Ağdam Sənaye Parkına indiyədək 171,68 milyon manat investisiya yatırılıb. İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, ötən müddətdə ölkənin ikinci ən böyük sənaye parkında fəaliyyət göstərən müəssisələr 1,86 milyard manatlıq məhsul satışı həyata keçiriblər. Bunun isə 82,33 milyon manatlıq hissəsi ixracın payına düşür.
Ötən müddətdə sənaye parkında 31 sahibkarlıq subyektinə rezident, 4 sahibkara isə qeyri-rezident statusu verilib. Parkda indiyədək 1000-dən çox daimi iş yeri yaradılıb. Bölgədə məşğulluğun artmasında mühüm rol oynayan parkda işə qəbul zamanı Ağdam və ətraf rayonlarda yaşayanlara daha çox üstünlük verilir.
Ərazisi 190 hektar təşkil edən parkda hazırda tikinti materiallarının istehsalı, qida sənayesi, yüngül sənaye və yüksək texnologiyalı avadanlıqların yığılması kimi müxtəlif istiqamətlər üzrə 13 müəssisə fəaliyyət göstərir. Həmin müəssisələr, həm də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini yerli xammal və məhsullarla təmin edərək xərclərin optimallaşdırılmasına töhfə verir. Burada istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də ixrac edilir.
Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli fərmanı ilə yaradılıb. Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, eləcə də əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasından ibarətdir.
XQ

