Xilaskar liderin yüksəliş marafonu

post-img

(əvvəli ötən sayımızda)

Azərbaycanın gələcək ümummilli lideri Heydər Əliyev Naxçıvana qayıdandan dərhal sonra muxtar respublikanın Dövlət Təhlükəsizliyi Nazirliyinin 5-ci şöbəsinin rəisi təyin edilmişdir. 1950-ci il avqustun 26-da Bakıya dəvət edilmiş, Azərbaycan Dövlət Təhlükəsizliyi Nazirliyinin 2-ci şöbəsi 6-cı bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

2-ci şöbə əks-kəşfiyyatla məşğul idi. Heydər Əliyev 15 il ərzində məhz bu məsuliyyətli sahədə çalışmışdır. O, əməliyyat işləri ilə yanaşı, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Bakı Diyarlararası Məktəbində də mühazirələr oxumuş və eldə etdiyi elmi-nəzəri bilikləri, təcrübəni təhlükəsizlik orqanları əməkdaşlarına çatdırmışdır.

1951-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və buranı 1957-ci ildə əla qiymətlərlə başa vurmuşdur.

Özünə və başqalarına qarşı yüksək tələbkarlığı, qayğıkeş münasibəti, tükənməz enerjisi, işgüzarlığı və təşəbbüskarlığı ilə fərqlənən, xalqın hörmətini qazanan Heydər Əliyev 1953-cü ilin sonunda Azərbaycan Dövlət Təhlükəsizliyi Nazirliyinin Əks-kəşfiyyat şöbəsinə rəis təyin olunmuşdur. O, milli və gənc kadrların artırılması, Azərbaycana xəyanət etmiş işçilərin kənarlaşdırılması istiqamətində tədbirlər görməyə başlamışdır.

1997-ci ildə respublikanın milli təhlükəsizlik orqanı əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edən Heydər Əliyev demişdir: “1953-cü ilin sonunda mən birdən-birə həmin şöbəyə rəis təyin olundum. Bu, nadir hadisə idi. Nə qədər çətinliklər çəkdim ki, 37-38-ci illərdən, 30-cu illərdən qalmış və Azərbaycana xəyanət etmiş insanlardan, - onların da əksəriyyəti azərbaycanlı deyildi, amma içərilərində belə yaramaz azərbaycanlılar da var idi, - bu orqanları xilas edək və yeni, gənc adamlar cəlb edək, orqanlarda sağlamlaşma işi aparaq. Bu, çox çətin oldu, o qədər çətin oldu ki, mənə qarşı fitnələr də etdilər. Bir müddət o vəzifədən getməli oldum... Bir-iki ildən sonra məni yenə o vəzifəyə təyin etdilər, məcbur oldular ki, təyin etsinlər. Mən o zaman cəsarətli addımlar atmağa, təmizləmə işləri görməyə başladım, həmin şöbədə işləyən bir neçə zabitin cinayətkar olduqlarına görə həbs edilməsinə, cəzalandırılmasına, işdən çıxarılmasına nail oldum”.

1958-ci ildə N.Xruşovun “yumşalma” siyasəti nəticəsində A.N.Şelepinin SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbər təyin olunması ilə (1958-1961) şəxsi heyət qarşısında yeni vəzifələr qoyuldu: əhalinin müəyyən təbəqələri arasında cəza yox, profilaktik tədbirlər həyata keçirmək. Bu qərar dövlət təhlükəsizliyi orqanlarında əsl inqilab oldu. Azərbaycan əks-kəşfiyyatının rəisi, podpolkovnik Heydər Əliyev bu siyasəti ürəkdən dəstəkləyir və sözügedən xəttin həyata keçirilməsində fəal iştirak edirdi.

Gənc əks-kəşfiyyat rəisinin natiqlik məharətindən və əhalinin müxtəlif təbəqələri ilə ünsiyyət yaratmaq bacarığından xəbərdar olan rəhbərlik tez-tez Dövlət Təhlükəsizliyi Komitəsinin sıravi əməkdaşlarına yeni siyasətin mahiyyətini başa salmaq üçün zona müşavirələrində çıxış etməyi ona tapşırırdı. Əks-kəşfiyyat sahəsində çalışdığı dövrdə (1958-1964) Heydər Əliyevin uğurları əhəmiyyətli dərəcədə yüksək idi. O özünün təşkilatçılıq bacarığına və analitik qabiliyyətinə görə nəzərəçarpacaq dərəcədə fərqlənirdi.

