Baxşəli Quluyev-90
Dünyanın elmi xəritəsində silinməz izlər qoyan, ömrünü elmin sirlərinin açılmasına və yüksək ixtisaslı kadrların yetişdirilməsinə həsr edən alimlərimizin həyat yolu hər bir gənc üçün əsl örnəkdir. Belə parlaq simalardan biri də fizika-riyaziyyat elmləri doktoru, professor Baxşəli İmamgulu oğlu Quluyevdir. Onun Tovuzun kiçik bir kəndindən başlayan ömür yolu, SSRİ-nin ən nüfuzlu elm mərkəzlərindən keçərək beynəlxalq miqyaslı bir alim və pedaqoq zirvəsinə qədər ucalmışdır. Professor B. Quluyevin yaradıcılığı təkcə statistuk faktlardan ibarət deyil; bu ömür yolu həm də bir azərbaycanlı ziyalının elmi iradəsinin və beynəlxalq miqyasda qazanılmış sarsılmaz nüfuzun salnaməsidir.
Bu ömürün ilk səhifələri 17 iyun 1936-cı ildə Tovuz rayonunun füsunkar və dağlıq Şamlıq kəndindən başlayır. İkinci Dünya müharibəsinin gətirdiyi ağır çətinliklərə təsadüf edən uşaqlıq və məktəb illərində o, elmə, xüsusilə də dəqiq elmlərə yanaşması ilə həmyaşıdlarından seçilirdi. Kitaba, biliyə olan sonsuz həvəsi onun taleyini erkən yaşlarından müəyyən etdi və 1954-cü ildə Şamlıq orta məktəbini əla qiymətlərlə bitirən gənc Baxşəli, böyük arzularla Bakıya yollanır. Onun bu addımı Azərbaycan elminə gələcək bir fizikin bəxş edilməsinin təməli idi.
1959–1964-cü illərdə Azərbaycanın ən nüfuzlu ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Fizika fakültəsində ali təhsil alan gənc, universitet illərində öz fitri istedadı, analitik təfəkkürü və işgüzarlığı ilə müəllim heyətinin diqqətini cəlb edir. Fizika elminin fundamental qanunauyğunluqlarını dərindən mənimsəyən gənc mütəxəssis, məzun olduqdan sonra, 1964-cü ildə Elmlər Akademiyasının Fizika İnstitutunda aspiranturaya qəbul edilir. Lakin onun elmi potensialı o qədər yüksək qiymətləndirilir ki, o, tədqiqatlarını davam etdirmək üçün dövrün dünyaca məşhur elm mərkəzlərindən birinə – SSRİ Elmlər Akademiyasının Leninqraddakı A.F. İoffe adına Fizika-Texniki İnstitutuna göndərilir. Nobel mükafatçılarının, dünya şöhrətli fiziflərin fəaliyyət göstərdiyi bu məşhur institut Baxşəli Quluyev üçün ciddi bir sınaq və böyük bir məktəb olur. Burada o, bərk cisimlər və yarımkeçiricilər fizikasının ən müasir problemləri ilə məşğul olur, gərgin eksperimental və nəzəri araşdırmalar aparır. Müstəsna əməksevərliyi sayəsində 1969-cu ildə Leninqradda namizədlik dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alır.
Vətənə qayıtdıqdan sonra alimin elmi axtarışları daha da genişlənir. O, yarımkeçiricilər sahəsində dünya elminin nəbzini tutaraq yeni nəzəriyyələr üzərində işləyir. Bu gərgin fəaliyyətin məntiqi nəticəsi olaraq B. Quluyev 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə edir, cəmi bir il sonra, 1986-cı ildə isə ona elmi fəaliyyətinin zirvəsi olan professor adı verilir.
