Partiyanın parlamentdən kənarda qalması ilə Paşinyan həlledici üstünlük qazandı
Ermənistanda parlament seçkiləri marafonu başa çatsa da, siyasi mübarizə dayanmayıb. Hakim komanda nəticələri legitim xalq iradəsinin ifadəsi kimi təqdim etdiyi halda, müxalifət qüvvələri seçki prosesində yol verilmiş pozuntularla bağlı iddialarını davam etdirirlər. Bu isə ölkədə seçkilərdən sonrakı dövrün də kifayət qədər gərgin keçəcəyindən xəbər verir. Seçkilərin nəticələri ətrafında yaranan polemika, müxtəlif siyasi qüvvələrin fərqli mövqeləri və sonrakı proseslərlə bağlı səsləndirilən bəyanatlar göstərir ki, ölkədə siyasi gündəm hələ uzun müddət bu mövzu ətrafında formalaşacaq.
Seçkilərin nəticəsinə etiraz edənlərin önündə özünü iş adamı və xeyriyyəçi adlandıran, əslində isə tipik oliqarx olan Samvel Karapetyan və onun “Güclü Ermənistan” seçki bloku dayanır. Blok seçkilərin nəticələrinin etibarsız sayılması tələbi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. “Sputnik Ermənistan”ın xəbərinə görə, MSK-ya müraciəti blokun nümayəndəsi Aram Vardevanyan təqdim edib. O, jurnalistlərə açıqlamasında bildirib ki, blokun ehtimal olunan pozuntularla bağlı çoxsaylı sübutları var. “Daim ən şəffaf və obyektiv seçkiləri məhz özünün təşkil etdiyini bəyan edən hakimiyyət praktikada bu iddialarını təsdiqləyə bilmədi. Hətta ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qiymətləndirmələri də ciddi geriləmədən xəbər verir”, – deyə Vardevanyan bildirib. Onun sözlərinə görə, partiya MSK-ya yalnız rəsmi müraciət deyil, həm də səsvermə günü və seçkiöncəsi dövrdə baş verdiyini hesab etdiyi genişmiqyaslı pozuntular barədə məlumatlar təqdim edib.
Dünən Samvel Karapetyan özü də məhkəmə iclasından əvvəl jurnalistlərə açıqlamasında seçkilərdən danışıb. Hakimiyyəti seçki prosesini saxtalaşdırmaqda ittiham edən oliqarx seçkilərin uğursuz keçdiyini və nəticələrin xalqın real iradəsini əks etdirmədiyini iddia edib. Müxalif siyasətçi qeyd edib ki, partiya artıq MSK-ya müraciət edib və növbəti mərhələdə Konstitusiya Məhkəməsinə üz tutacaq. Onların əsas tələbi seçkilərin ikinci turunun keçirilməsidir. Karapetyan vurğulayıb ki, məqsədləri parlamentdə daha çox mandat əldə etmək deyil, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasıdır.
Bu məqsədə hansı yollarla nail olunacağı ilə bağlı suala cavabında o, həm parlament mübarizəsini, həm də küçə etirazlarını mümkün variantlar kimi qiymətləndirib. Karapetyan hesab edir ki, seçkiqabağı dövrdə hakimiyyətin siyasətindən narazı qalan bütün qüvvələr bu prosesdə iştirak edə bilər. O, həmçinin bəyan edib ki, əgər hakimiyyət öz qələbəsinə həqiqətən əmindirsə, seçkilərin ikinci turunun keçirilməsi təklifini qəbul etməlidir. Karapetyanın fikrincə, qeyri-legitim hakimiyyət ölkənin gələcəyi üçün ciddi risklər yaradır.
Karapetyan bildirib ki, rəhbərlik etdiyi siyasi qüvvə bütün addımlarını qanun çərçivəsində atmağa (?) çalışır və məqsəd Paşinyanın hakimiyyətdən məhz hüquqi yollarla uzaqlaşdırılmasıdır. O, həmçinin Qaqik Sarukyan və Robert Koçaryanla seçkilərdən sonra heç bir görüş keçirmədiyini qeyd edib. Müxalif siyasətçi sonda seçkilərin nəticələrinə yenidən etiraz edərək bildirib ki, nə özü, nə də Paşinyan bu seçkilərin qalibi sayıla bilər: “Paşinyan qalib gəlməyib. Bunu onlar da bilirlər, biz də bilirik, dünya da görür. Ermənistana legitim hakimiyyət lazımdır. Biz qalib gəlmədik, Paşinyan da qalib gəlmədi. Məğlub olan erməni xalqı oldu”.
