Kiyev meri: Rusiyanın kütləvi hücumu nəticəsində ölənlərin sayı 5-ə çatıb

post-img

İyunun 15-də Rusiyanın kütləvi hücumu nəticəsində Kiyevdə xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib və bununla da qurbanların sayı 5 nəfərə yüksəlib. Bu barədə Kiyev meri Vitali Kliçko sosial şəbəkələrdə məlumat verib.

Kliçkonun sözlərinə görə, yaralıların sayı da artaraq 35 nəfərə çatıb. Onların arasında iki uşaq və bir hamilə qadın var.

Ukrayna Prezidenti Volodimir Zelenski gecə saatlarında baş verən hava hücumu zamanı Müqəddəs Məryəmin Mövludu (Uspenski) kafedralının yandığı Kiyev-Peçerska Lavrasına gəlib.

Jurnalistlərin suallarını cavablandıran Zelenski Rusiyanın bugünkü hücumuna cavab veriləcəyinə söz verib. Kütləvi atəşdən sonra Rusiya Prezidenti Vladimir Putinə nə demək istədiyinə dair suala Zelenski "Biz hələ öz sözümüzü deyəcəyik", - deyə cavab verib.

Bu arada Rusiya Müdafiə Nazirliyi ötən gecə Kiyevdəki mülki obyektlərə endirilən zərbələri şərh edib. Qurumun iddiasına görə, həmin obyektlərdən hərbi məqsədlər üçün istifadə olunub. Rusiya hərbçiləri iddia edirlər ki, Kiyevdəki Dovjenko adına kinostudiyanın ərazisində uzaq və orta mənzilli pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və tətbiqə hazırlanması üzrə sex yerləşib. Rusiya Müdafiə Nazirliyinin versiyasına görə, "Nova Poşta"nın innovasiya terminalı ikili təyinatlı məhsulların, o cümlədən PUA-lar, robotlaşdırılmış komplekslər və radioelektron mübarizə (REM) vasitələrinin istehsalı üçün nəzərdə tutulan malların çatdırılmasını və saxlanmasını həyata keçirib.

Rusiya Müdafiə Nazirliyinin hesabatında, həmçinin bildirilir ki, Kiyevin "Radar" zavoduna, "Pilotsuz Texnologiyalar" MMC-yə, "Mayak" zavoduna, "Burevestnik" zavoduna, "Ukr Armo Tex" MMC-yə, Kiyev Aqreqat Zavoduna və 410 nömrəli Mülki Aviasiya Təyyarə Təmir Zavoduna zərbələr endirilib.

Kiyev-Peçerska Lavrasına gəlincə, Rusiya hərbçiləri iddia edirlər ki, onun ərazisi ABŞ istehsalı olan "Patriot" zenit-raket kompleksinin raketi ilə vurulub. Onların versiyasına görə, kompleks qeyri-korrekt (səhv) işləyib, çünki "Qərb ölkələri Kiyev rejiminə istifadə müddəti bitmiş raketlər ötürüblər".

Ukrayna Prezidenti Volodimir Zelenski isə kafedralın vurulmasını "Rusiyanın xristian mədəniyyətinə qarşı törətdiyi ən böyük cinayətlərdən biri" adlandırıb.

S.ELAY

XQ

Dünya