Bugünlərdə “Vətən” uluslararası elmi-publisistik ədəbi-bədii dərgisinin I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş xüsusi sayı işıq üzü görüb
Xatırladaq ki, bu nəşr 2002–2007-ci illərdə Rusiyada yayımlanmış “Vətən” qəzetinin davamı olaraq 3 ildir ki, yenidən nəşrə başlayıb və ətrafına xeyli oxucu yığa bilib.
Bu il I Bakı Türkoloji Qurultayının 100 illiyidir. Ötən 1 əsr ərzində Türk dünyası elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində ciddi nailiyyətlər əldə etmiş, ölkələrarası əlaqələr inkişaf etmiş, Türk Dövlətləri Təşkilatı yaradılmış, ortaq əlifba və ortaq dil günümüzün reallığına çevrilmişdir. Bununla yanaşı, türkologiyanın inkişafı qarşısında ciddi problemlər də var. Dərginin yeni sayında bütün bu məsələlərə işıq tutulub.
Hər sayı nəfis tərtibatda dərc olunan dərginin baş redaktoru Namik Muraddır. Nəşrin çapını Şahnaz Kamal, Ceyhun İsayev, Ziba Muradova, Fərhad Daşdızadə, Ayaz Abdulzadə, Gülnar Səfərova və başqaları gerçəkləşdirirlər. Redaksiya heyətinə isə Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Avstriya və Güney Azərbaycandan ünlü imzalar – elm xadimləri, tanınmış qələm sahibləri daxildir.
Dərginin əvvəlində “Redaktordan” qeydi verilib. Müəllif yazır ki, nəşrin əsas hədəfi dəyişən dünyanın gözəllik, həqiqət, ədalət, mərhəmət, sevgi, ləyaqət kimi əbədi dəyərlərini təcəssüm etdirməkdir. Qədim və zəngin ədəbi-fəlsəfi irsə sahib olan Azərbaycanın dünya mədəniyyəti xəzinəsinə töhfələrini, bir növ, salnamə kimi təqdim etmək başlıca amalımızdır.
“Vətən”in 3-cü sayının ilk səhifələrində 2026-cı il fevralın 26-da Azərbaycan Yazıçılar Birliyinin və Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə keçirilən və I Bakı Türkoloji Qurultayına həsr olunan uluslararası elmi-praktik konfransa yer ayrılıb. Oxucular dərginin bu sayında həmin konfransın materialları ilə bir daha ətraflı tanış ola bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə Bakıda, eləcə də Qarabağda – Şuşa, Xankəndi və Ağdam şəhərlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli sərəncamına uyğun olaraq “Türk Dünyası Həftəsi” çərçivəsində silsilə tədbirlərində, ümumilikdə, 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr qatılmışlar. Hər bir tədbir Azərbaycanın dirçəlişini və bütövlükdə türk xalqlarının həmrəylik ruhunu ifadə edir. Türk dünyasının ortaq tarixində əlamətdar hadisə kimi qalacaq və gələcək nəsillər üçün dəyərli irs yaradacaq əlamətdar həftə ilə bağlı materiallar “Vətən” dərgisinin növbəti sayında geniş əksini tapacaq.
Dərgidə xatırladılır ki, 2026-cı il görkəmli Azərbaycan şairi və filosofu Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyidir. Onun daxili tənhalıq, insanın cəmiyyətlə ziddiyyəti və mənəvi böhran haqqında fikirləri bu gün də müasir insanın düşüncələri ilə həmahəng səslənir. Dərgidə Xaqani Şirvani haqqında məqalə və onun yaradıcılığından nümunələr yer alıb. Eləcə də Xorxe Luis Borxesin, Vaqif Sultanlının və Mariya Karyaqinanın bədii yaradıcılıq nümunələri, qədim türk yurdu Çuvaş Respublikası barədə reportaj və digər maraqlı məlumatlar yer alıb. Ayrı-ayrı yazılara gəlincə, “Bir millət – iki dövlət”in tarixi dərinliyi”, “Qədim Çuvaşıstan – həmişəcavan Çuvaşıstan”, “Azərbaycan türkcəsinin tarixin kontekstdə inkişafı və sosial dəyişimlər”, “Kamasın dili” və digər məqalələr maraq kəsb edir.
Ə.ƏLİYEV
XQ

