Strateji idarəetmə modelinin hədəfi dövlət xidmətlərini daha əlçatan etmək və şəffaflaşdırmaqdır
Azərbaycanda rəqəmsal transformasiya son illər dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib və bu sahədə həyata keçirilən islahatlar artıq konkret nəticələrlə müşahidə olunur. 2026-cı il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu prosesin ardıcıl və sistemli şəkildə həyata keçirildiyi bir daha təsdiqlədi, bununla bağlı görüləcək işlərin miqyası və xarakteri müəyyənləşdirildi.
Dövlət başçısının sədrliyi ilə keçirilən müşavirə, əslində, Azərbaycanın innovasiya əsaslı inkişafını təmin etməkdən ötrü möhkəm təməl üzərində qurulacaq dayanıqlı gələcəyin inşasına xidmət edirdi. Həmin müşavirənin məntiqi davamı olaraq Prezident İlham Əliyev tərəfindən fevralın 27-də imzalanan fərmanla Rəqəmsal İnkişaf Şurası yaradıldı. İyunun 29-da isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. Birinci vitse-prezident iclasda qeyd etdi ki, cari ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə ölkənin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirədə verilən tapşırıqlara uyğun olaraq Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planı təsdiqlənib.
Rəqəmsal İnkişaf Şurasının Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk iclası Azərbaycan dövlətinin bu yeni istiqamətə strateji yanaşmanın formalaşdığını bir daha nümayiş etdirdi. Müzakirə olunan məsələlər dövlətin rəqəmsal xidmətlərin genişləndirilməsinə verdiyi önəmi, eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və idarəetmədə çevikliyin təmin olunması məqsədlərini aydın şəkildə ortaya qoydu. Son 3 ayda əldə olunan nəticələr, eləcə də növbəti 3 il üçün müəyyənləşdirilən hədəflər vahid konsepsiya çərçivəsində təqdim olunaraq rəqəmsal dövlət modelinə keçidin artıq sistemli xarakter aldığını əyani şəkildə göstərir.
***
Rəqəmsallaşma strategiyasının əsas istiqamətlərindən biri dövlət qurumlarının ayrı-ayrı fəaliyyət göstərən portal və mobil tətbiqlərinin vahid ekosistemə inteqrasiya olunmasıdır. Bu yanaşma mövcud parçalanmış xidmət modelinin aradan qaldırılmasını və daha səmərəli, istifadəçiyönümlü platformanın formalaşdırılmasını hədəfləyir. Sadə dildə desək, planlaşdırılan modelə əsasən, vətəndaşlar və biznes subyektləri dövlət xidmətlərinə çıxış üçün bir neçə fərqli tətbiqdən istifadə etmək məcburiyyətində qalmayacaq. Bütün xidmətlərin “mygov” və “mygov biznes” platformaları üzərindən təqdim olunması həm vaxt itkisini minimuma endirəcək, həm də xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artıracaq.
Artıq bu istiqamətdə konkret addımlar atılıb və bir sıra mühüm dövlət xidmətləri vahid platformaya qoşulub. “e-Sosial”, “e-Təbib” və “e-Su” tətbiqləri tam şəkildə “mygov” sisteminə inteqrasiya edilib. Bununla yanaşı, “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “MigAz” və “ASAN Müraciət” kimi platformaların bir çox xidmətləri artıq inteqrasiya prosesindən keçib. İlin sonunadək bu xidmətlərin tam şəkildə vahid platforma üzərindən təqdim olunması planlaşdırılır. Hökumətin start verdiyi bu inteqrasiya prosesi dövlət xidmətlərinin mərkəzləşdirilməsi ilə yanaşı, məlumat mübadiləsinin sürətlənməsinə və idarəetmədə şəffaflığın artmasına da xidmət edir.
***
Fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə, ümumilikdə, 58 təşəbbüsü əhatə edir. Rəqəmsallaşma istiqamətində 40 dövlət qurumu ilə yol xəritələri hazırlanıb və onlardan 13-ü artıq təsdiqlənib və ya təsdiq mərhələsindədir. Eyni zamanda, son dövrlərdə “mygov” platformasının funksionallığı və əhatə dairəsi genişləndirilib. Son 3 ay ərzində istifadəçi sayı 2,7 milyondan 3,5 milyona yüksəlib. Rəqəmsal dövlət idarəçiliyinin əsas alətlərindən biri kimi çıxış edən “mygov” platforması müxtəlif dövlət qurumlarının elektron xidmətlərini vahid məkanda birləşdirərək vətəndaşlar üçün daha çevik, daha təhlükəsiz və istifadəçiyönümlü xidmət mühiti yaradır.
Vətəndaşların gündəlik həyatını asanlaşdıracaq digər rəqəmsal yeniliklər də nəzərdə tutulur. Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsinin etibarlılıq müddətinin başa çatması ilə bağlı əvvəlcədən avtomatik bildirişlərin göndərilməsi planlaşdırılır. Bu mexanizm sənədlərin vaxtında yenilənməsini təmin edəcək və inzibati gecikmələrin qarşısını alacaq. Eyni zamanda, səfərbərlik üzrə hərbi xidmətə tibbi müayinəyə çağırışların da rəqəmsal formada həyata keçirilməsi nəzərdə tutulur. Bu proses dövlət informasiya sistemləri üzərindən təşkil ediləcək və vətəndaşların vaxtında məlumatlandırılması təmin olunacaq ki, bu da şəffaflıq və operativliyi artıracaq.
Ümumilikdə, həyata keçirilən və planlaşdırılan bu tədbirlər Azərbaycanın rəqəmsal dövlət modelinə keçidində mühüm mərhələ təşkil edir. Qarşıya qoyulan əsas məqsəd dövlət xidmətlərini daha əlçatan, şəffaf və effektiv etmək, eyni zamanda, vətəndaş məmnunluğunu maksimum səviyyəyə çatdırmaqdır. Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi strateji istiqamətlər və fəaliyyət planı göstərir ki, yaxın 3 il ərzində bu sahədə daha dərin islahatlar həyata keçiriləcək və nəticədə Azərbaycan regionda rəqəmsal idarəetmə sahəsində qabaqcıl ölkələrdən birinə çevriləcək.
Tacir SADIQOV
XQ

