-1” telekanalının siyasi cəhətdən yetkin rəhbərliyi bu tip xəbərlərin rəsmi Moskvanın siyasi xəttinə zidd olduğunu başa düşməmiş deyillər. Axı onların Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin bu yaxınlarda dediyi “Moskva Bakı ilə əlaqələrin bütün spektrinin daha da inkişafına əsaslı şəkildə sadiqdir” – kimi açıqlamasından da xəbərləri var. Əslində, süjet xətti və məzmunu Kremlin Bakıya yönəlik siyasəti ilə daban-dabana zidd reportajı efirə buraxanlar barədə müvafiq ölçü götürmək Rusiya rəsmilərinin öhdəsinə düşür. Bu zaman Moskva isteblişmenti Azərbaycanın bu cür siyasi təxribatlara cavab vermək hüququnu özündə saxladığı amilini də unutmamalıdır. Rəsmi Bakının cavabı isə bundan daha kəskin və tutarlı ola bilər.
Sonda isə oxucularımıza onu xatırlatmaq istəyirik ki, “Rossiya 1”in “qəhrəmana” çevirməyə çalışdığı həmin istehkamçı haylar Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində 10 mindən çox fərarisi olan bir ordunun əsgərləridir...
İmran BƏDİRXANLI
XQ

