Ulu öndərin Milli Qurtuluş missiyası tarixi zərurət idi

post-img

1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə respublika tənəzzüldən tərəqqiyə yön aldı. Bu tarix Azərbaycanda milli özünüdərk, dirçəliş, inkişaf, cəmiyyətin hərtərəfli dəyişməsi mərhələsinin başlanğıcı oldu.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan dövlətinin formalaşması, dinamik inkişafı və dünya inteqrasiya sisteminə qovuşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “O dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalamış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik”. Müstəqilliklə bağlı Ulu öndərin birmənalı, qətiyyətli addımları, gördüyü irimiqyaslı, nəhəng işləri xalqımız da yüksək qiymətləndirib.

Azərbaycanın bugünkü müstəqil, demokratik, hüquqi və dünyəvi ölkəyə çevrilməsi hələ keçən əsrin 70-80-ci illərinin əvvəllərində məhz Heydər Əliyev şəxsiyyəti, uzaqgörənliyi, müdrikliyi hazırlamışdır. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycan dövlətinin suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, regionda lider dövlətə çevrilməsi, dünya iqtisadiyyatına get-gedə daha da dərindən inteqrasiya olunması hələ 1969–1982-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Aparılmış təhlillər göstərir ki, bugünkü müstəqilliyimizin əsasları o illərdə yaradılmışdır.

Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkə Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərinə görə axırıncı yerlərdən birini tuturdu. 1969–1982-ci illərdə ulu öndər Heydər Əliyevin apardığı nəhəng işlər Azərbaycana ittifaqda qabaqcıl mövqe qazandırmışdı. Dövlət başçısı İlham Əliyev yüksəlişi belə qiymətləndirmişdir: “O vaxt onun gördüyü o işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi”.

Azərbaycanın dövlət müstəqilliyinin 35-ci ilidir. Bu, tarixi nöqteyi-nəzərdən çox az vaxtdır. Ancaq bu illərdə Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi çox çətin sınaqlardan, mürəkkəb proseslərdən keçmişdir. XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan öz müstəqilliyini bərpa etmişdir.

1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktı qəbul olundu. Bu tarixi sənəddə göstərilirdi ki, Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Bu zaman Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa hazır idi. XX əsrin 80-ci illərinin sonlarından 1991-ci ilin oktyabrına kimi Azərbaycan xalqı tarixin ən ağır sınaqları ilə üzləşdi, müstəqilliyə sahib olmaq, onu qoruyub saxlamaq və möhkəmləndirmək üçün əzablı, əziyyətli yollar keçdi, bu imtahanlardan şərəflə çıxdı. Azərbaycan xalqı müstəqillik yolunda meydan hərəkatından keçmiş, 20 Yanvar faciəsinə o tuş gəlmişdi. Ancaq sovet imperiyasının tankları belə xalqın azadlığa, müstəqilliyə gedən yolunun qarşısını kəsməkdə aciz qalmışdı.

1991-ci il 18 oktyabrda Azərbaycan müstəqillik əldə etsə də, ilk illərdə siyasi hakimiyyət boşluğu, daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq, səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuş, müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Ayrı-ayrı bölgələrdə isə separatçılıq, parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planını tam gücü ilə işə salmışdı. İkiillik müstəqillik tarixinə baxmayaraq, ölkə qarşıdurmalar vəziyyətindən xilas ola bilməmişdi.

1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləmişdi. Belə bir şəraitdə Azərbaycan torpaqları Ermənistan quldur, silahlı dəstələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba torpaqlarından didərgin düşmüşdü.

1993-cü ilin may–iyun aylarında Azərbaycan öz tarixinin ən ağır günlərini yaşayırdı. Birinci Qarabağ müharibəsində böyük itkilər, hərbi uğursuzluqlar, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın 20 faizinin işğal edilməsi, yüz minlərlə soydaşımızın öz dədə-baba torpaqlarından didərgin düşməsi, iqtisadi tənəzzül və s. bütün bunlar bir daha göstərirdi ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.

Belə bir şəraitdə getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu, müstəqilliyin itirilməsi təhlükəsinin yaranması ölkəni bu bəlalardan, bu vəziyyətdən, müstəqilliyimizi xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirdi. Azərbaycan xalqı tam əmin idi və inanırdı ki, yenicə müstəqillik əldə etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə siyasi lider, dahi şəxsiyyət Heydər Əliyevdir.

Özünün zəifliyini hiss edən respublika rəhbərliyi xalqın təkidi və tələbi ilə o vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik edən Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Beləliklə, görkəmli dövlət xadimi, dünya miqyaslı böyük siyasi xadim Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldi. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi.

Bununla ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə Qurtuluş Mübarizəsinin Qalibi kimi daxil oldu. Ulu öndərin bütün zamanların və bütün məkanların böyük azərbaycanlısı olmaqla, həm də müstəqil Azərbaycan dövlətinin banisidir, yeni müstəqil Azərbaycanın qurucusudur. Müstəqil Azərbaycan Ulu öndərin şah əsəridir.

Ümummilli lider Heydər Əliyevin xalqımız və milli tariximiz qarşısında ən böyük xidmətlərindən biri də, heç şübhəsiz, bu dahi şəxsiyyət torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlər mövcud olduğu, siyasi, sosial və iqtisadi böhranın dərinləşdiyi bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, Azərbaycan varlığını parçalayıb yox olmaq təhlükəsindən qurtarması idi.

Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Respublikada hadisələrin gedişində həlledici dönüş başladı. Dünyaşöhrətli dövlət xadimi bir neçə siyasi gedişdən sonra ölkədə vəziyyət kökündən dəyişməyə başladı, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Qurtuluş döyüşündə qələbəyə doğru dönüş başladı. Xalqın Ulu öndərə rəğbəti və inamı daha da artdı, müdrik şəxsiyyətin, öz xilaskarının ətrafında daha möhkəm birləşdi.

Sonralar ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1993-cü ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Ulu öndərin şəxsiyyəti, müdrikliyi, uzaqgörənliyi, onun Azərbaycan xalqına, Azərbaycan torpağına olan misilsiz təəssübkeşliyi, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, milli dövlətçiliyə sədaqəti bütün istiqamətlərdə baş verən xaosa, özbaşınalığa son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında sıx birləşdi. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu, demokratik təsisatlar, insan hüquqları və azadlıqları müəyyən olundu və bunlar konstitusiyamızda əksini tapdı. Yeni iqtisadi sistemə keçilməyə başlandı. Respublikada ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və vətəndaş cəmiyyəti quruculuğu prosesi sahəsində nəhəng addımlar atıldı. Həmçinin dahi, müdrik siyasi liderin təşəbbüsü və rəhbərliyi ilə ölkədə qanunla müəyyən olunan söz, mətbuat və vicdan azadlığı bərqərar olundu.

Ulu öndərin rəhbərliyi ilə dövlətin milli təhlükəsizlik və xarici siyasət xətti müəyyənləşdirildi. Az müddətdə ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə Azərbaycan Respublikasında vahid mərkəzdən idarə olunan Silahlı Qüvvələrinin yaradılması və inkişaf etdirilməsi sahəsində əhəmiyyətli işlərə başlanıldı. Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri, məqsəd, vəzifə və prioritetləri müəyyənləşdirildi.

Təcrübəli dövlət xadimi Heydər Əliyev respublikanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin yaradılması və genişləndirilməsində dönüş yaratdı, elmi əsaslarla, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə start verildi. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, ordunun formalaşması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm işlər görüldü. 1994-cü ilin mayında atəşkəsə nail olundu.

Beləliklə, 15 İyun müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar Azərbaycanın ali qanunverici orqanı – Milli Məclis xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü il 15 İyun gününü əbədiləşdirdi. Azərbaycan parlamenti 1997-ci il iyunun 27-də 15 İyun tarixini Milli Qurtuluş Günü elan etdi.

Həmin tarixi sənəddə deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma qurban verərəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.

1993-cü il iyunun 15-ni Qurtuluş ona görə Milli Qurtuluş Günü adlandırırıq ki, azadlıq, müstəqillik, həm ayrıca, hər bir vətəndaş üçün, həm də bütöv xalqlar üçün, millətlər üçün ən müqəddəs, ən böyük nemətdir. Biz, bir xalq olaraq azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, ən sərt sınaqlardan keçmişik, bu yolda minlərlə şəhid vermişik. Tarixi proseslər göstərir ki, qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Milli dövlətçiliyin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi deməkdir, qurtuluş deməkdir!

Müstəqil Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqımıza ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli lider Heydər Əliyev öz gücünə, iradəsinə, təcrübəsinə və xalqına arxalanan dahi, fenomen şəxsiyyət və dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

Milli Qurtuluş Gününün tarixə yazılmasında 33 il keçir. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmış və möhkəmləndirilmişdir. Şübhəsiz ki, bu mühüm nailiyyətlərin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar, misilsiz xidmətlərinin müstəsna əhəmiyyəti vardır.

Ulu öndərin dahi şəxsiyyət, görkəmli siyasi xadim kimi fəaliyyətinin, məqsədyönlü siyasətinin başlıca qayəsi ölkənin hər bir vətəndaşının sosial-iqtisadi, siyasi təhlükəsizliyini qoruya biləcək qüdrətli dövlətə çevirmək olub. Bu gün Prezident İlham Əliyev Ümummilli liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yol ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Ümummilli lider Heydər Əliyev vaxtilə müdrikliklə demişdir: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”.

Bu inam və qətiyyət Qurtuluş Gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaqdır. Ümummilli liderin yenilməz iradəsi, cəsarəti, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu xalqına, vətəninə xidmət nümunəsinə çevrildi.

Ulu öndər demişdir: “Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi, suverenliyi qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, güclənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.

Azərbaycan bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Ölkəmiz özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır.

Son 30 ildən artıq bir dövrdə Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xətt, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərpası və suverenliyinin tam təmin edilməsi olmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və fədakarlığı sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistan ordusunun tam məğlubiyyəti və onun kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. Xalqımızın, Şanlı Ordumuzun bu Zəfəri regionumuzda yeni reallıqlar yaratmışdır. Bu tarixi qələbə həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

Bugünkü Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. 2003-cü ildən sonrakı illərdə qazanılan bütün nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirməsi gerçəyi dayanır.

Dövlət başçısı İlham Əliyevin ulu öndər Heydər Əliyev siyasətini uğurla həyata keçirməsi nəticəsində respublikamız dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu günü-gündən artan dövlətə çevrilib. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Respublikası Heydər Əliyev ideyaları uğrunda Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə dünyaya daha sürətlə, daha çox inteqrasiya edəcək, daha yüksək nailiyyətlər əldə edəcək.

İbrahim ZEYNALOV,
Bakı Dövlət Universiteti tarix fakültəsinin dekanı, professor

Siyasət