Mundialın möhtəşəm kambeki

post-img

Belçika Seneqal sensasiyasına imkan verməsə də, özü möcüzə yaratdı

2026-cı il Dünya çempionatının pley-off mərhələsi davam edir. İyulun 1-i axşamı və iyulun 2-i gecəsi bu mərhələnin daha 3 oyunu keçirildi. Favoritlər kimi tanıdığımız komandalar ciddi çətinliklə qarşılaşdılar - Belçika Seneqala qarşı matçın sonlarında məğlubiyyətdən xilas oldu və əlavə vaxtda 3-2 hesablı qələbə qazandı, İngiltərə isə Konqo Demokratik Respublikasına qarşı uzun və gərgin mübarizə apararaq 2:1 hesablı çətin bir qələbə qazandı. Yalnız ABŞ–Bosniya və Herseqovina qarşılaşması ev sahiblərinin müşküllə qarşılaşmadığı bir oyun oldu və onlar 2:0 hesablı qələbə qazanıb 1/8 finala vəsiqəni təmin edə bildilər.

Mən isə bu icmalımda əsasən Belçika – Seneqal matçından bir qədər geniş söhbət açmaq istərdim. Matçı necə təsvir edəcəyimi belə bilmirəm: dram, komediya, triller? Bir sözlə, ssenarisini təsadüfi insanlar yazan 130 dəqiqəlik gərgin anlar yaşadan bir film.

Kim düşünərdi ki, matçın əsas vaxtının 85 dəqiqəsi ərzində 0:2 hesabı ilə məğlubiyyətin bir addımlığında olan Belçika oyunun bitməsinə cəmi üç dəqiqə qalmış bu mundialın, bəlkə də, ən möhtəşəm kambekinə (geri dönüşə) imza ata bilər? Və sonra hamı, komandaların, bu turnirin ən yeni tarixində olduğu kimi, penaltilər seriyasına gedəcəyini düşündüyü zaman belçikalılar matçı qazanacaqlar.

Seneqal - Belçika matçının ilk 85 dəqiqəsi seneqallıların əzmkar və möhtəşəm oyunu ilə yadda qaldı. Xüsusilə matçın ilk yarısını Seneqal millisi əla oyun nümayiş etdirdi. İlk qollarını da bu hissədə vurdular.

Cinah yarımmüdafiəçiləri Sadio Mane və İliman Ndiaye meydanın mərkəzində çevik yerdəyişmələri ilə Belçikanın müdafiəçilərini çaşdırır, cinah müdafiəçiləri isə mövqelərində boşluqlar buraxmağa məcbur olurdular. İlk qol bir neçə dəfə sağdan və soldan sürətli hücuma keçən seneqallıların klassik kombinasiyasından sonra gəldi.

İkinci qoldan yarım dəqiqə əvvəl isə Belçikanın dayaq müdafiəçiləri arasında, təxminən, 30 metr məsafədə müdafiənin bir geniş boşluğu yarandı. Seneqal hücumçuları qapı xəttinə məhz bu boşluqdan şığıdılar və bir göz qırpımında avropalılar növbəti qolu qapılarında gördülər. Bu artıq Belçikanın Almaniya və Niderlanddan daha rüsvayçı məğlubiyyətlə evə dönəcəyinin ciddi işarəsinə bənzəyirdi.

80 dəqiqə ərzində Belçika son dərəcə monoton hücumlar edir və demək olar ki, rəqib qapısına zərbə belə endirməyə fürsət tapmırdı. Zəif ötürmələr, fərdi keçidlərin olmadığı sönük bir tamaşa nümayiş etdirirdilər. Bəzən hücum xəttində olan Leandro Trossard topu irəli aparmaq üçün mərkəz müdafiəçilərinin yanına qədər gəlməli olurdu.

İkinci hissədə ağır və elə bu səbəbdən də sürətli olmayan Romelu Lukaku meydana çıxsa da, 84-cü dəqiqəyə qədər heç nə ilə yadda qalmır və hətta bəzən rəqib meydanında topu belə özündə saxlaya bilmirdi. Hesabın 0:2 olmasına baxmayaraq, belçikalılar o qədər çox səhv edirdilər ki, onları iradəsizlikdə, arxaizm və mənən köhnə düşüncəli komanda olmaqda günahlandırmaq daha doğru olardı. Seneqal isə demək olar ki, 80 dəqiqə ərzində daha yaxşı və daha inamlı təsir bağışlayırdı. Lakin bundan sonra seneqallılarda arxayınçılıqdan irəli gələn bir sönüklük yarandı.

Məhz bundan sonra, matçın 86-cı dəqiqəsində Belçikanı mundiala qaytaran qol seneqallıların qapısında göründü. Rəqibin cərimə meydançasının kənarında seneqallı oyunçuya dəyib Menyenin qarşısına düşən top bir andaca Lukakuya ötürüldü. Bu cüssəli və ağır hərəkətli oğlan isə belə məqamları çox nadir hallarda boşa verir. Bu dəfə də fürsəti qiymətləndirməyi bacardı. Qol- 1:2.

