Orxan Rəhmanlı: Uğur qazanmaq üçün istedadla yanaşı, zəhmət və daim yenilik axtarışı da vacibdir

post-img

Tanınmış vloqer Orxan Rəhmanlının uğur yolu müasir dövrdə sosial mediada milyonlarla insanın həyatının ayrılmaz hissəsinə çevrilib. O, maraqlı paylaşımları, səmimi ünsiyyəti və yaradıcı ideyaları ilə qısa müddətdə geniş izləyici kütləsi qazanıb. Vloqer uğur hekayəsi sadə addımlarla başlayıb. İlk vaxtlar o, gündəlik həyatından kiçik videolar və şəkillər paylaşıb. 

Onun təbii davranışı və insanlarla açıq münasibəti izləyicilərin diqqətini çəkir. Zaman keçdikcə paylaşımlarının sayı və keyfiyyəti artır, izləyici auditoriyası isə daha da genişlənir. Fəaliyyətində ən diqqətçəkən cəhətlərdən biri məsuliyyət hissidir. Vloqer izləyicilərinə yalnız əyləncəli deyil, həm də faydalı məlumatlar təqdim etməyə çalışır. Orxanın məşhurluqla yanaşı, çətinlikləri də az olmayıb. Daim diqqət mərkəzində olmaq, tənqidlərlə üzləşmək və yeni məzmun yaratmaq böyük zəhmət tələb edir. 

Onun fəaliyyəti göstərir ki, uğur qazanmaq üçün istedadla yanaşı, zəhmət, səbir və daim yenilik axtarışı da vacibdir. Məhz bu keyfiyyətlər onu sosial media dünyasının seçilən simalarından birinə çevirib. Səliqəli geyimi, gülərüz siması və canlı baxışları diqqəti cəlb edir. Əlində telefon və ya kamera əskik olmur, daim ətrafı müşahidə edir. Danışarkən mimika və jestlərindən fəal istifadə etməsi onun ünsiyyətcil və səmimi insan olduğunu göstərir. Vloqerlə müsahibəni oxucularımıza təqdim edirik.

 -Orxan, hər şey necə başladı? 

–Mən  foto və video sahəsində çalışıram. Yəni yetərincə bu işlərdən məlumatlıyam. Bircə qalırdı ki, kameramı götürüb ilk səyahətimi etmək. Və bunu tamamilə heç kimin etmədiyi, özüməməxsus tərzdə həyata keçirməyə çalışdım. Başlamaq üçün isə sadəcə ilk addımı atmaq kifayət etdi. Hər şey uğurlu oldu. 

 -Sizi sosial mediada vloqerlik etməyə və insanlarla nəsə bölüşməyə sövq edən ilk qığılcım nə oldu? 

 –Düşündüm ki, insanlara onların görmədiyi dünya mənim kimi maraqlı olar. Hər kəsdən görmədiyi mədəniyyətlərin arasına daxil olub, onları göstərmək bir növ yalnız vloqerlik yox, öz maraqlarımı ictimailəşdirmək idi. Və göründüyü kimi insanlar da bunu sevdilər. Qalır davam etmək.

-İlk paylaşımınızı necə xatırlayırsınız? O vaxtkı həyəcanınızla bugünkü təcrübəniz arasında nə qədər fərq var? 

 –İlk paylaşımlarda uğur qazanacağımı bilirdim. Amma bu qədər tez olacağı ağlıma gəlməzdi. Baxış yığmaq çox çətin idi. Yeni açılmış profil 4-cü ayda artıq 40 min izləyicisi topladı. 

-Kənardan baxanda vloqerlik çox asan və əyləncəli görünür. Bəs bu işin görünməyən, kamera arxasındakı çətinlikləri nədir? 

–Öz işimə əsasən desəm, cəmi 4 ölkə üzrə çəkilişlər etsəm də, səyahətlərimə 30 mindən çox pul yatırmışam, həmçinin avadanlığa və sair. Getməmişdən öncə məlumatların düzgün olduğuna əmin olmaq üçün 3 dildə araşdırma aparıram. Bu özü böyük zaman tələb edir. Çəkilişin ssenarisi, rejissoru, aparıcısı, redaktoru və sair hətta qayıdıb montaj və digər hissələri ilə məşğul olmaq da var. Fiziki hissə isə o başqadır. 24 saatlıq yol gedib, düşdüyün andan çəkilişə başlamaq bu çox çətindir. Getdiyim yerlərdə qalmaq, olduqca çətindir. 

-Uğurlu və keyfiyyətli bir kontent (məzmun) yaratmaq üçün bir gününüz necə keçir? Rejiminiz necədir? 

 – Əsasən səhər 9-dan axşam 9-a qədər çəkiliş edirəm. Mövzularımın bəziləri öncədən hazırlanır, bəziləri ölkədə öyrənib plan qururam. 9-12 əsasən hər şeyi yenidən enerjisini təmin edirəm, kamera və sair avadanlıqlar. Sonra yatmaq. Sabah isə yenə eyni qaydada. 

-İzləyicilərinizlə aranızda necə bir bağ var?

– Mən yalanı sevmirəm, mən səmimiyəm, evində Orxan necədirsə kənarda da elədir. Bu isə sevilməyimə daha çox səbəb olur məncə. 

-Bu sahədə özünüzü gələcəkdə harada görürsünüz? Yaxın zamanlar üçün reallaşdırmaq istədiyiniz böyük bir layihə və ya xəyalınız varmı? 

–Buna söz verirəm ki, azərbaycanlı olaraq qlobalda videolarım izlənəcək və mən tanınacam. Bu, xəyal deyil bu hədəfdir. Addım-addım buna doğru gedəcəm. 

-Səyahət zamanı yəqin ki, həyacan dolu anlarla qarşılaşmısınız?

– Həddindən artıq çoxdur. Amma ömrüm boyu unutmayacağım Hadzabe qəbiləsinə ilk girdiyim an. Çünki gecə idi, qaranlıq, meşənin ortasında ocaq qalayıb əyləşən insanlar var. Dilini, ilk reaksiyaları necə olacaq bilmirsən. Bu naməlumluq çox qorxulu idi. Amma yaxınlaşanda başa düşürsən ki, insan dünyanın hər yerində insandır. Həmçinin bənzər qorxunu Hindistanda qatar və getdiyim gecəqondularda hiss etmişəm.

Müsahibəni apardı:

M.MİRZƏ

XQ

 















Müsahibə