Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyulun 3-də Bakı Apellyasiya Məhkəməsində Ermənistan Respublikasının Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş çoxsaylı cinayət əməlləri ilə bağlı Bakı Hərbi Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə iclası keçirilib.
İş üzrə təqsirləndirilən şəxslər - Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri barəsində verilmiş apellyasiya şikayətləri üzrə baxış davam etdirilib.
Məhkəmə iclası Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi ilə, həmçinin Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə keçirilib. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün vəkillər və tərcüməçilər təmin olunub.
Prosesdə zərərçəkmiş şəxslərin nümayəndələri və dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin əməkdaşları ittiham tərəfini təmsil ediblər.
İclas zamanı Davit İşxanyan tərəfindən təqdim edilən yazılı qeydlər məhkəməyə təqdim olunub və qaydalara uyğun olaraq tərcümə edilərək iş materiallarına əlavə edilib.
Daha sonra dövlət ittihamını müdafiə edən prokurorlar məhkəmə iclas protokollarına dair yazılı qeydlərin qanunvericiliyə uyğun qaydada araşdırılmasının vacibliyini vurğulayıblar. Onların mövqeyinə görə, qeyd olunan materiallar sübutlarla təsdiq olunduğu halda qəbul edilməli, əks halda rədd olunmalıdır.
Zərərçəkmiş tərəfin nümayəndələri də ittiham tərəfinin mövqeyini dəstəkləyərək eyni hüquqi yanaşmanın tətbiqini məqsədəuyğun hesab ediblər.
Məhkəmə kollegiyası müşavirəyə gedərək məsələ ilə bağlı qərar qəbul edib. Qərara əsasən, təqdim edilən qeydlər əsaslı hesab olunub və iş materiallarına əlavə edilib.
Eyni zamanda bildirilib ki, iclas protokollarında hər hansı uyğunsuzluq müəyyən edilməyib və sənədlərin əlavə olunması qanuni hesab edilir.
Levon Mnatsakanyan məhkəməyə müraciət edərək vəsatət təqdim etmək istədiyini bildirib. Məhkəmə sədri ona bunun üçün imkan yaradılacağını qeyd edib.
Davit İşxanyan isə qəbul edilən qərara görə təşəkkürünü bildirib və əvvəlki mövqeyini təkrarlayaraq özünü təqsirli bilmədiyini qeyd edib.
David Babayanın müdafiəçisi çıxış edərək apellyasiya şikayətinin əsaslı olduğunu bildirib və onun barəsində çıxarılan hökmün ləğv edilməsini, eləcə də bəraət hökmü verilməsini xahiş edib.
Daha sonra David Babayan özü də ittihamları qəbul etmədiyini və özünü təqsirli saymadığını deyib.
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin olunub.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, bir sıra təqsirləndirilən şəxslər, o cümlədən Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər isə 15 ildən 20 ilədək müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