Professor Baxşəli Quluyevin dünya fizika elminə qazandırdığı ən böyük töhf, şübhəsiz ki, nazik təbəqələrdə köçürmə hadisələri ilə bağlıdır. Müasir mikro və nanoelektronikanın əsasını təşkil edən yarımkeçirici nazik təbəqələr sahəsində o, fundamental yeniliklərə imza ataraq yarımkeçirici nazik təbəqələrdə kinetik və köçürmə hadisələrinin tam riyazi və fiziki nəzəriyyəsini işləyib hazırlamışdır. Eyni zamanda, qalvano və termomaqnit əmsallarının ölçüyə görə dəyişməsini dərindən analiz edərək, bu təbəqələrdə xüsusi sistemin vəziyyətinin müəyyən bir nöqtə ətrafında periodik (mütəmadi) və ya yarıperiodik olaraq təkrarlanan dəyişməsini, mənfi maqnit müqavimətinin yarana biləcəyini elmi şəkildə əsaslandırmışdır. Onun bu fundamental kəşfləri yerli və beynəlxalq nüfuzlu elmi jurnallarda dərc olunan 100-dən çox elmi məqalədə öz əksini tapmışdır və bu məqalələr bu gün də sahənin mütəxəssisləri tərəfindən mühüm istinad mənbəyi kimi qəbul edilir.
Professor Baxşəli Quluyev təkcə kabinet alimi deyil, həm də minlərlə tələbənin qəlbinə yol tapan böyük bir pedaqoq olub. Onun pedaqoji fəaliyyəti bütöv bir nəslin formalaşmasına xidmət etmişdir. Belə ki, 1969-cu ildən etibarən Bakı Dövlət Universitetinin "Nəzəri fizika", 1971-ci ildən isə "Bərk cisimlər fizikası" kafedrasında müəllim, baş müəllim, dosent və professor kimi fəaliyyət göstərmişdir. Universitetdə çalışdığı 25 ildən artıq müddətdə o, tələbələrə həm azərbaycan, həm də rus dillərində "Klassik mexanika", "Bərk cisimlər fizikası", "Bərk cisimlərin kvant nəzəriyyəsi", "Metallar və yarımkeçiricilər fizikası" kimi fundamental kursları tədris etmişdir. Eyni zamanda BDU Fizika fakültəsinin Elmi Şurasının elmi katibi və ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü kimi gənc alimlərin yetişməsində mühüm inzibati rol oynamışdır.
Müstəqillik illərindən sonra professor Quluyevin fəaliyyəti beynəlxalq müstəviyə keçir. O, 1996-cı ildə Türkiyə Cümhuriyyətinin Van şəhərində yerləşən Yüzüncü Yıl Universitetinə dəvət olunur. Burada 18 il ərzində fizika professoru kimi fəaliyyət göstərərək, qardaş ölkədə nəzəri fizika və bərk cisimlər fizikasının inkişafına misilsiz töhfələr verir, türk gəncliyinə fizikanın sirlərini öyrədərək iki qardaş ölkə arasında elmi-mədəni körpü rolunu oynayır. Türkiyədəki şərəfli missiyasını tamamladıqdan sonra vətənə dönən professor, fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda davam etdirir, 2015–2021-ci illərdə burada “Nanokristallar fizikası” laboratoriyasında aparıcı elmi işçi kimi çalışır, müasir nanotexnologiyaların inkişafına öz zəngin təcrübəsi ilə istiqamət verir.
Professor Baxşəli Quluyevin ən böyük əsəri, heç şübhəsiz, onun özündən sonra qoyduğu elmi məktəbdir. Onun bilavasitə elmi rəhbərliyi ilə 5 nəfər namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almış, bu gün həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində elmi uğurla təmsil edirlər.
Tovuzun ucqar Şamlıq kəndindən başlanan və bu gün uca bir elm zirvəsinə çevrilən ömür yolu fədakarlığın, tükənməz iradənin və işıqlı amalların canlı sübutudur. Ömrünü elmə və təhsilə həsr verən, hər çətinliyə elmin gücü ilə sinə gərən professor Baxşəli Quluyev bu gün müdriklik çağının — 90 illik yubileyinin zirvəsindədir. O, sadəcə fundamental araşdırmaları ilə elmi zənginləşdirən bir alim deyil, həm də neçə-neçə nəslin yoluna nur çiləyən unudulmaz bir müəllim, xeyirxah bir şəxsiyyətdir. Bu gün onun ətrafında olan tələbələri, həmkarları və bütövlükdə Azərbaycan elm ictimaiyyəti professorun timsalında həqiqi ziyalılıq etalonunu görür və onun zəngin irsindən ilham almaqda davam edir.
İsgəndər Əsgərov
Fizika-riyaziyyat elmləri doktoru, professor
Namiq Qədimoğlu
XQ

