Ağcabədidə aqrar sahə üzrə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 16-də Qarabağ iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.

XQ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

Ağcabədidə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələr, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqlar, həmçinin Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarının aqrar inkişaf perspektivləri barədə məlumat verib. O vurğulayıb ki, 2026–2030-cu illər üçün Dövlət Proqramı qarşıdakı beş il ərzində aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəd olmaqla, kənd təsərrüfatında məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılmasını, emal imkanlarının və ixrac potensialının genişləndirilməsini, mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadəni nəzərdə tutur. Qeyd edilib ki, proqramda müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, toxumçuluq və damazlıq bazasının gücləndirilməsi, aqrar maliyyə və sığorta mexanizmlərinin təkmilləşdirilməsi, emal və logistika infrastrukturunun inkişaf etdirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafı üzrə tədbirlər nəzərdə tutulub. Bildirilib ki, regional müşavirənin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəf və vəzifələri müzakirə etmək, yerlərdə mövcud vəziyyəti qiymətləndirmək, fermer və sahibkarların rəy və təkliflərini dinləmək və proqramın icrası ilə bağlı qarşıda duran vəzifələri dəqiqləşdirməkdir.

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Dövlət Proqramı çərçivəsində Qarabağ iqtisadi rayonu üzrə nəzərdə tutulan prioritet istiqamətlər barədə təqdimatla çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, dayanıqlı və rəqabətqabiliyyətli aqrar sektorun formalaşdırılmasını hədəfləyir. Qeyd edilib ki, proqram 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Təqdimatda buğda və pambıq istehsalında məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemlərinin genişləndirilməsi, kənd təsərrüfatı texnikası parkının yenilənməsi, lazer hamarlama texnologiyasının tətbiqi, taxıl siloları və soyuducu anbar infrastrukturunun yaxşılaşdırılması, intensiv bağçılıq, heyvandarlıq və qoyunçuluğun inkişafı üzrə tədbirlər, eləcə də fermer və sahibkarlar üçün nəzərdə tutulan subsidiya və güzəştli maliyyələşdirmə mexanizmləri barədə məlumat verilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov çıxışında Qarabağ iqtisadi rayonunun aqrar potensialının reallaşdırılmasında etibarlı və dayanıqlı su təminatının mühüm rolundan danışıb. O, region üzrə Agentliyin xidmət göstərdiyi ərazilərdə 249 307 hektar suvarılan sahə üçün cari ildə 1 277,651 milyon kubmetr suvarma suyunun təmin edilməsinin planlaşdırıldığını, Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarında isə ümumilikdə 5272 km suvarma infrastrukturunun mövcud olduğunu qeyd edib. Bildirilib ki, qeyd edilən rayonlar üzrə 29 Su İstifadəçiləri Birliyi 249 870 hektar xidməti ərazini əhatə edir və 256 kənd üzrə 78 147 su istifadəçisinə xidmət göstərir.

Çıxışda Qarabağ suvarma kanalı, Baş Mil kanalı, Yuxarı Mil kanalı və Tərtərçay suvarma sisteminin regionun su təminatında xüsusi əhəmiyyəti, suvarma infrastrukturunun təkmilləşdirilməsi, su itkilərinin azaldılması, müasir suvarma texnologiyalarının tətbiqi və Dövlət Proqramının icrası çərçivəsində fermerlərin su təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işlər barədə məlumat verilib.

Daha sonra çıxış edən sahibkarlar Ağcabədi rayonundan Vüqar Ağayev, Bərdə rayonundan Afəddin Hüseynov və Bərdə rayonundan Zaur İsmayılov, habelə Füzuli rayonundan fermer Facət Heydərov və Tərtər rayonundan fermer Arif Orucov Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək Dövlət Proqramının kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin genişləndirilməsi və investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar bildiriblər ki, proqram çərçivəsində yaradılan yeni imkanlar aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsinə və fermer təsərrüfatlarının daha dayanıqlı inkişafına töhfə verəcək.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dövlət Proqramının yerlərdə səmərəli icrasının təmin olunması məqsədilə yerli icra hakimiyyəti orqanları, aidiyyəti dövlət qurumları, fermerlər, sahibkarlar və investorlar arasında koordinasiyalı fəaliyyətin həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin Dövlət Proqramının fermerlər və sahibkarlar arasında geniş təbliğinin təşkili, ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılması istiqamətində özəl sektorun fəal iştirakının təmin edilməsi və aqrar dəyər zəncirinin bütün həlqələri üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, müşavirədə səsləndirilən rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.

Sosial həyat