Ötən gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclası açıq elan edən Sədr Sahibə Qafarova qarşıdan gələn 15 İyun Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixindəki müstəsna rolundan bəhs etdi. Parlament sədri 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində tarixin gedişatının dəyişdiyini və müstəqil dövlətçiliyin qorunub saxlanıldığını diqqətə çatdırdı.
S.Qafarova dahi şəxsiyyətin əsasını qoyduğu azərbaycançılıq və dövlətçilik ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə inkişaf etdirildiyini dilə gətirərək əlamətdar bayram münasibətilə Milli Məclis adından ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktublarının ünvanlanması təklifini irəli sürdü. Təklif deputatlar tərəfindən məmnunluqla qarşılandı.
***
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini plenar iclasa təqdim etdi. Komitə sədri bildirdi ki, ötən ilin maliyyə sənədi gəlirlərin həm proqnoza, həm də əvvəlki ilə nisbətən artması ilə xarakterizə olunur: “2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat olmaqla, proqnoza qarşı 2,2 faiz, 2024-cü illə müqayisədə isə 5,4 faiz çox icra edilib. Ötən il sosialyönümlü xərclər büdcə məxaricində 40 faizə kimi yüksək paya malik olub. Həmçinin ötən il icra edilmiş dövlət büdcəsinin çox mühüm xüsusiyyətlərindən biri də qeyri-neft sektorundan daxilolmaların proqnoza nisbətən 1,6 faiz, 2024-cü ilə nisbətən 3,9 faiz artmasıdır. 2025-ci ilin büdcə gəlirlərində qeyri-neft daxilolmalarının payı 52 faizə yüksəlib”.
Qanun layihəsi ilə bağlı çıxış edən maliyyə naziri Sahil Babayev 2025-ci ilin dövlət büdcəsinin xərclərinin müvafiq istiqamətləri üzrə bəzi statik rəqəmləri diqqətə çatdırdı. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün qeyd edilən dövrdə 4,5 milyard manat vəsait ayrılıb. Nazir, həmçinin bildirdi ki, ayrılan vəsaitin 4 milyard manatı infrastruktur təyinatlı layihələrin, 440 milyon manatı sosial təyinatlı layihələrin, 10 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı layihələrin maliyyələşməsinə, 75 mln. manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib”.
Maliyyə naziri qeyd etdi ki, ötən il beynəlxalq və regional təşkilatlar, maliyyə institutları ilə əməkdaşlıq, xaricdəki diplomatik nümayəndəlik və konsulluqların fəaliyyəti, beynəlxalq və ölkə səviyyəli tədbirlər və xarici yardımlar üçün 655 milyon manat sərf edilib: “Hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 504 molyon manat vəsait sərf edilib ki, bu da 2024-cü illə müqayisədə 18,5 milyon manat və ya 3,8 faiz çoxdur”.
***
Layihənin müzakirəsi zamanı çıxış edən millət vəkili Tahir Mirkişili qeyd etdi ki, dövlət büdcəsinin icrası ilə bağlı hesabata Hesablama Palatasının təqdim etdiyi rəyin təhlili bir sıra maraqlı məqamları üzə çıxarır. Deputatın fikrincə, iqtisadi siyasətdə yüksək artım tempi heç də hər zaman inkişaf göstəricisi sayılmır. Eyni zamanda, aşağı artım tempi də hər zaman zəif inkişaf demək deyildir: “Təqdim edlmiş sənədlərdə keçən il ÜDM-in artım tempinin 1.4 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempinin isə 2.7 faiz təşkil etdiyi göstərilir. Analoji göstəricilər 2024-cü ildə 4.1 və 6.2 təşkil edib. ÜDM-in aşağı artım tempi ilə də daha keyfiyyətli inkişafa nail olmaq mümkündür, burda əsas məsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir. Xüsusilə qeyri-neft-qaz sektorunda formalaşan ÜDM-in artım tempinin dalğalı olması bu məsələnin daha dərindən təhlilinə və onların səbəblərinin neytrallaşmasına diqqət yetirilməsinə ehtiyac yaradır. Çünki dalğalanmalar investisiyalara, məşğulluğa, dövlət büdcəsinə xüsusi təsir edir”.
Çıxışlarından və aparılan müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclis tərəfindən qəbul edildi. “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulmaq barədə qanun layihəsi də vahid oxunuşdan keçdi. Konvensiya 2001-ci il oktyabrın 5-də Böyük Britaniyanın paytaxtı Londonda imzalanıb. Qəbul edilən “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsinə görə, Milli Məclis tərəfindən Azərbaycanın Portuqaliyada səfirliyinin təsis edilməsi təsdiqləndi.
***
"Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarıldı. Qanun layihəsi Şuşa şəhərində abidələrin qorunması ilə bağlı bəndin dəqiqləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" müvafiq qanunvericiliyə uyğunlaşdırılması məqsədilə hazırlanıb. Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsinin qadağan olunmasını müəyyən edən layihə bir oxunuşda qəbul edildi.
İnzibati Xətalar Məcəlləsinə edilən çoxsaylı dəyişikliklərə əsasən, narkoloji xəstələrin işləməsinə icazə verilməyən sahələrdə onlarla əmək müqaviləsi bağlayan və ya uzadan vəzifəli şəxslər 3.000 manat, tibbi yoxlama arayışı olmadan işə qəbula görə isə 1.000 manat cərimələnəcək. Digər dəyişikliklərlə isə kolların kəsilməsi barədə təhrif olunmuş məlumat verənlər 500 manatdan 5.000 manatadək, maliyyə icarəsi fəaliyyətinə dair hesabatları Mərkəzi Banka təqdim etməyən subyektlər isə (banklar və BKT-lər istisna olmaqla) 1.000 manatdan 5.000 manatadək cərimə ediləcəklər. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.
Sonda İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda edilmiş dəyişikliklər layihəsi müzakirəyə çıxarıldı. Layihə ətrafında aparılan müzakirələrdə çıxış edən deputat Kamal Cəfərov rəqəmsal suverenliyin gücləndirilməsi istiqamətində islahatların daha da genişləndirməyin zəruriliyini diqqətə çatdırdı: “Hesab edirəm ki, sosial şəbəkələrdə məzmun yaradanlarla da bağlı islahatlar həyata keçirilməlidir. Ona görə bununla bağlı konseptual təklifim var. Çin təcrübəsinə əsasən, sosial şəbəkələrdə tibb, hüquq, maliyyə və ya təhsil sahəsində çıxış edənlərin rəsmi diplomu və ya lisenziyası olmalıdır. Bəzi hallarda heç bir təhsili və ya lisenziyası olmayan blogerlər sosial şəbəkələrdə cəmiyyəti çaşdıran kütləvi “hüquqi” və ya “psixoloji məsləhətlər” verirlər. Gənc ailələri manipulyasiya edərək onlara boşanmağa inandırırlar, onlar üçün əlçatan olmayan saxta xoşbəxt həyat modeli yaradırlar, hamıya eyni pəhriz proqramları təklif edirlər. Maliyyə savadı olmayan "ekspertlər" məsuliyyətsiz tövsiyələr verirlər və bu cür əsası olmayan çıxışlar isə fiziki və psixoloji sağlamlığa ciddi zərər verir, geri dönüşü olmayan hüquqi nəticələrə gətirib çıxara bilir”.
Edilən digər çıxışlardan sonra müvafiq qanun layihəsi birinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başa çatdı.
Tacir SADIQOV
XQ

