Böyük Britaniyanın nüfuzlu "Qardian" qəzeti yazır ki, Braziliya sahillərində keçirilən beynəlxalq elmi ekspedisiya zamanı cəmi iki həftə ərzində 31 yeni dəniz canlısı növü aşkar edilib. Nəşrin məlumatına görə, bu nəticə son illərin dəniz biologiyası sahəsində ən mühüm elmi nailiyyətlərindən biri hesab olunur.
Qəzetin yazdığına görə, tədqiqat Şmidt Okean İnstitutunun "Falkor Tu" elmi-tədqiqat gəmisində ABŞ, Braziliya, Avstraliya və Yaponiyadan olan alimlərin iştirakı ilə həyata keçirilib. Ekspedisiya Cənubi Atlantik okeanında, Braziliya sahillərinə yaxın ərazidə yerləşən və "orta su qatı" adlandırılan, Yer kürəsinin ən az öyrənilmiş ekosistemlərindən birini əhatə edib.
Məlumata əsasən, alimlər ilk dəfə gəmi şəraitində canlı mikroorqanizmlərin üçölçülü hüceyrə quruluşunu real vaxt rejimində müşahidə etməyə imkan verən "Skvid" adlı yeni nəsil mikroskopdan istifadə ediblər. Bununla yanaşı, genetik analiz və yüksək dəqiqlikli görüntüləmə texnologiyaları yeni növlərin qısa müddətdə müəyyənləşdirilməsinə imkan yaradıb.
Ekspedisiya zamanı yeni meduza növləri, daraq meduzaları, sifonoforlar, xərçəngkimilər, qurdlar və adi gözlə görünən nəhəng təkhüceyrəli orqanizmlər aşkar olunub.
Ekspedisiyanın elmi rəhbəri, Smitsonian Milli Təbiət Tarixi Muzeyinin alimi doktor Karen Ozborn bildirib ki, okeanın orta su qatı biomüxtəliflik baxımından son dərəcə zəngindir və burada aparılan hər yeni tədqiqat elm üçün mühüm kəşflərlə nəticələnə bilər. Onun sözlərinə görə, müasir texnologiyalar yeni növlərin müəyyənləşdirilməsi prosesini illərlə deyil, cəmi bir neçə gün ərzində həyata keçirməyə imkan verir.
Mütəxəssislər hesab edirlər ki, bu kəşf okeanlarda biomüxtəlifliyin öyrənilməsi, iqlim dəyişikliklərinin təsirinin araşdırılması və dəniz ekosistemlərinin qorunması istiqamətində gələcək elmi tədqiqatlar üçün yeni imkanlar açacaq.
Nurəngiz Adilqızı
XQ

