Kitabxanalar isə bu xəzinəni qoruyan bilik bankıdır
“Kitabsız bir ömrün nə mənası var?” Həqiqətən də, bu xəzinədən məhrum qalan ruh elə öz can evində qəribsəyir. Bu xəzinənin keşiyində dayanan insanların fəaliyyəti cəmiyyətə mənəvi zənglinlik gətirir. Belə ziyalılarımızdan biri də Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru, fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır. Onunla müasir dövrdə yazıçılıq, kitabxanaçılıq sənətinin çətinliklərindən, müəllif hüquqlarının toxunulmazlığından, ədəbiyyatın insan ruhunu saflaşdırma gücündən danışdıq.
– Lətifə xanım, siz vaxtilə elektron kataloqların və kitabxanaların, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın, kitabxana saytlarının yaranmasına böyük dəstək göstərmisiniz.
– İnsan sevib-seçdiyi sənətindən güc alanda zamanın çağırışlarını da hamıdan əvvəl hiss edir. Mədəniyyət Nazirliyinin, sonra isə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektoruna rəhbərlik etdiyim illərdə dünya sürətlə rəqəmsal müstəviyə keçirdi. Yaxşı başa düşürdüm ki, mənəvi xəzinəmiz, ədəbiyyatımız virtual məkanda da öz yerini almasa, gələcək nəsilləri mənən itirə bilərik. Elə bu məsuliyyətlə də ölkədə ilk elektron kitabxanaların və elektron kataloqların qurulmasına rəhbərlik etdim. “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nı, “Azərbaycanın kitab abidələri”nin reyestrini yaratmaq əməyimin ən gözəl bəhrəsi oldu.
Qısa zaman kəsiyində ölkənin 64 şəhər və rayon mərkəzləşdirilmiz kitabxana sisteminin hər birinin özəl veb-saytlarını yaratdıq. Dünyanın dörd bir yanına səpələnmiş Quba dağ yəhudiləri Amerikadan, İsraildən, Rusiyadan zəng vurub Quba kitabxanasının saytını izlədiklərini deyirdilər. Eyni zamanda, ləzgilər, avarlar, o cümlədən Avropada, Türkiyədə, ABŞ-da yaşayan soydaşlarımız Lənkəran, Qusar, Qazax, Gəncə, Zaqatala, İsmayıllı, Qəbələ, Qax, Lerik və Gədəbəyin virtual pəncərələrini fəxrlə seyr edir, təklif və arzularını bidirirdilər.
Ardınca respublika üzrə 58 şəhər və rayonda elektron kataloqlar yaratdıq. Bakıda qurduğumuz xüsusi veb mərkəz sayəsində elektron kataloq və elektron kitabxanalar gecə-gündüz işləyirdi. Sonra işin ikinci mərhələsinə keçdik, 20-yə yaxın kitabxanada tam elektron kitabxana modelini tətbiq etdik. “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda isə 10 minə yaxın elektron kitab yerləşdirdik. Təəssüf ki, sonradan bu işlər yarımçıq qaldı. Nazirlik yenidən təşkil olunanda kitabxana sektoru ixtisara düşdü. Bu gün kütləvi kitabxanaların virtual məkanına baxsanız, çox acınacaqlı mənzərə ilə qarşılaşarsınız: həmin saytlardan, elektron kataloqlardan, elektron kitabxanalardan əsər-əlamət qalmayıb.
UNESCO-nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan Komitəsinin keçmiş sədri, eləcə də 5 kitabın, kitabxana-informasiya sahəsinə dair 50-dən çox məqalənin müəllifi kimi ölkəmizdə kitabxana-informasiya səhəsinin inkişafında Prezident İlham Əliyevin 2004–2008-ci illərdə kitabxanaların inkişafına səbəb olan 5 tarixi sərəncam imzalamasının tarixi önəmini də qeyd etmək istəyirəm. Bu qərarlardan sonra bütün kitabxanalara latın qrafikasında böyük tirajla nəşr olunan Azərbaycan və dünya ədəbiyyatı nümunələri, lüğət və ensiklopediyalar, uşaq ədəbiyyatı və s. nəşrlər verildi. Bu sahədə ilk Dövlət Proqramı uğurla həyata keçirildi.
– Təcrübəli kitabxanaçı kimi bölgələrin mənəvi xəzinəsinin qorumasında kitabxanaların durumunu necə qiymətləndirirsiniz?
– Bu gün Milli Kitabxanamızın 5 milyon nüsxədən ibarət nəhəng fondu var. Lakin bölgələrimizin, rayonlarımızın daxili mühitini əks etdirən diyarşünaslıq ədəbiyyatı yox səviyyəsindədir. Bax, əsl problem də elə buradadır. Hər bir şəhər və rayonun özünəməxsus kitabxana fondu var. Biz vaxtilə elektron kataloqları yaradanda məhz həmin yerli ədəbiyyatı, unudulmuş bölgə yaradıcılığını mərkəzləşdirib rəqəmsal dünyaya çıxarmağa çalışırdıq. Çünki informasiya texnologiyaları əsrində bu yerli bazalar dövlət, tarix və gələcək üçün çox böyük strateji əhəmiyyət kəsb edir.
