İqtisadi münasibətlərin şəffaflığı, investisiya mühitinin etibarlılığı və mülkiyyət hüquqlarının qorunması baxımından qiymətləndirmə institutu dövlətin strateji sütunlarından biri hesab olunur. Azərbaycanda uzun illər formalaşan qiymətləndirmə fəaliyyətinin hüquqi və peşəkar əsasları son dövrlərdə həyata keçirilən islahatlarla yeni məzmun qazanıb. Xüsusilə “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulu və Azərbaycan Qiymətləndiricilər Palatasının yaradılması bu sahədə sistemli inkişafın başlanğıc dövrü kimi dəyərləndirilir.
Qısa müddətdir fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Qiymətləndircilər Palatası sektorun inkişafı istiqamətində mühüm addımlar atıb. Palatanın fəaliyyəti təkcə peşə standartlarının təkmilləşdirilməsinə deyil, eləcə də beynəlxalq təcrübənin tətbiqi, bazar iştirakçıları arasında etimadın gücləndirilməsi və qiymətləndirmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu dəyişikliklərin fonunda sektorun qarşısında duran vəzifələr, gələcək hədəflər və peşənin inkişaf perspektivləri xüsusi maraq doğurur.
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova ilə bu və digər mövzular ətrafında söhbətləşdik.
- Ayan xanım, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulundan sonra Azərbaycanda qiymətləndirmə sektorunda hansı əsas dəyişikliklər baş verdi? Sizcə, bu qanunun ən mühüm üstünlükləri nələrdir?
- Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə sürətli inkişaf gedir. Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilir və çox böyük beynəlxalq lahiyələrə töhfələr verir. Təbii ki, bu inkişaf strategiyası iqtisadi sistemin əsas istiqamətlərindən biri kimi ekosistemin ayrılmaz tərkib hissəsi olan qiymətləndirmə sahəsini də prosesdən kənarda qoymur.
Yeni qanunun qəbulunu qiymətləndirmə fəaliyyətinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Uzun illər ərzində ölkədə qiymətləndirmə fəaliyyəti həyata keçirilsə də, sahənin daha müasir hüquqi bazaya, vahid peşə standartlarına və beynəlxalq təcrübəyə uyğun institusional idarəetmə mexanizmlərinə, bir az da sadə ifadə edəsi olsaq tənzimləməyə ehtiyacı var idi. Yeni qanun bu istiqamətdə mühüm boşluqları aradan qaldırdı.
Qanun qiymətləndirmə fəaliyyətinin hüquqi əsaslarını daha dəqiq müəyyənləşdirdi, peşəkar məsuliyyət mexanizmlərini gücləndirdi və bazar iştirakçıları üçün daha aydın fəaliyyət çərçivəsi formalaşdırdı. Eyni zamanda, etik davranış prinsiplərinin, peşə standartlarının və keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi üçün hüquqi baza yaradıldı.
Ən mühüm üstünlüklərdən biri isə qiymətləndirmə fəaliyyətinə ictimai etimadın artırılmasıdır. Çünki qiymətləndirmə hesabatları bank kreditlərindən investisiya layihələrinə, məhkəmə mübahisələrindən özəlləşdirmə proseslərinə qədər bir çox sahədə qərarların əsasını təşkil edir. Hüquqi tənzimləmənin güclənməsi iqtisadi münasibətlərdə şəffaflığın və etibarlılığın artmasına xidmət edir.
- Azərbaycan Qiymətləndiricilər Palatası qısa müddətdə sektorun əsas oyunçusuna çevrilib. Hazırda Palatanın fəaliyyətində hansı istiqamətlər prioritet hesab olunur?
- Palatanın əsas missiyası qiymətləndirmə peşəsinin davamlı inkişafını təmin etmək, xidmət keyfiyyətini yüksəltmək, beynəlxalq əlaqələri inkişaf etdirərək təcrübə mübadiləsini inkişaf etdirərərək beynəlxalq standartlara uyğun peşəkar mühit formalaşdırmaqdır.
Bu məqsədlə fəaliyyətimizin əsas istiqamətlərindən biri peşə standartlarının tətbiqi və metodoloji bazanın təkmilləşdirilməsidir. Qiymətləndirmə hesabatlarının keyfiyyətinin yüksəldilməsi, vahid yanaşmaların formalaşdırılması və beynəlxalq metodologiyaların tətbiqi prioritetlərimiz sırasındadır.
