“Birinci Türkoloji Qurultayın elmi və mədəni mirası”

post-img

Dünən Xankəndidə Qarabağ Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində “Birinci Türkoloji Qurultayın elmi və mədəni mirası” mövzusunda konfrans keçirilib.

Açılış mərasimində çıxış edən universitetin rektoru Şahin Bayramov bildirib ki, Qarabağ Universiteti ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə inkişaf edən ali təhsil müəssisəsidir. Onun sözlərinə görə, Qarabağ Universitetinin qarşısında dayanan mühüm məqsədlərdən biri də Türk dünyasını təmsil edən elm və təhsil müəssisələri ilə sıx əməkdaşlığın qurulmasıdır.

Rektor qeyd edib ki, bu gün universitetdə keçirilən beynəlxalq tədbirlər həm Qarabağ Universiteti, həm də iştirakçılar üçün yeni elmi və akademik imkanlar yaradır. O vurğulayıb ki, Türk dünyası ilə bağlı birgə layihələrin həyata keçirilməsi, ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərin araşdırılması Qarabağ Universitetinin əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, Prezident İlham Əliyev tərəfindən Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması haqqında imzalanan sərəncam Azərbaycanın uzun illərdir türk birliyinin möhkəmləndirilməsinə verdiyi töhfələrin bariz göstəricisidir. O qeyd edib ki, mədəniyyət dövlətlərarası münasibətlərdə ən mühüm birləşdirici amillərdən biridir və bu sahədə əməkdaşlıq Türk dünyasının inteqrasiyasına xidmət edir.

Qarabağ Universitetinin elm şöbəsinin müdiri, dosent Elçin İbrahimovun moderatorluğu ilə panel sessiya keçirilib. Sessiyada Ankara Universitetinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölməsinin dosenti Mehmet Rza Heyət, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, tədqiqatçı Azər Turan, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, eləcə də Rusiya Federasiyası Tatarıstan Elmlər Akademiyasının Tarix İnstitutunun professoru İsmət Zaatov çıxış ediblər. Onlar elmi-mədəni inteqrasiyasında oynadığı tarixi rol, ortaq dil və ədəbiyyatın inkişafı, elmi əməkdaşlıq ənənələrinin formalaşması və bu irsin müasir dövrdə yeni elmi yanaşmalarla yenidən dəyərləndirilməsinin vacibliyi barədə ümumi fikir mübadiləsi aparıblar. Onlar, həmçinin türk dövlətləri arasında akademik və mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Sonda Azərbaycandan və digər ölkələrdən bir qrup alim və mütəxəssisə Mədəniyyət Nazirliyinin təsis etdiyi “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı təqdim olunub.

Tahir RÜSTƏMLİ
XQ

Mədəniyyət