Böyük dövlətlərin kəşfiyyat strukturları, strateji araşdırma mərkəzləri, milləti, coğrafiyanı öyrənmək, zəif və güclü tərəflərini kəşf etmək üçün şəhər və rayonların yerli qəzetlərinə, yerli yazarların əsərlərinə müraciət edir, ayrı-ayrı regionlarda yaşayan insanların mentalitetini, psixologiyasını araşdırırdılar. Onlar yazılardan oxuyub təhlil edirdilər ki, bu xalqın daxili xüsusiyyətləri nədən ibarətdir, gələcəkdə hansı regionda hansı meyillər baş qaldıra bilər.
– Sizcə, süni intellekt kitabın ruhunu və kitabxanaçının intellektual vasitəçilik missiyasını əvəz edə bilərmi?
– Maşın texniki işləri insandan daha tez, daha keyfiyyətli və qüsursuz görür. Əgər bir kitabxanada AKİS (Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi) varsa, süni intellekt orada möcüzələr yarada bilər.
Süni intellektin hava və su kimi lazım olduğu digər bir texniki sahə rəqəmsallaşma prosesidir. Kitablar skanerdən keçiriləndə mətndə mütləq müəyyən təhriflər, hərf qaçmaları, abzas səhvləri yaranır. Bəli, süni intellekt bizim ən böyük köməkçimizdir, amma heç bir zaman təbii intellektin yerini tuta bilməz. Bizim əsl missiyamız təbii intellekti inkişaf etdirmək və qorumaqdır. Bu isə kitabxanaların üzərinə düşür.
– Hazırda Azərbaycanda kitabxana fondlarının rəqəmsallaşdırılması xarici ölkələrlə müqayisədə bir qədər zəifdir.
– Bu gün bütün dünyada arxivlər, kitabxanalar sürətlə rəqəmsallaşdırılır. Bizdə bu proses xarici dövlətlərlə müqayisədə çox zəifdir. Çünki xaricdə bu işləri nəhəng maliyyə tutumlu robotlaşdırılmış texnikalar, sürətli skanerlər həyata keçirir. Bizdə isə belə yüksək texnologiyalar, hələ ki, yalnız Prezident Kitabxanasında və Milli Kitabxanada var. Həm də kor-koranə rəqəmsallaşmanın eyforiyasına qapılmaq olmaz. Məsələn, XIV və XV əsrlərə aid nadir kitablarımızı, əlyazmalarımızı rəqəmsal müstəviyə köçürmək çox çətindir, onların zədələnməsi qətiyyən yolverilməzdir. Bu tip unikal mənbələrin qorunmasında əsas prinsip onların fiziki bütövlüyünü və toxunulmazlığını təmin etməkdir.
Məsələn, Avstriya Milli Kitabxanasının fondunda dahi Nizami Gəncəvinin “Xəmsə”sinin nadir nüsxəsi mühafizə olunur. Avropalı mütəxəssislər o əlyazmanı yüksək intensivlikli şüalanmadan qoruyurlar. Çünki rəqəmsallaşma cihazlarının yaydığı istilik və şüa dalğaları əsrlərin sınağından keçmiş perqamentin, kövrək kağızın strukturunu pozur, qədim mürəkkəbin və miniatürlərin tərkibindəki təbii piqmentləri parçalayaraq onların geridönməz şəkildə deqradasiyasına səbəb olur.
Müəllif hüquqlarının qorunması məsələsi də rəqəmsallaşma prosesinin hüquqi tərəflərini təşkil edir. Təbii ki, mən dahi Nizaminin, Füzulinin, yaxud Nəsiminin əsərlərindən bəhs etmirəm, çünki onların üzərindən əsrlər keçib. Lakin qanunvericiliyə görə, müəllifin vəfatından sonra 75 illik möhlət keçməyibsə və ya müəllif özü həyatdadırsa, onun rəsmi icazəsi olmadan əsərlərinin elektron formata salınması yolverilməzdir.
Hətta bəzi müasir müəlliflər əsərlərinin rəqəmsallaşdırılmasına etiraz edirlər. Səbəbini soruşduqda haqlı arqument irəli sürürlər: “Mən bu kitabları satıram və ailəmi, həyatımı məhz bu yaradıcılığın gəliri ilə dolandırıram. Əgər mənim əsərim rəqəmsal müstəviyə keçib hamı üçün əlçatan olsa, təbii ki, heç kəs gedib onun çap variantını pulla almayacaq”. Amma müəlliflərə elektron nüsxənin vacibliyini izah etmək lazımdır.
Təsəvvür edin ki, hər hansı bir nəşriyyat bu günə qədər heç yerdə işıq üzü görməmiş əlyazmanı – məsələn, Cəlaləddin Ruminin, Nəsirəddin Tusinin və ya dahi Ömər Xəyyamın əsərini tapıb ilk dəfə çap edir. Təbii ki, ortada varis yoxdur, müəllif hüququ müddəti çoxdan bitib. Lakin qanunvericiliyə görə, həmin əsəri ilk dəfə elmi dövriyyəyə buraxıb nəşr edən qurum müəlliflik hüququna bənzər xüsusi bir imtiyazı öz üzərinə götürmüş olur.
Belə məqamlarda həmin nəşriyyatlar o əsərin rəqəmsallaşdırılmasına birmənalı olaraq icazə vermirlər. Ona görə də rəqəmsal kitabxanalar yaradılanda texniki çətinlikləri, müəlliflərin fikirlərini və nəşriyyatların hüquqlarını nəzərə almaq lazımdır.
– Sizə sevimli işinizdə yeni uğurlar arzulayırıq!
Müsahibəni apardı:
Fidan ƏLİYEVA
XQ