Bu qoldan sonra Belçikanın çevrilişə nail olduğunu qəbul etmək lazım gəldi. Hətta sürətli qrafiklə gələn gözlənilənilməz qolla. Axı, Belçika ikinci hissənin sonuna bir neçə dəqiqə qalmış ölümün astanasında idi. Çempionatın Belçika möcüzəsi necə mümkün oldu? Ən əsası: bunu proqnozlaşdırmaq mümkün idimi?

Necə ola bilərdi ki, ikinci hissənin su içmək fasiləsində az qala yumruq davasına çıxan Trossard və Tielemansın səyləri ilə 4 dəqiqədən də az bir vaxtda Belçika xilas olsun? O anda elə görünürdü ki, kapitanın komanda yoldaşı ilə bu mübahisəsi Belçikanın Dünya çempionatından kənarlaşdırılmasını simvolizə edəcək. Amma yox, belə olmadı. Əvəzində Belçikanı möhtəşəm kambekə daşıyan ikinci qolunu məhz Tielemans-Trossard dueti vurdu.

89-cu dəqiqədə Leandro Trossard Yuri Tielemansa hava ötürməsi etdi. Kapitan rəqib müdafiəçini və bərbad çıxışı ilə komandasını aciz duruma salan seneqallı qapıçı Mori Diavanı qabaqlayaraq başının ecazkar toxunuşu ilə topu qapıdan keçirdi– 2:2. Belçika 3 dəqiqədə məğlubiyyət quyusundan qurtulub vəziyyəti dəyişdi. 80 dəqiqə möhtəşəm oyun sərgiləyən Seneqal isə 89-cu dəqiqədən sonra çox aciz görünməyə başladı.

Oyun əlavə vaxta keçdi. İndi artıq qələbənin ətrini almış belçikalılar daha əzmkar oyun nümayiş etdirirdilər. Seneqallıların isə əvvəlki çevikliyindən və sürətindən əsər-əlamət belə qalmamışdı.

117-ci dəqiqədə Belçika son hücumu zamanı sol kənardan Dieqo Morieyra rəqib qapısına kəskin ötürmə etdi. Müdafiəçi belçikalıların kapitanına topa toxunmağa imkan vermədi. Sağ cinah hücumçusu Dodi Lukebakio, seneqallı müdafiəçilər qarşısını kəsməyə macal tapmamış bir neçə metrlik məsafədən topu cüzi fərqlə çərçivədən kənara vurdu. Bu uğursuz zərbədən əvvəl isə Timoti Kastane hakim Said Martinesə yaxınlaşıb kapitanı Tielemansa qarşı qayda pozuntusunu bildirdi: Lamin Kamara həqiqətən topu uzaqlaşdırmağa çalışarkən sağ ayağı ilə belçikalı oyunçunun sol ayağına təpik vurub onu yerə yıxmışdı.

Hakim əvvəlcə Yuri Tielemansın yıxılmasını görməzdən gələrək cərimə zərbəsi təyin etmədi və bunun əvəzinə qapıdan zərbəyə işarə etdi. VAR işarə verəndən sonra Martines hadisəni müxtəlif aspektlərdən araşdırmaq üçün xeyli vaxt sərf etdi. Qərar video-köməkçi hakimlərin müdaxiləsindən sonra verildi.

Nəhayət, hakim razılaşdı və qərarı elan etdi: bu təmas penaltidir.

Əvvəlcə penalti zərbəsini Lukakunun yerinə yetirəcəyi görünürdü. Yayım direktoru hətta hücumçunun son beş penaltini hansı istiqamətdən vurduğunu belə göstərdi. Lakin son anda penalti zərbəsini rəqibin cərimə meydançasında həlledici qayda pozuntusuna məruz qalan Tielemansın yerinə yetirəcəyi məlum oldu.

Bu, belçikalıların çox ağıllı taktikası idi. Əvvəlcə bir oyunçu penalti vurmaq iddiasında olur və rəqib onu bloklamağa çalışır. Əsl penalti vuran oyunçu isə sakitcə kənarda dayanır, nəfəsini dərərək ürək döyüntüsünü azaldır və matçın əsas zərbəsini vurmağa hazırlaşır. Sonda bu işə yaradı və tabloda vaxt saniyəölçən 124:44 göstərərkən Tielemans nöqtədən mükəmməl qol vurdu. Bu, Dünya çempionatı tarixində ən gec vurulan qol idi, amma belçikalılar üçün onun misli yox idi!

Seneqal üçün asan və sadə bir matç, Tielemansın penaltisi qarşısında cadugərlik ritualı və acizliklə bitən bir drama çevrildi. Bu dram, Dünya çempionatlarının və ümumiyyətlə, idmanın sehrini çox gözəl əks etdirir. Kritik vəziyyətlərdə insanlar dəyişir. Yaxşıya və ya pisə doğru: bir dəqiqədən sonra qəhrəmanlarımızı tanımaya bilərik. Maraqlı və sadəlövh Seneqal, yuxarı sinfin idmançı şagirdindən qorxduğu üçün sevgilisini bir dəstə xuliqanın əlində qoydu. Başqa bir şansın olmayacağını anlayan ümidsiz Belçika hamı üçün gözlənilməz olan qurtuluşa tələsdi və bu pley-offun möhtəşəm geri dönüş - KAMBEK tarixini yazdı. Doğrudur, İngiltərə də kambek etmişdi, amma o, buna əsla bənzəmirdi. Əhsən, Belçika!

