Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İtaliyanın Kalabriya vilayətinin Monasterace şəhəri sahillərində arxeoloqlar 2400 ildən çox yaşı olan batmış gəmi aşkarlayıblar. Göyərtəsində 300-dən çox antik amfora (şərab və yağ daşımaq üçün gil küplər) olan bu tapıntı antik dövrün mühüm tarixi regionu sayılan Böyük Yunanıstanın dəniz ticarəti barədə elmi dairələrə unikal məlumatlar təqdim edir. Maraqlıdır ki, gəmi hələ ötən il ərazidə dəniz külək elektrik stansiyasının tikintisi üçün "Acciona Energía" şirkəti tərəfindən dibin relyefi yoxlanılarkən təsadüfən qeydə alınıb.
Qədim dövrün əsas nəqliyyat qabları hesab olunan amforaların forması, gilin tərkibi və üzərindəki möhürlər alimlərə onların harada istehsal olunduğunu və daxilində nə daşındığını müəyyən etməyə imkan verir. Hazırda tədqiqatçılar xüsusilə İon dənizi sahili boyu həyata keçirilən qədim şərab ticarətinin xəritəsini bərpa etməyə çalışırlar. Əgər qabların içərisində üzvi qalıqlar tapılarsa, laborator analizlər vasitəsilə daxildəki məhsulun şərab, zeytun yağı və ya digər ərzaq növləri olduğu dəqiq sübut ediləcək.
Tarixi qeydlərə görə, gəmi Kalabriyanın qədim yunan polislərindən (şəhər-dövlətlərindən) biri olan Kaulon şəhərinin yaxınlığında batıb. Eramızdan əvvəl V-IV əsrlərdə Böyük Yunanıstan şəhərləri Aralıq dənizi hövzəsində nəhəng ticarət və mədəniyyət mərkəzləri statusunu daşıyırdı. Sözügedən gəmi də böyük ehtimalla Cənubi İtaliyadakı yunan məskənlərini digər regionlarla bağlayan regional dəniz şəbəkəsinin fəal üzvü olub. Fotometrik tədqiqatlar amforaların dəniz dibində iki fərqli qrup şəklində qaldığını üzə çıxarıb ki, bunun da sonrakı dövrlərdə ərazidən keçən balıqçı gəmilərinin torlarının təsiri ilə baş verdiyi ehtimal edilir.
Mədəniyyət abidəsinin daha çox zədələnmə riskini nəzərə alan İtaliya Mədəniyyət Nazirliyi bu tarixi eksponatların dəniz dibindən çıxarılması, öyrənilməsi və konservasiya edilməsi layihəsinə xüsusi dəstək nümayiş etdirib. Qabların qaldırılmasından əvvəl ərazinin dəqiq fotoplanı hazırlanacaq, hər bir küp qeydiyyata alınacaq və keramikanın ümumi vəziyyəti qiymətləndiriləcək. Bu qədim amforaların günümüzə qədər salamat qalmasına dəniz dərinliyi, oksigensiz mühit və qalın lil təbəqəsi şərait yaradıb.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

