Milli Kitabxanada “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin I Toplantısı keçirilib.
Birliyin İdarə Heyətinin sədri, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq üzvləri salamlayıb. O bildirib ki, iki il əvvəl məhz Azərbaycan Milli Kitabxanasında Türk Dünyası Milli Kitabxanaları İctimai Birliyinin yaradılması barədə qərar qəbul olunub və sonradan bu təşəbbüs müvafiq qaydada rəsmiləşdirilib.
Direktor birliyin fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini qeyd edərək digər türk dövlətlərinin təşkilata qoşulmasının və birliyin beynəlxalq təşkilat kimi qeydiyyata alınmasının qarşıdakı dövrün əsas vəzifələrindən olduğunu vurğulayıb. İclasın əsas müzakirə mövzusu 2026–2027-ci illər üzrə fəaliyyət istiqamətləri və Türk dünyasının ortaq elektron məlumat bazasının yaradılması olub. Kərim Tahirov təklif edib ki, türk xalqlarının ortaq mədəni irsini əhatə edən rəqəmsal resurslar vahid portalda birləşdirilsin və üzv ölkələrin oxucularının istifadəsinə təqdim edilsin.
Müzakirələrdə iştirak edən Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva, Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Kumis Seitova, Qırğızıstan Milli Kitabxanasının direktoru Eldar Attokurov, Macarıstan Milli Kitabxanasının baş direktoru David Rozsa təşəbbüsü dəstəklədiklərini bildiriblər.
Birliyin İdarə Heyəti sədrinin müavini, Azərbaycan Milli Kitabxanasının Elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova bildirib ki, ilk növbədə, informasiya texnologiyaları üzrə mütəxəssislərlə kitabxana rəhbərlərinin birgə müzakirələri təşkil edilməli, elektron kataloqların təkmilləşdirilməsi və müəllif hüquqlarının qorunması məsələləri diqqət mərkəzində saxlanılmalıdır.
Toplantıda kitabxanaçılar arasında peşəkar mübadilə proqramlarının həyata keçirilməsi, üzv ölkələrin milli kitabxanalarında qarşılıqlı ədəbiyyat bölmələrinin yaradılması, ortaq internet saytının hazırlanması, vahid oxucu bileti modelinin perspektivləri, eləcə də Türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərinin birgə qeyd olunması ilə bağlı da fikir mübadiləsi aparılıb.
Toplantının sonunda səsləndirilən təkliflər ümumiləşdirilərək 2026–2027-ci illər üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib, ortaq elektron məlumat bazasının yaradılması, rəqəmsal əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin nizamnaməsinə dəyişikliklər edilməsi və qurumun təşkilati fəaliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Tahir RÜSTƏMLİ
XQ

