Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana məxsus milyardlarla dollar dəyərindəki aktivlərin blokdan çıxarılması barədə yayılan məlumatları qəti şəkildə təkzib edib. BƏƏ Xarici İşlər Nazirliyi bununla bağlı "X" sosial şəbəkəsində müvafiq bəyanat yerləşdirib.
Nazirlikdən vurğulanıb ki, BƏƏ dondurulmuş hər hansı İran vəsaitini "blokdan çıxarmayıb, köçürməyib və ötürməyib". Paylaşımda qeyd olunur ki, bunun əksini iddia edən bütün məlumatlar, "o cümlədən 3 milyard dolların köçürülməsi barədə iddialar" tamamilə əsassızdır və həqiqəti əks etdirmir.
Nazirlik media qurumlarını "faktları daha diqqətlə yoxlamağa, rəsmi mənbələrə istinad etməyə, həmçinin dəqiqləşdirilməmiş məlumatları və əsassız fərziyyələri yaymaqdan çəkinməyə" çağırıb.
Bundan əvvəl "Reuters" agentliyi öz mənbələrinə istinadən BƏƏ-nin İrana məxsus milyardlarla dollarlıq aktivləri dondurmaqdan imtina edərək sərbəst buraxmağa razılıq verdiyini xəbər vermişdi. Agentliyin iki həmsöhbəti 10 milyard dolların, digər iki nəfər isə 20 milyard dolların ayrıldığını bildirmişdi. Üç mənbənin məlumatına görə, 3 milyard dollar dəyərindəki ilk tranş artıq İrana köçürülmüşdü. Agentlik sözügedən sazişin iqtisadi tərəfdaşlığın bərpasını və kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutduğunu qeyd edirdi.
S.ELAY
XQ

