Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Aralıq dənizi hövzəsində dəniz suyunun temperaturunda kəskin və ciddi artım qeydə alınıb. Cari ilin iyun ayının sonlarında alimlər dəniz səthinin temperatur göstəricilərini 1991-2020-ci illərin çoxillik norması ilə müqayisə ediblər. Analizlər nəticəsində məlum olub ki, dənizin müəyyən akvatoriyalarında suyun temperaturu adi göstəricilərdən dərhal 8 dərəcə yüksək olub. "Phys.org" elmi portalının məlumatına görə, bu anormal istiləşmə xüsusilə Fransanın cənub sahillərində, Korsika və Sardiniya adalarının yaxınlığında, həmçinin Appenin yarımadasının ətrafında özünü büruzə verib və iqlim xəritəsində həmin zonalar tünd qırmızı rənglə qeyd edilib.
Tədqiqat üçün zəruri olan yüksək dəqiqlikli ilkin məlumatları "Copernicus" Dəniz Xidməti təqdim edib. Müqayisəli təhlil zamanı isə Avropa Kosmik Agentliyinin iqlim dəyişikliyinin öyrənilməsi üzrə xüsusi təşəbbüsü çərçivəsində peyklərdən toplanmış arxiv materiallarından istifadə olunub.
Mütəxəssislər vurğulayırlar ki, hazırda rekord göstəricilər təkcə Aralıq dənizi ilə məhdudlaşmır. "Copernicus" proqramının qlobal hesabatına əsasən, dünya üzrə okean və dəniz səthinin ümumi orta temperaturu artıq 2023 və 2024-cü illərin iyun aylarında qeydə alınmış tarixi maksimumları da qabaqlayıb. İyunun 21-də isə planet miqyasında dəniz səthinin qlobal temperaturu ilk dəfə olaraq 21 dərəcəyə çatıb ki, bu da əvvəlki rekordlardan 0,1 dərəcə yüksəkdir.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