***
Seçkilərlə bağlı digər maraqlı məqam oliqarx Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası ilə bağlı yaşanır. Açıqlanan ilkin məlumatda bu partiyanın 4 faiz (58 368 səs) səs topladığı bildirilmişdi. Beləliklə, partiya parlamentə düşmək üçün tələb olunan baryeri keçmiş sayılırdı. MSK iyunun 11-də axşam növbədənkənar iclas keçirərək 2 seçki məntəqəsinin nəticələrini etibarsız hesab edib və bununla bağlı materialları hüquq-mühafizə orqanlarına göndərib. Söhbət Sünik vilayətinin Aqarak şəhərində və İrəvanın Nubaraşen rayonundakı seçki məntəqələrindən gedir. Bu məntəqələrdə səslərin etibarsız hesab edilməsindən sonra partiyanın 213 səsi ümumi nəticələrdən çıxarılıb. Nəticədə, “Çiçəklənən Ermənistan” 3,996 faiz səs toplamış olub və parlamentə düşmək üçün 0,004 faiz bəndə çatmayıb.
“Çiçəklənən Ermənistan” MSK-nın məlum qərarını sərt tənqid edib. Partiya rəhbərliyi hesab edir ki, bu addım onların parlamentə keçməsinin qarşısını almaq məqsədi daşıyıb və seçkilərin legitimliyinə ciddi zərbə vurub. Partiyanın mətbuat katibi İveta Tonoyan bildirib ki, MSK-nın qərarı “səslərin açıq-aşkar oğurlanması”dır və seçki prosesinə birbaşa müdaxilə kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, nəticələri ləğv edilən məntəqələr məhz “Çiçəklənən Ermənistan”ın parlamentə düşməsi üçün vacib səslər qazandığı seçki məntəqələri olub.
Tonoyan iddia edib ki, MSK sədri Vaaqn Ovakimyanın rəhbərliyi altında qəbul edilən qərar siyasi xarakter daşıyır və hakimiyyətin maraqlarına xidmət edir. O, bu addımın seçicilərin iradəsinə təsir göstərdiyini və seçkilərin yekun nəticələrinin legitimliyini şübhə altına aldığını bildirib. Partiya nümayəndələrinin fikrincə, MSK-nın açıqladığı nəticələr və qəbul etdiyi qərarlar vətəndaşların real iradəsini tam əks etdirmir və onların hüquqi baxımdan hərtərəfli araşdırılmasına ehtiyac var. Bu səbəbdən “Çiçəklənən Ermənistan” seçkilərin nəticələrinin məhkəmə qaydasında mübahisələndirilməsi variantını da nəzərdən keçirir. Partiya səslərin yenidən hesablanmasında israr edir və bunun nəticəsində parlamentdə təmsilçilik əldə edə biləcəyinə ümid etdiyini açıqlayıb. Siyasi qüvvə dünən MSK-nın binası qarşısında uzun sürən etiraz aksiyası keçirib.
Partiyadan deputatlığa namizəd Elinar Vardanyan isə qeyd edib ki, MSK 2 seçki məntəqəsinin nəticələrini ləğv etməzdən əvvəl bunun ümumi seçki nəticələrinə necə təsir göstərəcəyini qiymətləndirməli idi. Onun sözlərinə görə, belə bir qiymətləndirmə aparılmayıb. Üstəlik, qərar seçkilərin yekun nəticələri rəsmən elan olunmamışdan əvvəl qəbul edilib. Vardanyan bildirib ki, Seçki Məcəlləsinin 95-ci maddəsi belə hallarda təkrar səsvermənin keçirilməsini nəzərdə tutur. Çünki həmin məntəqələrin nəticələri seçkilərin yekun mənzərəsinə birbaşa təsir göstərə bilər.
İki məntəqədə nəticələrin ləğv edilməsindən sonra Ermənistanda aparılan təhlillər belə bir nəticə ortaya çıxarıb ki, “Çiçəklənən Ermənistan”ın parlamentdə təmsil olunmaması hakim “Mülki müqavilə” partiyasına konstitusiya çoxluğu qoruyub saxlamaq imkanı verir. Hesab edilir ki, belə çoxluq hakimiyyət üçün xüsusilə Konstitusiyaya dəyişikliklərin edilməsi baxımından əhəmiyyət daşıyır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi isə Azərbaycanla sülh sazişinin imzalanması ətrafında aparılan müzakirələrdə əsas mövzulardan biridir.
Beləliklə, Ermənistanda seçkilər başa çatsa da, girişdə qeyd etdiyimiz kimi, siyasi qarşıdurma yeni mərhələyə qədəm qoyub. Müxalif qüvvələr nəticələri qəbul etmədiklərini bildirir, seçki pozuntuları ilə bağlı iddialar irəli sürür, hüquqi prosedurlara və mümkün küçə aksiyalarına hazırlaşdıqlarını bəyan edirlər. Xüsusilə “Güclü Ermənistan” bloku ilə “Çiçəklənən Ermənistan” partiyasının sərgilədiyi mövqe göstərir ki, seçkilərin legitimliyi ətrafında mübahisələr yaxın vaxtlarda da davam edəcək. Hakimiyyət nəticələrin legitimliyində israr etsə də, müxalifətin etirazları və məhkəmə müraciətləri Ermənistanın daxili siyasi gündəmini müəyyən edən əsas amillərdən biri olaraq qalacaq. Bu isə ölkədə siyasi sabitliklə bağlı müzakirələrin hələ uzun müddət səngiməyəcəyini göstərir.
Səxavət HƏMİD
XQ


