33 ildən sonra Vətənə qayıdan şəhid…

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bəzən elə yol olur ki, onun sonu illərlə görünmür. Bir ailə bir ömür boyu bir xəbər gözləyir. Ümidlə, həsrətlə, dualarla yaşayır. Amma Vətən heç vaxt öz oğullarını unutmur. Gec də olsa, onları doğma torpağa qaytarır.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Goranboy rayonunun Sarov kənd sakini, şəhid Əhmədov Rauf Əjdər oğlunun şəxsiyyəti aparılan eyniləşdirmə tədbirləri nəticəsində müəyyən edilib. Onun nəşinin qalıqları 33 ildən sonra doğma kəndinə gətirilərək böyük ehtiramla torpağa tapşırılıb.

Sarov kənd qəbiristanlığında keçirilən dəfn mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin sosial rifahının yüksəldilməsi, onların problemlərinin həlli, müraciətlərinə həssaslıqla yanaşılması və Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin əbədiləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qeyd olunub ki, xalqımızın azadlığı və dövlət müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi daim dərin ehtiramla anılır, onların göstərdikləri şücaət isə gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olaraq yaşayır.

Çıxış edən digər natiqlər də şəhid Rauf Əhmədovun döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən söz açaraq, onun əziz xatirəsinin hər zaman hörmətlə yad ediləcəyini bildiriblər.

Sonra şəhidin nəşinin qalıqları hərbi orkestrin müşayiəti ilə, yaylım atəşi altında doğma torpağa tapşırılıb. Uzun illərin həsrəti, gözləntisi və nisgili həmin an həm kədərə, həm də mənəvi təsəlliyə çevrilib. Çünki Vətən öz şəhidini yenidən qucaqlayıb.

Rauf Əhmədov 1969-cu ildə Goranboy rayonunun Sarov kəndində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərində gedən ağır döyüşlərdə igidliklə vuruşub. Onun son döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub. Həmin döyüşdən sonra itkin düşən Rauf Əhmədovun taleyi uzun illər naməlum qalıb. O zaman cəmi 24 yaşı vardı.

Bu gün isə 33 ildən sonra şəhid öz doğma kəndinə qayıtdı. Adı illərlə qəlblərdə yaşayan Vətən oğlunun məzarı artıq doğmalarının ziyarət ünvanına çevrildi. Onun ömür yolu bir daha sübut etdi ki, Vətən uğrunda verilən can unudulmur, şəhid adı isə zaman keçdikcə daha da ucalır.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Goranboy

























Sosial həyat