***

İyulun 2-i səhərə yaxın keçirilən ABŞ–Bosniya və Herseqovina matçı da pley-offun maraqlı qarşılaşmalarından biri kimi yadda qaldı. Əslində, turnirin əsas ev sahibi üçün Bosniya və Herseqovina ilə qarşılaşma ciddi və hətta əsəbləri sarsıdan bir sınaq idi. Amerikalılar tarixən Avropa rəqiblərinə qarşı çox zəif oynayıblar. Statistika dəhşətli olsa da, dediklərimizi təsdiqləyir: son 18 matçda ardıcıl 10 məğlubiyyət və 1 qələbə. Dünya çempionatınun finallarında isə amerikalılar Avropa komandalarını yalnız iki dəfə – 2002 və... 1950-ci illərdə məğlub ediblər. Buna görə də bu matçda ev sahiblərinin əsəbiləşməsinə ciddi səbəb var idi.

Təsadüf elə gətirmişdi ki, ABŞ milli komandası Bosniya ilə 1/16 final matçını ölkənin ən vacib bayramlarından biri – 4 iyulda qeyd edilən Müstəqillik Günündən 2 gün əvvəl keçirirdi. Şübhəsiz ki, bu, amerikalıların 1/8 finalda Braziliya ilə qarşılaşdığı 1994-cü il Dünya çempionatı qədər simvolik deyildi, amma mühüm bir vaxta təsadüf edirdi. Zarafat deyil, ölkə dövlətçiliyinin 250 illik yubileyinə qızğın şəkildə hazırlaşır.

Gözlənildiyi kimi, ABŞ-ın 1/8 final mərhələsinə gedən yolu çətin başladı - bosniyalılar dərhal ciddi təzyiq göstərdilər və iki dəfə az qala hesabı açacaqdılar. Bosniyalılar əvvəlcə Birləşmiş Ştatların qapıçısı Metyu Frizi cərimə meydançasının kənarından zərbə ilə məyus etməyə çalışdılar. Buna nail ola bilmədilər. Bir neçə dəqiqə sonra isə Kərim Alaybeqoviç künc topu qövsvari zərbə ilə düz çərçivəyə vurdu, lakin Friz əla reaksiya nümayiş etdirərək topu qapı xəttindən uzaqlaşdırmağı bacardı.

Bosniya matçda 5-3-2 sxemi tətbiq etmişdi, maksimum kompaktlığı qoruyaraq həm mərkəzi zonanı, həm də cinahları səmərəli şəkildə bağlaya bilirdi. Uzun müddət amerikalılar bu konstruksiyanın necə dağıtmaq lazım gələcəyini anlaya bilmədilər. Onların yeganə ümidi hücuma keçid fazasında bosniyalıları haqlamaq və ya hansısa məqamda onları pressinqlə sıxışdırıb qol vurmaq idi. Əslində, fasilədən əvvəl ev sahiblərinin şansları məhz belə yarandı.

Rəqiblərinə ciddi müqavimət göstərən Maurisio Poçettinonun yetirmələri ilk hissənin sonuna az qalmış Folarin Baloqunun qolu ilə hesabı açdılar. 24 yaşlı hücumçu cərimə meydançasında müdafiəçilərə çarpıb qayıdan topu ələ keçirdi və dərhal qapıya zərbə endirdi – 1:0. Lakin Baloqunun qəhrəmanlığı uzun sürmədi. İkinci hissənin ortalarında amerikalı, təsadüfən olsa da, rəqibin topuğunu basdı. VAR-ın müdaxiləsindən sonra qarşısında qırmızı vərəqə gördü və komandasını çətin duruma saldı.

Elə görünürdü ki, ABŞ millisi azlıqda böyük çətinliklərlə üzləşəcək, amma belə olmadı. Bosniya bu üstünlüyündən yararlana bilmədi. Üstəlik, ev sahibləri final fitindən bir neçə dəqiqə əvvəl Malik Tillmanın vurduğu möhtəşəm cərimə zərbəsindən sonra üstünlüyünü 2 topa çatdırdı.

ABŞ komandası son 20 ildə dördüncü dəfə qalib gələrək 1/8 finala vəsiqəni təmin etdi. Bu, ölkə üçün qarşıdan gələn Müstəqillik Gününə ən gözəl hədiyyə idi. İndi çempionata ev sahibliyi edən ABŞ növbəti mərhələdə bu turun möhtəşəm kambekinə imza atan Belçika ilə qarşılaşacaq. Futbol Tanrısı kimi, tərəfində olacaq, bunu iyulun 7-də görəcəyik.

İlqar RÜSTƏMOV
XQ

İdman