Baş prokurorun Türkiyənin ədliyyə naziri ilə görüşü

post-img

İyulun 1-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleklə görüşüb.

Görüş zamanı qeyd edilib ki, ölkələrimiz arasında strateji müttəfiqlik və qardaşlıq münasibətləri ümummilli lider Heydər Əliyevin irəli sürdüyü “bir millət, iki dövlət” ideyasına əsaslanaraq, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan səmimi dostluq münasibətləri, qarşılıqlı etimad və qəti siyasi iradə sayəsində bütün sahələr üzrə uğurla inkişaf edir.

Bildirilib ki, dövlətlərimiz arasında formalaşmış yüksək səviyyəli münasibətlər hüquq sahəsində də səmərəli əməkdaşlığın genişlənməsinə, o cümlədən prokurorluq, ədliyyə və digər hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsinə, transmilli cinayətkarlıqla mübarizədə birgə səylərin gücləndirilməsinə və beynəlxalq hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Bundan başqa, Baş prokuror prokurorluq və ədliyyə orqanları arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Akın Gürlek Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlər üzrə, xüsusilə prokurorluq, məhkəmə və ədliyyə sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, həyata keçirilən birgə fəaliyyətin hər iki ölkənin hüquq sistemlərinin inkişafına və hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

XQ

Son xəbərlər