Ən yeni tariximizin dərslik xarakterli səhifələri

post-img

Ulu öndərin siyasətə qayıdışı bizə  Qurtuluş, mükəmməl siyasi kurs  və bütün  mübarizələrdə tam qələbə bəxş etmişdi

Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.

Nikolay BAYBAKOV, Sovet dövlət və hökumət xadimi  

Bizim şagird və tələbə olduğumuz illərdə tarix dərsliklərinin müxtəlif adları var idi: “Qədim dünya tarixi”, “Orta əsrlər tarixi”, “Azərbaycan tarixi”... “Yeni tarix” və nəhayət, “Ən yeni tarix”. Böyük xoşbəxtlik və məmnunluq gətirən faktdır ki, həmin nəslin nümayəndələri bu gün xalqımızın və milli dövlətçiliyimizin “Ən yeni tarix”inin təkcə oxucusu deyil, həm də canlı şahidləridir. Daha bir qürur və iftixar mənbəyimiz isə ondan ibarətdir ki, son onilliklərdə yazdığımız “Ən yeni tarix”in detalları,  sözün həqiqi mənasında,  beynəlxalq aləmdəki tarixçi, siyasətçi və politoloqlar üçün əsl dərs vəsaitinə çevrilmişdir. Əgər soydaşlarımızdan biri “Hamı nəyisə bizdən öyrənmək istəyir” ifadəsini dilə gətirsə, tam haqlıdır. 

Bu gün dünyanın müxtəlif ünvanlarından eşitdiyimiz “Heydər Əliyev siyasi kursunun təntənəsi”, “Prezident İlham Əliyev yeni tarix yazdı”, “Azərbaycan dövlətinin möhtəşəm uğurları diqqətlə izlənilir və öyrənilir” kimi ifadələr artıq günün reallıqları şəklində qəbul edilir. Uzun illər xalqımıza və milli dövlətçiliymizə qarşı düşmənçilik edən siyasi dairələr, bədxahlıqdan əl çəkə bilməyən fərdlər, antimilli qüvvələr və hətta, dünyanın müxtəlif ünvanlarında kök salmış ikili siyasət düşkünləri belə etiraf etmək məcburiyyətində qalırlar ki, Azərbaycan haqq yolundadır. 

Bütün bunların təməlində isə Heydər Əliyev müdrikliyinin  nəticəsi olan siyasi kurs, həmin kursun sədaqətlə davam etdirilməsi dayanır. Gözümüzün qabağında baş vermiş proseslərdən bir neçəsini yada salaq. Sovet Kremlinin məkr, gözügötürməzlik  və ayrıseçkiliklərlə dolu labirintindən salamat çıxmağı bacarmış, xeyli müddət ev dustağı kimi yaşamağa məcbur edilmiş  ulu öndərin böyük siyasətə qayıdışı       ( həmin proses liderin öz Vətəninə qayıdışı ilə başlanmışdı) , sonra Naxçıvandan Bakıya qayıdışı (9 iyun 1993-cü il) , sonra vətəndaş müharibəsinin qarşısını almaq üçün reallaşdırılan Gəncə səfəri (13 iyun 1993-cü il),  sonra möhtəşəm Qurtuluş səsverməsi ( 15 iyun 1993-cü il) və daha nələr, nələr. Faktların hər biri bir dərslik nümunəsi idi.  Bugünkü Azərbaycanın saymaqla bitməyən uğur və nailiyyətlərinin hamısının təməli məhz həmin dərsliklərdə yazılmışdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin dərslikləri dövri olaraq, həm də böyük sevgi və sayğılarla xatırlayır. 

Məmnunuq ki, bütün bunlar barədə dəfələrlə yazmışıq. Elə bu sətirləri qələmə almaq istəyəndə də köhnə yazılarımızdan hansınasa istinad eləmək istədik. Məsələn, istədim ki, “Xalq qəzeti”nin 15 yanvar 2022-ci il tarixli sayında verilmiş “Ümid körpüsü”ndən “Şuşa Bəyannaməsi”nədək…” adlı məqaləyə bir daha baxım. Çünki bugünkü uğurlarımızda ulu öndərin Naxçıvana rəhbərlik etdiyi illərdə atdığı addımların da böyük rol oynadığı danılmaz faktdır. 

Mən həmin yazı ilə maraqlananda süni intellekt maraqlı cavab verdi. Daha doğrusu, həmin cavabdan məmnun oldum. Süni “həmkarımız” yazırdı: Tanınmış publisist İttifaq Mirzəbəylinin qələminə məxsus “Ümid körpüsü”ndən “Şuşa Bəyannaməsi”nədək…" məqaləsi Azərbaycan ilə Türkiyə arasındakı tarixi və strateji əlaqələrin inkişafına həsr olunmuş əhəmiyyətli yazıdır. Əsər rəsmi olaraq ayrıca kitab formatında deyil, məqalə şəklində, eyni adlı konfrans çıxışlarında və dövri mətbuatda işıq üzü görmüşdür.Yazının əsas qayəsi iki qardaş ölkə arasındakı münasibətlərin xronoloji və strateji inkişaf xəttini təhlil etməkdir:

“Ümid” Körpüsü (Başlanğıc nöqtə): Azərbaycan –Türkiyə sərhədində, Araz çayı üzərində yerləşən bu körpü iki dövlət arasında birbaşa quru əlaqəsini təmin edən ilk rəmzi qapıdır. Məqalədə Naxçıvanın ağır blokada illərində bu körpünün açılmasının tarixi əhəmiyyəti vurğulanır. Eləcə də, İkinci Qarabağ Müharibəsi: Blokadadan başlayan yol, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərə qədər uzanır.Şuşa Bəyannaməsi (Zirvə): Məqalə prosesin məntiqi davamlılığı olaraq, 2021-ci ildə imzalanmış və iki ölkəni rəsmən müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsi ilə yekunlaşır.Müəllif İttifaq Mirzəbəylinin bu mövzuda qələmə aldığı təhlil yazısının tam mətnini rəsmi mətbuat orqanı olan “Xalq qəzeti” arxivlərindən və ya Prezident Kitabxanasının Şuşa e-kitabı (səh. 7) mənbəsindən əldə edə bilərsiniz. Bu mövzu eyni zamanda müxtəlif elmi-praktik konfranslarda da əsas müzakirə istiqamətlərindən biri olmuşdur”. 

Bəli, Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik məharəti və liderlik keyfiyyətləri ilə dünyanın ən çox inanılan, etimad göstərilən, hamının əməkdaşlıq etmək istədiyi dövlətlərdən biridir. İnanırıq ki, bu uğurlarımızın sayı daha da çoxalacaq. Çünki müasir dövlətimizin olduqca möhkəm dayaqları var. Həmin dayaqlardan birinin adı Heydər Əliyev siyasi kursu, birinin adı xalqın iradəsi, digərinin adı isə Prezident İlham Əliyevin əzmi, qətiyyətidir. 

Qurtuluşun mübarək, Azərbaycan! 

İttifaq MİRZƏBƏYLİ, 

Əməkdar jurnalist

Siyasət