Azərbaycan – Avropa İttifaqı münasibətlərində yeni inkişaf mərhələsi

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı, əməkdaşlığa açıq və konstruktiv mövqeyi ilə seçilən nüfuzlu dövlətdir. Xüsusilə Avropa üçün etibarlı iqtisadi və enerji tərəfdaşı kimi ölkəmiz qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Təsadüfi deyil ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada dəstək qazanması, dünya liderlərinin ölkəmizə mütəmadi səfərləri və əməkdaşlqların davamlı şəkildə genişlənməsi dövlətimizin artan nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin bariz göstəricisidir. Şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi ilə formalaşan qüdrətli Azərbaycan modeli ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirərək onu qlobal əməkdaşlığın mühüm iştirakçılarından birinə çevirib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı səsləndirilən bəyanatlar da Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan etibarlı tərəfdaş olduğunu və əməkdaşlığın daha da genişləndirilməsində qarşılıqlı marağın mövcudluğunu bir daha təsdiqlədi. 

Əvvəla, onu qeyd edək ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər hazırda çox mühüm inkişaf mərhələsindədir. Son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin ölkəmizə ardıcıl səfərləri, o cümlədən Avropa Komissiyasının Prezidentinin Azərbaycana gəlişi münasibətlərdə yeni dinamikanın formalaşdığını, əməkdaşlığın daha da genişləndirilməsi və tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin mövcudluğunu aydın şəkildə nümayiş etdirdi. 

İkincisi, Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlıq strateji xarakter daşıyır. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşlarından biri, Azərbaycan isə Cənubi Qafqazda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır. Enerji sahəsində formalaşan strateji tərəfdaşlıq, xüsusilə Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra təbii qaz ixracının əhəmiyyətli dərəcədə artması ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rolunu bir daha təsdiqləyir. Eyni zamanda, Cənub Qaz Dəhlizi, eləcə də Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri Azərbaycanın qlobal enerji və logistika sistemində strateji mövqeyini daha da möhkəmləndirərək ölkəmizin etibarlı tərəfdaş və mühüm tranzit mərkəzi statusunu daha da gücləndirir.

Üçüncüsü, Avropa Komissiyasının Prezidentinin səsləndirdiyi fikirlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqlədi. Ölkəmizin etibarlı enerji tərəfdaşı kimi qazandığı nüfuz Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti və enerji sahəsində formalaşmış strateji əməkdaşlıq qarşılıqlı etimadın möhkəm əsaslara söykəndiyini göstərir. Azərbaycanın bərpaolunan enerji sahəsinə yatırdığı investisiyalar, Xəzər dənizinin külək enerjisi potensialından istifadə istiqamətində həyata keçirilən layihələr və “Yaşıl Enerji Dəhlizi” təşəbbüsü ölkəmizin gələcəyin enerji sisteminin formalaşmasına mühüm töhfə vermək əzmini nümayiş etdirir. 

Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldiyini, regional enerji təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət etdiyini göstərir.

Nəhayət, bütün bu müsbət dinamika, ölkəmizin beynəlxalq münasibətlər sistemində söz sahibi və etibarlı tərəfdaş kimi qəbul olunması Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsidir. Təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və əsas sərmayə mənbələrindən biridir. Bu əməkdaşlıq qarşılıqlı etimadı daha da möhkəmləndirir. Cənubi Qafqazı münaqişə məkanından inkişaf, sabitlik və rifah məkanına aparan sülh gündəliyinin müəllifi də məhz Azərbaycan və onun lideridir. Bu həqiqət Avropa İttifaqının mövqeyində və ölkəmizlə əməkdaşlığın yüksələn dinamikasında da öz aydın ifadəsini tapır.

Xumar Məmmədova
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti

Siyasət