I Türkoloji Qurultayın 1926-cı ildə nəşr olunmuş stenoqramında adları yer almayan, amma bu elmi-mədəni mühitdə mühüm rol oynamış bir sıra şəxslər olmuşdur. Filologiya elmləri doktoru, professor Asif Rüstəmli qurultay iştirakçılarına həsr etdiyi araşdırmalarının birində vurğulayır ki, Cəfər Cabbarlının adı rəsmi nümayəndələr siyahısında yer almasa da, bu mötəbər toplantıda çox yaxından iştirak etmişdir. Alim bu fikrini Cəfər Cabbarlının adına tərtib olunmuş və hazırda Azərbaycan Dövlət Teatr Muzeyində qorunan rəsmi sənədlə əsaslandırıb.
“Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan bu qənaəti daha da genişləndirərək adları stenoqramda olmayan, lakin qurultayda fəal iştirak edən bir sıra digər simaları da həmin sıraya daxil edir. Hətta onun qənaətinə görə, rəsmi siyahılarda adı göstərilməsə də, qurultayın faktiki iştirakçıları sırasında Hüseyn Cavid də olub. O bildirir ki, 2003-cü ildə Hüseyn Cavidə həsr olunmuş “Səma şairi” sənədli filminin ssenarisi üzərində işləyərkən Bakı Türkoloji Qurultayına dair ayrıca epizodun filmə daxil edilməsini zəruri hesab edib və bu məqsədlə kinoxronika materiallarına baxış keçirilib. Baxış zamanı filmin məsləhətçisi Turan Cavidlə birlikdə izlənən kadrda iclas zalında ikinci sırada əyləşən şəxsin məhz Hüseyn Cavid olduğunu Turan Cavid qəti şəkildə təsdiqləyib.
Əziz Şərif qurultayın açılış gününü yada salarkən qeyd edir ki, iclas zamanı Hüseyn Cavid onun yanında əyləşmişdi və o, həmin gün Mirzə Cəlil, Sultan Məcid Qənizadə və digər tanınmış ziyalılarla da görüşmüşdü.
Beləliklə, rəsmi sənədlərdə adları yer almasa da, həm xatirə mənbələri, həm də vizual materiallar Hüseyn Cavidin, eləcə də Cəlil Məmmədquluzadənin Bakı Türkoloji Qurultayında iştirak etdiyini aydın şəkildə göstərir.
Stenoqramda adları olmayan Əli Yusifzadə və atası Mirzə Cəlal da I Türkoloji Qurultayın iştirakçılarından olublar. Əli Yusif katib kimi, atası Mirzə Cəlal isə tərcüməçi qismində fəaliyyət göstərmişlər. Hətta araşdırmalarda xüsusi vurğulanır ki, məhz Əli Yusifzadə qurultay iştirakçıları arasında sovet repressiya mexanizminin ilk qurbanı sayılır. Qurultay başa çatdıqdan cəmi üç gün sonra – 1926-cı il martın 8-də Azərbaycan Fövqəladə Komissiyasının əməkdaşı Vasinin göstərişi ilə Əhməd Hacınski, Dadaş Həsənov və Əli Yusifzadənin mənzillərində axtarış aparılmış və onlar həbs olunmuşlar. İstintaq 1927-ci il fevralın 28-də yekunlaşmışdır. Əli Yusifzadə və bir sıra digər ziyalılara əvvəlcə güllələnmə hökmü çıxarılmışdır. Sonradan isə bu hökm 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir.
Solovki düşərgəsində saxlanıldıqları dövrdə Maksim Qorkinin həyat yoldaşı ilə birlikdə düşərgəyə səfəri zamanı məhbuslar ona gizli məktub çatdıra bilmiş, məktub Stalinə təqdim edilmiş və nəticədə düşərgədəki rejim müəyyən dərəcədə yumşaldılmışdır. 1935-ci ilin yanvarında azadlığa buraxılan Əli Yusifzadəyə Azərbaycana qayıtmağa icazə verilməmiş, Özbəkistana göndərilmişdir. Lakin 1937-ci ildə repressiyaların yeni mərhələsi zamanı Daşkənddə yenidən həbs edilmiş və həmin ilin 18 avqustunda güllələnmişdir.
İstər-istəməz sual yaranır: Əli Yusiflə yanaşı, adları çəkilən digər şəxslər kimlər olmuşlar? Atası Mirzə Cəlal məlumdur – o, Şuşada anadan olmuş, azərbaycanlı şair, yazıçı və redaktordur. O, “Fərhad və Şirin” operasının müəlliflərindən biri, həmçinin tacik dilində çap edilmiş ilk qəzetin naşiri və redaktorudur. Azərbaycan Cümhuriyyəti Milli Şurasının və Difai Partiyasının üzvü olmuş, “Həyat”, “İrşad”, “Tazə həyat”, “İttifaq”, “Hilal”, “Asari-həqiqət”, “Sədayi-həqq” kimi qəzetlərdə “C. C. Y”, “Cəlal Qarabaği”, “Cəlal Yusifi” və “Mirzə Cəlal Yusifzadə” kimi imzalarla çıxış etmişdir.
