Şirvanda şəhid ailələri ilə görüş

post-img

Şirvan Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların və mülki işçilərin təltif edilməsi haqqında imzaladığı sərəncamın Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə göstərilən yüksək ehtiramın növbəti təzahürü olduğunu bildirib.

Qeyd edilib ki, şəhidlərin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir. Ölkəmizdə şəhidlərin müqəddəs xatirəsinin əbədiləşdirilməsi, qəhrəmanlıq irsinin yaşadılması və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.

Çıxış edən digər natiqlər dövlət təltifi münasibətilə şəhid valideynlərini və ailə üzvlərini təbrik edərək şəhidlərin qəhrəmanlığının hər zaman böyük ehtiramla anılacağını vurğulayıblar.

Görüşdə şəhid ailələrinin müraciət və təkliflərini dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Şəhid ailələri adından çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək övladlarının qəhrəmanlığının dövlət tərəfindən yüksək qiymətləndirilməsini böyük qürur hissi ilə qarşıladıqlarını söyləyiblər.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Sosial həyat