Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Bakıda səfərdə olan Qırğızıstan Milli Kitabxanasının direktoru Eldar Attokurov ilə görüşüb.
Görüşdə AMEA Gənclər Akademiyasının sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəfa Əliyeva və Gənclər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə də iştirak ediblər.
Görüş zamanı Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxananın fəaliyyəti, elektron xidmətləri, müasir standartlara cavab verən elektron kitabxanası və beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Direktor qeyd edib ki, MEK dünyanın müxtəlif ölkələrinin elmi-tədqiqat və kitabxana qurumları ilə səmərəli tərəfdaşlıq əlaqələri qurur, informasiya resurslarının mübadiləsini həyata keçirir və birgə layihələr reallaşdırır.
Qırğızıstan Milli Kitabxanasının direktoru Eldar Attokurov göstərilən səmimi qəbula görə təşəkkürünü bildirib, Mərkəzi Elmi Kitabxananın müasir infrastrukturu, zəngin kitab fondu və rəqəmsallaşdırma istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, rəhbərlik etdiyi kitabxana ilə MEK arasında elmi-informasiya mübadiləsinin, birgə layihələrin və peşəkar təcrübə paylaşımının hər iki tərəf üçün faydalı olacağını vurğulayaraq, əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
Görüş zamanı hər iki kitabxananın oxucularının qarşılıqlı şəkildə informasiya resurslarından daha səmərəli istifadəsi məqsədilə yaxın gələcəkdə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı razılıq əldə olunub.
Daha sonra Hüseyn Hüseynov qırğızıstanlı həmkarını kitabxananın şöbə və fondları ilə yaxından tanış edib. Qarabağ müharibəsi qəhrəmanları fondunda Birinci Qarabağ müharibəsinə, 44 günlük Vətən müharibəsinə və antiterror əməliyyatına həsr olunmuş rəsmi sənədlər, kitablar, qəzet və jurnal materialları, qəhrəmanlarımızın döyüş yolunu əks etdirən fotoşəkillər, şəxsi əşyalar və onların xatirəsinə həsr olunmuş nəşrlər barədə ətraflı məlumat verilib. Qonaqlar guşə önündə xatirə şəkilləri çəkdiriblər. Eldar Attokurov fondun Xatirə kitabına ürək sözlərini yazıb.
Qonaqlar, həmçinin Mərkəzi Elmi Kitabxananın ikinci mərtəbəsində yerləşən AMEA-nın təsisçilərinin büstləri və AMEA-nın həqiqi üzvlərinin portretlərindən ibarət guşə ilə tanış olublar.
Daha sonra Nadir kitablar fondunda qorunan qiymətli nəşrlər və fondun zəngin irsi haqqında məlumat verilib.
Qonağa MEK-in 100 illiyinə həsr olunmuş “Mərkəzi Elmi Kitabxananın 100 illik salnaməsi” adlı nəşr və Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş “Birinci Türkoloji Qurultay -100” adlı biblioqrafik göstərici hədiyyə olunub.

