Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpoziumu işə başlayıb.
Açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın türkologiya elminin tarixində yeni mərhələnin əsasını qoyduğunu söyləyib. Akademik qeyd edib ki, Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı bu sahəyə göstərilən dövlət qayğısının və siyasi iradənin bariz ifadəsidir. Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının 12-ci Zirvə görüşündə qəbul olunan Bəyannamədə də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
İsa Həbibbəyli bildirib ki, Azərbaycanda türkologiya elmi xüsusilə müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub.
Türk Dünyası Həftəsinin tədbirlərinə də toxunan akademik bildirib ki, Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimi türkologiya elminə göstərilən yüksək diqqətin təzahürü olub.
UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyasının İdarə Heyətinin sədri Öcal Oğuz türkologiyanın yalnız elm sahəsi deyil, Türk dünyasının tarixi yaddaşını, mədəni kimliyini və dil birliyini yaşadan ümumbəşəri dəyər olduğunu vurğulayıb. Öcal Oğuz qədim türk yazılı irsinin nadir nümunələrindən olan Bilgə Tonyukuk abidəsinin ucaldılmasının 1300 illiyinin UNESCO-nun 2020-ci il üzrə Yubileylər Proqramına daxil edilməsinin türk dövlətçilik düşüncəsinin və dilimizin ilkin yazılı qatlarının öyrənilməsi baxımından mühüm hadisə olduğunu qeyd edib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında rəhbərlik etdiyi fondun fəaliyyət istiqamətlərindən bəhs edib. Bildirib ki, fondun əsas missiyası türk xalqlarının ortaq mədəni və mənəvi irsini qorumaq, elmi şəkildə araşdırmaq və bu irsi gələcək nəsillərə ötürməkdən ibarətdir: “Məhz bu baxımdan “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” mövzusu fondun məqsədləri ilə tam uzlaşır”.
Aktotı Raimkulova çıxışında xüsusi olaraq Azərbaycan Milli Elmlər Akademiyası ilə son illərdə qurulan səmərəli əməkdaşlıq əlaqələrinə diqqət çəkib. Bildirib ki, bu əməkdaşlıq akademik İsa Həbibbəylinin rəhbərliyi ilə ardıcıl və uğurla inkişaf edir və hər iki tərəf üçün mühüm elmi nəticələr ortaya qoyur.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Mustafa Şabanov bugünkü simpoziumun Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı keçirilən tədbirlər sırasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O vurğulayıb ki, Bakıda Türk Dünyası Həftəsinin təşkili Türk dünyasının elmi, mədəni və mənəvi birliyinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir.
Məclisdə Milli Məclisin deputatı Hikmət Babaoğlu, M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru akademik Kenjexan Matıjanov, Hacettepe Universitetinin professoru Özkul Çobanoğlu, Ege Universitetinin Türk Dünyası Araştırmaları İnstitutunun professoru Metin Ekici, Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folklor İnstitutunun professoru Jabbor Eshonqulov, Nevşehir Hacı Bektaş Vəli Universitetinin professoru Bayram Durbilmez və AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış ediblər. Çıxış edənlər simpozium çərçivəsində aparılan elmi müzakirələrin ortaq türk elmi düşüncəsinin formalaşmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə ediblər.
Bu gün davam edəcək simpoziumda Azərbaycan və xarici ölkələrdən olan alimlər türkoloji folklorşünaslığın nəzəri və praktik məsələlərini, eləcə də türk xalqlarının ortaq mədəni irsinin qorunması və öyrənilməsi istiqamətlərini müzakirə edəcəklər.
Tahir RÜSTƏMLİ
XQ