Digər mühüm istiqamət insan resurslarından düzgün istifadəni təmin etməklə peşəkarlığın təmin olunması, insan kapitalının inkişafıdır. Müasir qiymətləndirici yalnız əmlak bazarını deyil, maliyyə təhlilini, investisiya layihələrini, biznes planlama modellərini və texniki-iqtisadi əsaslandırmalarla beynəlxalq standartları da dərindən bilməlidir. Buna görə təlimlər, seminarlar, sertifikatlaşdırma proqramları və beynəlxalq əməkdaşlıq layihələri vasitəsilə peşəkar inkişafı dəstəkləyir və bu istiqamətdə yeni əməkdaçlıq modellərini nəzərdən keçiririk.
Bununla yanaşı, dövlət qurumları, maliyyə institutları, investorlar, bir çox bazar iştirakçıları və vətəndaşlar arasında qiymətləndirmə xidmətlərinə etimadın möhkəmləndirilməsi də əsas məqsədlərimizdən biridir.
- Sektorun inkişafı ilə yanaşı, müəyyən çağırışlar da mövcuddur. Hazırda qiymətləndirmə bazarının qarşısında duran əsas problemlər hansılardır?
- İnkişaf edən hər bir peşə sahəsində olduğu kimi, qiymətləndirmə sektorunun da müəyyən çağırışları mövcuddur. İlk növbədə metodoloji yanaşmaların daha da təkmilləşdirilməsi və bazar iştirakçıları arasında vahid praktikanın tam formalaşdırılması vacib məsələlərdəndir.
Digər mühüm istiqamət peşəkar kadr potensialının gücləndirilməsidir. Qiymətləndirmə fəaliyyəti yüksək ixtisaslaşma tələb edən sahədir və bu istiqamətdə davamlı təlim, təhsil, təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, məlumat bazalarının inkişafı və bazar məlumatlarının əlçatanlığının artırılması qiymətləndirmə nəticələrinin daha dəqiq və əsaslandırılmış olmasına imkan verir. Rəqəmsal transformasiya prosesləri də bu baxımdan yeni imkanlar yaradır.
Hesab edirik ki, hüquqi bazanın təkmilləşdirilməsi, peşəkar inkişaf proqramlarının genişləndirilməsi və müasir texnologiyaların tətbiqi mövcud çağırışların mərhələli şəkildə həllinə imkan verəcək.
- Beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi məsələsi son illərdə daha çox diqqət çəkir. Azərbaycan bu istiqamətdə hansı mərhələdədir?
- Müasir dövrdə qiymətləndirmə fəaliyyəti qlobal iqtisadi sistemin ayrılmaz hissəsinə çevrilib. Beynəlxalq investisiyaların artması və kapital bazarlarının inteqrasiyası qiymətləndirmə xidmətlərinin də beynəlxalq standartlara uyğun həyata keçirilməsini zəruri edir.
Azərbaycanda bu istiqamətdə ardıcıl iş aparılır. Beynəlxalq qiymətləndirmə standartlarının tətbiqinin genişləndirilməsi, metodologiyanın uyğunlaşdırılması və mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi əsas prioritetlərdəndir.
Bu standartların tətbiqi xarici investorlar üçün də mühüm əhəmiyyət daşıyır. İnvestorlar aktivlərin dəyərinin beynəlxalq səviyyədə qəbul edilmiş metodologiyalar əsasında müəyyənləşdirilməsinə xüsusi önəm verirlər. Bu baxımdan beynəlxalq standartların tətbiqi ölkənin investisiya cəlbediciliyinin artırılmasına da xidmət edir.
- Son illərdə rəqəmsallaşma iqtisadiyyatın bütün sahələrinə təsir göstərir. Bu proses qiymətləndirmə fəaliyyətində hansı dəyişikliklər yaradır?
- Rəqəmsallaşma qiymətləndirmə fəaliyyətinin daha operativ, dəqiq və şəffaf həyata keçirilməsi üçün yeni imkanlar yaradır. Elektron məlumat bazalarının genişlənməsi, coğrafi informasiya sistemlərinin tətbiqi, böyük məlumatların emalı və süni intellekt texnologiyalarının inkişafı qiymətləndirmə proseslərinin səmərəliliyini artırmağa xidmət edəcək. Palata yeni formalaşmış bir strukturdur, mövcud maliyyə imkanlarımız hələ ki, bu istiqamətdə operativ addımlar atmağa imkan vermir, amma biz bu sahənin də ümumi prioritetlərimiz daxilində inkişafında maraqlıyıq.
