1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay mühüm elmi-ictimai hadisə idi. Türk xalqlarının görkəmli alimlərini, dilçilərini, tarixçilərini, ədəbiyyatşünaslarını və ziyalılarını bir araya gətirən bu möhtəşəm elmi forum türk xalqlarının ortaq tarixi, dili, əlifbası və mədəni irsinin sistemli şəkildə öyrənilməsi istiqamətində yeni mərhələnin əsasını qoymuşdu. Bir əsr sonra məhz Azərbaycanın təşəbbüsü ilə I Türkoloji Qurultayın 100 illiyinin yenidən Bakıda qeyd olunması da dərin siyasi, elmi və mənəvi məna daşıyır.
Birinci Türkoloji Qurultayın yüz illiyi münasibətilə keçirilən tədbirlərin geosiyasi əhəmiyyəti olduqca geniş sahələri əhatə edir. Ən önəmlisi isə bu gün Türk dünyası yenidən Bakıda birləşir. Bu gün 20 ölkədən 215-dən artıq qonaq elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdə iştirak edərək dünyaya önəmli mesajlar ünvanlayırlar. Müasir beynəlxalq münasibətlər sistemində mədəni və elmi diplomatiyanın rolu getdikcə artır. Bu baxımdan, Türk Dünyası Həftəsi təkcə yubiley xarakteri daşımır, həm də türk dövlətlərinin ortaq kimliyinin möhkəmləndirilməsi, humanitar əməkdaşlığın dərinləşdirilməsi və gələcək nəsillər üçün vahid elmi-mədəni platformanın inkişaf etdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Azərbaycanın bu prosesə ev sahibliyi etməsi isə ölkənin Türk dünyasının intellektual mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir.
sHazırkı siyasi mənzərə bir daha göstərir ki, dövlətlərarası münasibətlərdə emosional gözləntilərdən daha çox konkret siyasi mövqelər və praktik addımlar əsas meyardır. Bu baxımdan Türk Birliyi prosesində liderlik mövqeyində olan Azərbaycanın İsrailin qondarma erməni soyqırımı ilə bağlı qərarı fonunda Türkiyəyə açıq və birmənalı dəstək verməsi strateji müttəfiqliyin real təzahürü kimi diqqət çəkir. Bu prosesdə Azərbaycanın sərgilədiyi prinsipial mövqe isə Ankara-Bakı strateji müttəfiqliyinin təsadüfi deyil, qarşılıqlı etimada və ortaq milli maraqlara söykənən uzunmüddətli siyasi xətt olduğunu bir daha nümayiş etdirir. Yekun olaraq, xüsusi vurğulamaq lazımdır ki, burada ortaya çıxan bir nəticə var. O da ondan ibarətdir ki, beynəlxalq siyasətdə dostluq bəyanatlarla deyil, kritik məqamlarda nümayiş etdirilən mövqe ilə ölçülür. İsrailin qərarı ətrafında yaranan vəziyyət Türkiyəyə kimin sözdə, kimin isə əməli şəkildə yanında olduğunu bir daha nümayiş etdirmiş oldu. Bu sınaqdan isə ən qətiyyətli şəkildə çıxan ölkə məhz Azərbaycan oldu. Baş verən diplomatik prosesin Bakıda keçirilən "Türk Dünyası Həftəsi" ilə ardıcıllıq təşkil etməsi Azərbaycanın Ümumtürk coğrafiyasında və Anadoludan Uzaq Şərqə qədər uzanan Türk zolağında Qızıl Körpü rolunun gerçək təsdiqidir.
Azərbaycan regionun lider dövləti statusu daşıyan və qardaş Türkiyə ilə ən yüksək səviyyədə strateji müttəfiq ölkə kimi davamlı olaraq, Türk Dövlətləri Birliyinə dəyərli töhfələri ilə diqqət çəkir və Türk Dünyasının “qızıl körpüsü” rolunu yüksək səviyyədə gerçəkləşdirir. Beləliklə, bu gün Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət ölkəmizin tarixi mövqeyini bərpa edir. Dövlətimizin başçısı tək ölkəmiz üçün deyil, bütövlükdə Türk Dünyası salnaməsinə yeni və şanlı bir səhifə yazır.
Fəzail İbrahimli
Milli Məclisin deputatı

