Bu ildən tələbələrin xarici dil biliyi APTIS sistemi ilə qiymətləndirilir
Britaniya Şurası (British Council) ölkəmizdə tələbələrin ingilis dili biliyinin yekun qiymətləndirilməsini ilk dəfə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq səviyyədə tanınan APTIS sistemi əsasında apardı.
İmtahanın ilk günündə ali məktəbin rektoru, professor Ədalət Muradov, Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və media nümayəndələri yeni qiymətləndirmə prosesini izlədilər, tələbələrin təəssüratını öyrəndilər.
Media nümayəndələrinə açıqlamasında Ədalət Muradov bildirdi ki, ali məktəbdə xarici dil fənni 2 il tədris olunur, dinləmə, oxuma, yazma və danışıq bacarıqlarını əhatə edir: “Bu ildən II kurs tələbələrinin xarici dil biliyinə APTIS formatında qiymət verilməsi qərara alınıb. Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə tətbiq edilən bu model əldə olunan nəticələrin xaricdə də tanınmasına imkan yaradacaq. Minimum B1 səviyyəsində nəticə göstərən tələbələr imtahandan keçmiş hesab olunacaq və beynəlxalq səviyyədə tanınan APTIS sertifikatı əldə edəcəklər”.
Ali məktəb rəhbəri qeyd etdi ki, bu yenilik Azərbaycan, rus və türk dillərində təhsil alan tələbələrin də ingilis dili səviyyələrinin yüksəldilməsinə xidmət edəcək. Ölkədə ən güclü ingilisdilli kafedra İqtisad Universitetində fəaliyyət göstərir. 117 xarici dil müəlliminin əksəriyyətinin beynəlxalq xarici dil sertifikatı var. Növbəti tədris ilindən tələbələrə ingilis dili fənnini eyni müəllim tədris edəcək, bununla eyni zamanda tələbələrin və müəllimlərin də uğurunu izləmək mümkün olacaq.
Məzunlarının rəqabətqabiliyyətli olmasında xarici dil biliklərinin önəmini vurğulayan Ədalət Muradov daha sonra dedi ki, əsas məqsədlərdən biri tələbələrin xarici mübadilə proqramlarında iştirakına, nüfuzlu ali təhsil müəssisələrində magistratura təhsili almalarına üstün imkan yaratmaq, tanınmış xarici professorları universitetə cəlb etməkdir: “Universitetdə tələbələrin xarici dili mükəmməl öyrənməsinə yüksək önəm verilsə də, əsas hədəf Azərbaycan dilində yüksək keyfiyyətli təhsil verən universitet modelini formalaşdırmaqdır”.
Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva isə jurnalistlərə bildirdi ki, İqtisad Universitetində APTIS imtahanının keçirilməsi tərəflər arasında əməkdaşlığın uğurlu davamını və tələbələrin ingilis dili biliklərinin artırılmasına yüksək önəm verilməsini göstərir. İmtahanda 3 min 500-dən çox tələbə iştirak edir. Nəticələr 3 günə onlayn şəkildə elan olunacaq.
T.RÜSTƏMLİ
XQ