Bununla belə texnologiyalar tam olaraq peşəkar qiymətləndiricinin rolunu əvəz etmir. Qiymətləndirmə yalnız məlumatların emalı deyil, bazar tendensiyalarının təhlili, risklərin qiymətləndirilməsi və peşəkar mühakimənin tətbiqini tələb edən fəaliyyətdir. Daha peşəkar dillə ifadə etsək dəyər subyektiv yanaşma məhsulu olmaqla çox ciddi mənbələrə əsaslanan təhlilin nəticəsində meydana çıxır.
Gələcəkdə rəqəmsal həllərin daha geniş tətbiqi hesabatların hazırlanma müddətinin azalmasına, məlumatların keyfiyyətinin yüksəlməsinə və qərarvermə proseslərinin daha effektiv təşkilinə imkan verəcək.
- Qiymətləndirmə fəaliyyəti investisiya mühitinin formalaşmasında hansı şəkildə rol oynayır?
- Qiymətləndirmə investisiya qərarlarının qəbulunda əsas informasiya mənbələrindən biridir. Hər bir investor aktivin real bazar dəyərini, potensial gəlirliliyini və risklərini düzgün müəyyən etməyə çalışır. Obyektiv qiymətləndirmə olmadan sağlam investisiya qərarlarının qəbul edilməsi çətinləşir.
Məhz buna görə inkişaf etmiş ölkələrdə qiymətləndirmə institutu maliyyə sisteminin əsas elementlərindən biri hesab edilir. Kreditləşmə, investisiya layihələri, korporativ birləşmələr, satınalmalar və özəlləşdirmə prosesləri zamanı qiymətləndirmə hesabatları mühüm rol oynayır.
Azərbaycanda sahibkarlığın inkişafı, qeyri-neft sektorunun genişlənməsi və xarici investisiyaların təşviqi qiymətləndirmə xidmətlərinə tələbatın daha da artmasına səbəb olur. Bu baxımdan peşəkar qiymətləndirmə sistemi iqtisadi inkişafın vacib institutlarından biri kimi çıxış edir.
- Gənclərin bu peşəyə marağı barədə nə deyə bilərsiniz? Qiymətləndirici peşəsinin gələcəyini necə görürsünüz?
- Qiymətləndirici peşəsinin gələcək perspektivlərini kifayət qədər müsbət qiymətləndiririk. İqtisadi münasibətlərin mürəkkəbləşməsi və yeni aktiv növlərinin meydana çıxması peşəkar qiymətləndirməyə tələbatı artırır.
Bu gün qiymətləndirmə yalnız daşınmaz əmlakla məhdudlaşmır. Bizneslərin, sənaye müəssisələrinin, maliyyə alətlərinin, intellektual mülkiyyət obyektlərinin və digər aktivlərin qiymətləndirilməsi üzrə yeni istiqamətlər formalaşır. Bu isə gənc mütəxəssislər üçün geniş karyera imkanları yaradır.
Palata olaraq universitetlərlə əməkdaşlığa, maarifləndirmə tədbirlərinə və təcrübə proqramlarına xüsusi diqqət yetiririk. Məqsədimiz yüksək peşə hazırlığına malik, beynəlxalq səviyyədə rəqabətqabiliyyətli yeni qiymətləndiricilər nəslinin formalaşdırılmasına töhfə verməkdir.
- Azərbaycan qiymətləndirmə sektorunun yaxın və ortamüddətli inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
- Sektorun gələcəyinə nikbin baxırıq. Son illərdə yaradılmış hüquqi və institusional baza davamlı inkişaf üçün möhkəm zəmin formalaşdırıb. Azərbaycan Qiymətləndiricilər Palatasının fəaliyyəti, beynəlxalq əməkdaşlığın genişlənməsi və peşə standartlarının tətbiqi sektorun keyfiyyətcə yeni mərhələyə keçidinə şərait yaradır.
Yaxın dövr üçün əsas hədəflərimiz beynəlxalq standartların tətbiqinin genişləndirilməsi, peşəkar hazırlığın gücləndirilməsi, rəqəmsal həllərin inkişafı və bazarda keyfiyyət göstəricilərinin yüksəldilməsidir. Bununla yanaşı, qiymətləndirmə fəaliyyətinin iqtisadi qərarvermə proseslərində rolunun daha da artırılması vacib istiqamətlərdən biridir.
İnanırıq ki, həyata keçirilən islahatlar nəticəsində Azərbaycan qiymətləndirmə sektoru regionun qabaqcıl peşəkar ekosistemlərindən birinə çevriləcək və bu proses ölkənin investisiya mühitinin yaxşılaşmasına, iqtisadi inkişafın sürətlənməsinə və mülkiyyət münasibətlərində şəffaflığın güclənməsinə mühüm töhfə verəcək.
Hazırladı:
N.ABDALOV

