İyunun 12-də Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş Günü münasibətilə İcra Hakimiyyəti, YAP şəhər təşkilatı və Mingəçevir Dövlət Universitetinin birgə təşkil etdiyi “Ulu öndər Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda konfrans keçirilib.
İştirakçılar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dövlətçiliyimizn xilaskarına dərin ehtiramlarını ifadə ediblər. Mərkəzin foyesində Heydər Əliyevin fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. “Ulu öndər Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda film nümayiş etdirilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “15 iyun 1993-cü il Azərbaycan xalqı və dövlətçiliyi üçün qurtuluş tarixinin başlanğıcıdır” mövzusunda məruzə ilə çıxış edərək qeyd edib ki, 15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində dönüş səhifəsidir və qədirbilən xalqımız dahi xilaskarın xidmətlərini heç vaxt unutmayacaq.
Konfransda YAP Mingəçevir şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev “15 iyun Milli Qurtuluş Günü müasir dövlətçilik tariximizin ən parlaq səhifəsidir”, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov “Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir”, Qərbi Azərbaycan İcması Mingəçevir şəhər nümayəndəliyinin sədri Mayıl İsmayılov “Ulu öndər Heydər Əliyev Milli inkişaf strategiyamızın yaradıcısıdır”, Ruhi Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi Şəmsinur Hüseynova “Ölkə Prezidenti İlham Əliyevin zəfərləri Ulu öndərin siyasi kursunun uğurlu davamıdır” mövzularında məruzələrlə çıxış ediblər.
Mərasim Qurtuluş Günü münasibətilə hazırlanmış kompozisiyanın təqdimatı ilə davam edib.
İ.MUSAOĞLU,
XQ-nin bölgə müxbiri