I Türkoloji Qurultayda isə o, yalnız tərcüməçi qismində fəaliyyət göstərmiş və adı rəsmi iştirakçı siyahısında yer almamışdır. Bu isə göstərir ki, bəzi önəmli şəxslərin qurultaya töhfəsi rəsmi sənədlərdə əks olunmasa da, onların rolu və iştirakı tarixi faktdır.
Bəs digər 2 iştirakçı – Əhməd Hacınski və Dadaş Həsənov kim idilər? Dadaş Həsənov haqqında məlumatlar olsa da, Əhməd Hacınski isə tam bir sirr olaraq qalır. Qurultay iştirakçılarından biri kimi tarixdə izi var, amma onun qurultaydakı fəaliyyəti haqqında dəqiq məlumat yoxdur. Soyadı ilk olaraq Azərbaycan Cümhuriyyətinin poçt-teleqraf naziri Camo bəy Hacınski və parlamentin katibi Mehdi bəy Hacınski adlarını xatırladır. Düzdür, onlar doğmaca qardaş idilər, amma Əhməd Hacınskinin onlarla qohumluğu barədə heç bir məlumat yoxdur.
İllər əvvəl keçirilmiş bir aksion elanında Əhməd Hacınskinin adına rast gəlinir, elanda məşhur jurnalist Yuri Libedinskinin “Həftə” adlı povestinin repressiya qurbanı Əhməd Hacınskinin tərcüməsində nəşr olunmuş nadir kitabın satışa çıxarıldığı qeyd edilmişdi. Məlumata görə, həmin nəşrin adı “Həftə”, müəllifi Yuri Libedinski, tərcüməçisi isə Əhməd Hacınskidir. Kitab 1925-ci ildə Bakıda nəşr edilmiş, 26 səhifə həcmindədir və Azərbaycan dilində, ərəb qrafikalı (əski yazı) ilə çap olunmuşdur. Aksionda təqdim edilən məlumata əsasən, bu nəşr nadir tapılan kitablardan hesab olunur və erkən sovet dövrü Azərbaycan nəşr mədəniyyəti baxımından xüsusi əhəmiyyət daşıyır. Həmçinin bildirilir ki, kitabın fiziki vəziyyəti yaxşıdır və aksion zamanı onun ilkin satış qiyməti 1 manat olaraq müəyyənləşdirilib.
Bu, sanki unudulmuş, görünməyən qəhrəmanlar həmin 8 günün sehrli atmosferinə öz töhfələrini vermiş, amma adları tarixin səhifələrinə yazılmamışdır. Arxiv və mətbuat səhifələrində, eləcə də qurultay nümayəndələrinin xatirələrində I Türkoloji Qurultayın son anları belə təsvir olunur:
“Gecə saat 10:15-dir. İsmailiyyə Mədəniyyət Sarayının parlaq işıqları şəhəri bürüyür, geniş pəncərələrdən türk xalqlarının birliyinin sədaları yayılan dalğalar kimi axır. Burada toplanan hər bir nümayəndə səkkiz gündür ki, sanki bir ailənin üzvləri kimi mehribanlıq və səmimiyyət içindədir. Hər kəs ana dilində danışır, ürəyindəki sözləri, əsrlər boyu daşıdığı problemləri açıq və ehtiramla paylaşır. Tarixin qədim qatlarından gələn türk xalqları heç vaxt belə bir araya gəlməmiş, qəlblərində yığdıqları yükü bir-birinə belə səmimi şəkildə açmamışdılar…
600 nəfərin birlikdə oxuduğu “İnternasional”, sanki türk birliyinin ilk nəfəsi, ilk himni kimi səslənirdi – ürəklərdə titrəyən, gələcəyə ümid və bağlılıq toxumlarını səpən bir ahəng...”
Bu hiss-həyəcan dolu anların fonunda diqqəti çəkən başqa bir təfərrüat da var: rəsmi dəvət alan 131 nümayəndə ilə başlayan qurultay, son günündə 600 nəfərin iştirakı ilə yekunlaşır. Bu, türk birliyini göstərən ən təsirli nümunələrdəndir. Demək ki, adları rəsmi siyahılarda olmayan onlarca alim, yazıçı və Türk dünyasının dəyərləri də bu böyük tarixdə iştirak etmiş, öz səsini, enerjisini və ürəkdən gələn dəstəyini qurultayın ruhuna qatmışlar...
Namiq QƏDİMOĞLU
XQ


