Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti
Türk xalqlarını yaxınlaşdıran amillər sırasında ortaq dil, tarix, mədəni irs və mənəvi yaddaş xüsusi əhəmiyyət daşıyır. Minilliklər ərzində formalaşan əlaqələr müxtəlif siyasi şəraitə baxmayaraq öz davamlılığını qoruyub saxlayıb. XX əsrin əvvəllərində türkoloji elmin yüksəlişi həmin yaxınlığın elmi müstəvidə sistemləşdirilməsi istiqamətində yeni mərhələnin başlanğıcına çevrildi. Fərqli ölkələrdən olan tədqiqatçılar ortaq problemlərin araşdırılması, elmi fikir mübadiləsinin genişləndirilməsi və gələcək əməkdaşlıq modelinin müəyyənləşdirilməsi məqsədilə vahid platformaya ehtiyac duyurdular.
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay məhz belə tarixi zərurətdən doğdu. Qurultayın gündəliyinə türk dillərinin müqayisəli araşdırılması, latın qrafikalı ortaq əlifba layihəsinin müzakirəsi, elmi terminologiyanın uyğunlaşdırılması, dialektlərin öyrənilməsi, folklor nümunələrinin toplanması, yazılı irsin qorunması, tarix və etnoqrafiya sahələrində aparılan tədqiqatların əlaqələndirilməsi kimi mühüm məsələlər daxil edilmişdi. Elmi müzakirələr türkoloji araşdırmalar üçün metodoloji istiqamət müəyyənləşdirdi, müxtəlif elmi məktəblər arasında fikir mübadiləsini sürətləndirdi, ortaq intellektual məkanın formalaşmasına güclü təkan verdi.
Qurultayın irəli sürdüyü yanaşmalar sonrakı onilliklər ərzində türk xalqları arasında elmi, mədəni və mənəvi münasibətlərin inkişafına təsir göstərdi. Müasir dövrdə müşahidə olunan inteqrasiya prosesləri, ortaq layihələrin həyata keçirilməsi, humanitar əlaqələrin genişlənməsi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın dərinləşməsi həmin elmi irsin yaşadığını göstərən mühüm faktlar sırasındadır.
Azərbaycan türk dünyasının yaxınlaşmasına yönələn təşəbbüslərin ardıcıl iştirakçısı kimi çıxış edir. Elmi forumların təşkili, ortaq mədəni layihələrin həyata keçirilməsi, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, tarixi irsin qorunmasına yönələn proqramların dəstəklənməsi ölkənin strateji yanaşmasının əsas istiqamətlərini təşkil edir. Bir əsr əvvəl Bakıdan yüksələn elmi çağırış çağdaş mərhələdə qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli əməkdaşlığa söykənən inkişaf modelinin mühüm nəzəri dayaqlarından biri kimi aktuallığını qoruyur.
Türk dünyasının gələcəyi ortaq siyasi iradə ilə yanaşı, mədəni yaxınlığın davamlı şəkildə zənginləşdirilməsindən asılıdır. Dil, ədəbiyyat, tarix, folklor və milli yaddaş xalqları eyni mənəvi məkan ətrafında birləşdirən başlıca dəyərlər sırasındadır. Məhz həmin zəmin qarşılıqlı etimadı möhkəmləndirir, inteqrasiyaya uzunmüddətli xarakter qazandırır.
Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” fikri dövlətlərarası münasibətlərə verilən siyasi qiymətlə məhdudlaşmır. Eləcə də səslənən yanaşma ortaq taleyə, ortaq məsuliyyətə və gələcəyə söykənən strateji baxışın ifadəsidir. Türk dövlətləri arasında həyata keçirilən hər bir mədəni layihə, elmi təşəbbüs, təhsil proqramı və humanitar əməkdaşlıq həmin baxışın praktik müstəvidə gerçəkləşməsinə xidmət edir.
Birinci Türkoloji Qurultayın yüzilliyinə həsr olunan Türk Dünyası Həftəsi tarixi yaddaşın yenidən elmi dövriyyəyə qaytarılması, qurultayın ideya irsinin geniş auditoriyaya çatdırılması, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və türk xalqları arasında intellektual əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan Prezident İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı mühüm siyasi, elmi və mədəni hadisə kimi qəbul olunmalıdır. Sərəncam türkoloji elmin inkişafına göstərilən dövlət qayğısını, Birinci Türkoloji Qurultayın tarixi irsinə verilən yüksək dəyəri, milli-mənəvi sərvətlərin qorunmasına yönələn ardıcıl siyasəti və türk dünyasının ortaq elmi yaddaşının yaşadılmasına verilən önəmi ifadə edir. Yubileyin dövlət səviyyəsində qeyd olunması bir əsr əvvəl Bakıda əsası qoyulan elmi həmrəyliyin yeni nəfəs qazanmasına, ortaq tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinə, türk dünyasının mənəvi birliyinin daha da möhkəmlənməsinə xidmət edən mühüm tarixi hadisə, bir əsrlik elmi irsin və türk dünyasının birlik fəlsəfəsinin təntənəsi kimi yadda qaldı.