Bu illərdə xüsusi xidmət orqanlarında bir sıra ixtisarlar aparıldı. Bununla əlaqədar Heydər Əliyev çıxışının birində demişdir: “1960-cı ildə bu orqanlarda geniş ixtisarlar aparıldı. O vaxt 5 şöbəni birləşdirdilər. Mən onlardan birinin rəisi idim. Belə oldu ki, 5 şöbəni birləşdirərkən birləşmiş şöbəyə rəis məni təyin etdilər. Bu fürsətdən istifadə etdim, o birisi şöbələrin rəisini, ya müavini olanların əksəriyyətini təmizlədim, onlar orqandan xaric olundular”.

Araşdırmalar göstərir ki, Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarında işlədiyi illər ittifaq dövlət təhlükəsizliyinin 9 rəhbərinin dövrünə təsadüf edir: Merkulov (1941, 1943-1946), Abakumov (1946-1951), İqnatyev (1951-1953), Beriya (1953, 15 mart – 26 iyun, daxili işlər naziri), Kruqlov (1953-1956, daxili işlər naziri), Serov (1954-1958, SSRİ Nazirlər Soveti yanında DTK-nin təsis edilməsi və onun ilk sədri), Şelepin (1958-1961), Semiçastnı (1961-1967), Andropov (1967-1982). Bunların içərisində Heydər Əliyev yalnız qeyri-adi şəxsiyyət olan Y.V.Andropovla (1914-1984) səmimi dostluq münasibəti saxlamışdır. Onların hər ikisi ziyalı, təhsilli, çox mütaliə edən və çox düşünən insan idi.

Heydər Əliyev çox yüksək səviyyədə intellektual şəxsiyyət olmuşdur. O, müxtəlif dilləri bilir, aktyorluq sənətinə və rəssamlığa böyük maraq göstərirdi. Ulu öndər incəsənət tarixinin, nəzəriyyəsinin və fəlsəfənin mahir bilicisi olmaqla, Azərbaycan, rus və Qərbi Avropa teatrının ənənələrinə və novatorluğuna dərindən bələd idi.

SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin 1964-cü il 2 mart tarixli 85 saylı əmrinə müvafiq olaraq, podpolkovnik Heydər Əlirza oğlu Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdi. O zaman Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə Semyon Sviqun rəhbərlik edirdi (1963-1967). Respublika Dövlət Təhlükəsizliyi Komitəsindən Mərkəzə göndərilən ən vacib sənədləri Heydər Əliyev hazırlayırdı.

Peşəkarlığının, işdə göstərdiyi nümunəvi xidmətin və qazanılmış nailiyyətlərin məntiqi nəticəsi olaraq, 1965-ci il martın 31-də Heydər Əliyevə polkovnik rütbəsi verilmişdi.

Əməli fəaliyyəti ilə təhlükəsizlik orqanlarında böyük nüfuz qazanan polkovnik Heydər Əliyev 1966-cı ilin fevralında SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin F.Dzerjinski adına ali məktəbinin rəhbər heyətinin təkmilləşdirilməsi kurslarına göndərilmiş, həmin ilin mayında kursu müvəffəqiyyətlə bitirib respublikaya qayıtmışdır.

S.Sviqunu SSRİ DTK sədrinin birinci müavini təyin edəndən sonra Azərbaycan dövlət təhlükəsizliyi orqanlarını kimə etibar etmək məsələsi ortaya çıxdı. S.Sviqun Moskvaya gedəndə öz yerinə Heydər Əliyevi tövsiyə etmişdi. Semyon Kuzmiç Heydər Əliyevin təşkilatçılıq bacarığını yüksək qiymətləndirir, fikirlərinə hər zaman hörmətlə yanaşır, onun çekistlik istedadını çox yüksək dəyərləndirirdi. Ona görə də belə bir fikir söylənilirdi ki, Heydər Əliyev məhz Sviqunun məsləhəti və Vəli Axundovun fəal dəstəyi ilə təyin olunmuşdu. Ancaq Moskvanın Azərbaycan DTK rəhbəri qismində rus millətinin nümayəndəsini görmək istəyi də istisna olunmur.

Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə azərbaycanlının təyin edilməsi tarixi hadisə idi. Bu vaxta qədər bu vəzifədə azərbaycanlı olmamışdı. Heydər Əliyevin özünün dediyinə görə, onun namizədliyinin üstünə o saat gəlmədilər. Bir sıra hallarda DTK sədrinin rus millətindən olan birini görmək istəyirdilər. 1997-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti qarşısında çıxış edərkən o, 30 il əvvəlki hadisələri belə xatırlayırdı: “Bizim Azərbaycandan olan, mənim yanımda işləyən adamlardan bəziləri öz şəxsi məqsədlərinə, şəxsi mənafelərinə görə həmin o Sviqunla birləşib yenə də buraya azərbaycanlı olmayan adamı – Moskvadan, yaxud burada olan bir rusu təyin etməyə cəhd göstərirdilər. Tarixi həqiqət naminə demək lazımdır ki, o vaxt, 1967-ci ildə məhz Andropovun bu işə şəxsi münasibəti və həqiqət naminə demək lazımdır ki, – mən bunu özümə görə demirəm, ancaq xalqın tarixi naminə deyirəm, – o vaxt Azərbaycanda Mərkəzi Komitənin birinci katibi olan Vəli Axundovun bu barədə düzgün mövqeyi nəticəsində – amma başqaları düzgün mövqedə deyildilər, – ilk dəfə olaraq azərbaycanlı bu orqanın rəhbərliyinə təyin olundu”.

Respublikanın DTK rəhbəri vəzifəsinə başqa iddialı namizədlər də var idi. Azərbaycan əhalisinin müsəlman olması, İran və Türkiyə ilə qonşuluqda yerləşməsi DTK-nın rəhbərinin rus olması məqsədəuyğun hesab edilirdi.

Heydər Əliyevin sədr seçilməsi isə artıq heç kimdə şübhə doğurmurdu. Çünki Heydər Əliyev bu sahədə yetərincə püxtələşmiş, ciddi şəxsiyyət, hazırlıqlı kadr kimi tanınırdı. Keçirdiyi çoxsaylı əməliyyatlar, topladığı böyük iş təcrübəsi, yüksək peşəkarlığı və təşkilatçılığı nəzərə alınaraq SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin 1967-ci il 22 iyun tarixli 27 saylı əmrinə əsasən Heydər Əlirza oğlu Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. 1967-ci il oktyabr ayının 30-da 136 nömrəli əmrlə ona general-mayor hərbi rütbəsi verilir. O, SSRİ DTK-sı tarixində general rütbəsi alan ilk azərbaycanlı idi.

Heydər Əliyev məhz dövlət təhlükəsizliyi orqanlarında işləyərkən onun tale yolu gələcək ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyeva ilə kəsişmişdir. Lakin bu ailənin qurulması çoxlu çətinliklər və mənəvi məhrumiyyətlər bahasına başa gəlmişdir. Onların dramatik şəraitdə başlayan məhəbbəti xoşbəxt sonluqla nəticələnmişdir. 1954-cü ilin noyabrında xoşbəxt bir ailənin əsası qoyulmuşdur.

Tariximizin gözəl bilicisi, erməni millətçilərinin Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən xəbərdar olan Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində rəhbər vəzifələrdə çalışdığı dövrlərdə erməni məkrinin əyani sübutları ilə dəfələrlə qarşılaşmışdı. Onun Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni separatçıları ilə mübarizəsi Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilməsindən əvvəl başlamışdı.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev hakimiyyətdə olduğu illərdə kürsülərdən heç vaxt ermənilər və erməni millətçiləri əleyhinə danışmasa da, bütün fəaliyyəti onların əsassız iddialarının qarşısını müxtəlif yollarla almağa yönəlmişdi. O, ermənilərin təxribatçı və separatçı qruplarının Azərbaycanla bağlı planlarını pozmuş, fəaliyyətlərini genişləndirməyə imkan verməmişdir. Heydər Əliyev bununla əlaqədar demişdir: “30-cu, 40-cı, 50-ci, 70-ci illərdə də erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdı. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.

Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarında müxtəlif vəzifələrdə işlədiyi zaman və ondan sonra Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə milli mənafeyə əks olan heç bir tədbir görülməmiş, heç bir adam antisovet, yaxud millətçi təbliğat üstündə həbs edilməmişdir. O, Azərbaycan xalqının neçə-neçə tanınmış ziyalısını yersiz təqiblərdən qorumuş, milli mənlik şüurunun oyanmasına, milli özünüdərkin yaranmasına rəvac verən ziyalı təşəbbüslərini dəstəkləməklə, xüsusi xidmət orqanlarını milli mənafelərə tabe edən rəhbər olmuşdur.

Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsinin az sayda olan rəhbərlərindən idi ki, fəaliyyətə ən aşağı pillədən başlayaraq yüksəlmişdi. Onun dövründə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi nəzərəçarpacaq dərəcədə milli kadrlarla təmin edilmiş və ziyalılaşmışdı. Təhlükəsizlik orqanlarındakı milliləşməni öz peşəkar fəaliyyətinin başlıca uğurlarından hesab edən Heydər Əliyev 1999-cu ildə təhlükəsizlik orqanlarının yaradılmasının 80-ci ildönümü ilə bağlı keçirilən tədbirdə etdiyi çıxışında demişdir: “Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının Azərbaycana vurduğu zərərə baxmayaraq, bu təşkilatın milliləşdirilməsi prosesi bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu”.

Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi illərdə bu mühüm orqanda milli kadrların çox olmasına çalışmış və buna nail olmuşdur. Heydər Əliyevin inadla apardığı milliləşmə siyasətinin nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlıların xüsusi çəkisi sürətlə artaraq 40-50-ci illərdə 25 faizdən 70-ci illərdə 65-70 faizə çatmışdı.

Ümummilli lider Heydər Əliyev hərtərəfli biliyi, qətiyyəti, həmçinin DTK-da öyrəndikləri ilə müstəqil Azərbaycanı üzləşdiyi təhlükələrdən qorumuşdur. O, Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi illərdə birbaşa özünün rəhbərliyi ilə bir sıra əməliyyatlar hazırlanmış, qarşıya qoyulan məqsədə nail olunmuş və uğur əldə edilmişdir.

Heydər Əliyev 25 il təhlükəsizlik orqanlarında xidmət göstərmiş və bu orqanı SSRİ miqyasında tanıtmışdır. Elə buna görə dəfələrlə fəxri fərmanlara, qiymətli hədiyyələrə, orden və medallara layiq görülmüşdür. O, 1962-ci ilin aprelində “Dövlət təhlükəsizliyi orqanının fəxri əməkdaşı” nişanı, 1962-ci ilin mayında “Qırmızı ulduz” ordeni, 1964-cü ildə isə “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilmişdir.

General Heydər Əliyev Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinə 2 il rəhbərlik etdi. V.Y.Andropov onun fəaliyyətini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 27 noyabr 1966-cı il tarixli 166 saylı əmri ilə yüksək qiymətləndirmişdi: “General-mayor Heydər Əlirza oğlu Əliyev təhlükəsizlik orqanlarında 25 il fəaliyyət göstərib. Bu müddət ərzində, o, sıravi operativ işçidən respublika DTK-sının sədrinə qədər böyük yol keçmişdir. Rəhbər vəzifələrdə olarkən yoldaş Əliyev bütün gücünü, enerjisini, bacarığını dövlətimizin təhlükəsizliyinin təmin olunmasına yönəldib, özünü çox yaxşı təşkilatçı kimi göstərib.

Hazırda yoldaş Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir. Təhlükəsizlik orqanlarında uzunmüddətli və səmərəli fəaliyyətinə görə, general-mayor Heydər Əliyevə təşəkkür elan edilsin və o, məxsusi qiymətli hədiyyə ilə mükafatlandırılsın”.

Heydər Əliyev qeyri-adi istedada, hərtərəfli biliyə, analitik təfəkkürə, sarsılmaz iradəyə malik, böyük idarəetmə məharətinə, hadisələrin nəbzini tutmağı bacaran mahir siyasətçi idi. Onun bu yüksək keyfiyyətlərindən, fenomen xüsusiyyətlərindən təkcə təhlükəsizlik orqanlarına pay düşmədi, bütövlükdə müstəqil Azərbaycan Respublikası faydalandı, onu daimi və dönməz etdi. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlər diqqəti xüsusilə cəlb edir.

Heydər Əliyev hakimiyyətinin birinci dövründə (1969-1982) Azərbaycanı aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevirmiş, ikinci dövründə (1993-2003) isə müstəqil Azərbaycanın davamlı və dayanıqlı inkişafına, hərtərəfli yüksəlişinə nail olunmuşdur. Azərbaycan Respublikası bütün göstəricilər üzrə lider dövlətə çevrilmişdir. Heydər Əliyevin hazırladığı və həyata keçirdiyi siyasi kurs ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir. Azərbaycanın ən ağrılı problemi olan ərazi bütövlüyü məsələsi İkinci Qarabağ müharibəsində uğurla həll edilmiş, itirilmiş torpaqlarımız geri qaytarılmışdır. Hazırda Böyük Qayıdış uğurla həyata keçirilir.

İsmayıl HACIYEV,
AMEA Naxçıvan bölməsinin sədri, akademik



Siyasət