1600 illik qurğuşun tabutun sirri açılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Arxeoloqlar İngiltərənin Esseks qraflığındakı keçmiş xəstəxananın ərazisində Son Roma Britaniyası dövrünə aid yüksək statuslu bir qadının nadir məzarını aşkar ediblər. Qədim dövrdə Kamulodunum adlanan Kolçester şəhərində tapılan qadın qalıqları zəngin bəzədilmiş qurğuşun tabutun daxilində yerləşib. Həmin tabutun vaxtilə taxta qutunun içərisinə qoyulduğu müəyyən edilib; taxta çürüsə də, torpaqda onun izləri və mismarları qalıb. Qurğuşun o dövrdə çox baha başa gələn material idi və tabut böyük çəkiyə malik idi. Bu səbəbdən belə dəfn mərasimlərini yalnız cəmiyyətin ən varlı və kübar təbəqəsi özünə rəva görə bilərdi.

Tədqiqatçıların fikrincə, dəfn olunan qadının təxminən 20-30 yaşlarında olduğu və məhz Kolçesterdə böyüyüb boya-başa çatdığı ehtimal edilir. Tabutun üzərindəki romb formalı naxışlar, dairəvi motivlər və dəniz darağı (molyusk) qabıqlarının təsviri xüsusi rəmzi məna daşıyır: dəniz qabıqları ruhun o dünyaya olan son səyahətini, dairəvi naxışlar isə Günəş və ya Ayı simvolizə edirdi. Qadının məzarına ritual məqsədilə qara kəhrəbadan (qaqat) hazırlanmış saç sancaqları, nadir şüşə flakonlar, keramik qab və başı kəsilmiş toyuq qoyulub. Bundan əlavə, tabutun içərisində meyidin balzamlanmasında istifadə edilən gips, ladan və çox uzaq ölkələrdən gətirilən ekzotik qatranların izləri tapılıb. Bütün bunlar dəfn prosesinin ailəyə böyük məbləğdə vəsait hesabına başa gəldiyini göstərir.

Roma Britaniyası dövrünə aid qurğuşun tabutlar olduqca nadir tapıntılardan hesab olunur — indiyədək bütün ölkə ərazisində cəmi 400 belə məzar qeydə alınıb. Bu tabutlar xüsusi ustalar tərəfindən əridilmiş qurğuşun vərəqlərinin qəliblərə tökülməsi, üzərinə əvvəlcədən hazırlanan naxışların basılması və hissələrin qaynaq edilməsi yolu ilə hazırlanırdı. Qeyd edək ki, Roma hakimiyyətinin son dövrlərində Britaniyada adətlər dəyişmişdi: əgər əvvəllər kremasiya (meyidlərin yandırılması) geniş yayılmışdısa, sonralar insanlar torpağa basdırılmağa üstünlük verirdilər. Kolçesterdəki bu son unikal kəşf qədim imperiyanın süqutu ərəfəsində regionun dini, sosial və mədəni həyatını dərindən anlamaq üçün elm dünyasına əvəzsiz faktlar qazandırır.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Maraqlı