Mədəni dəyərlərə xidmətdə keçən ömür

post-img

Zöhrə Əliyeva – 65

Azərbaycan Mətbuat Şurasında mədəniyyət mövzusunda tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi, “Mədəniyyət” jurnalının baş redaktoru, fəlsəfə dokturu, yaradıcılıq birliklərinin üzvü Zöhrə Əliyevanın 65 illik yubileyi həmkarlarının, elmi-mədəni ictimaiyyət təmsilçilərinin iştirakı ilə təntənəli surətdə qeyd edildi.

Mərasimi giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid yubilyarın həyat və yaradıcılığı barədə məlumat verərək bildirdi ki, Zöhrə Əliyeva milli dəyərlərə sevgi və mənəvi zənginlik mühitində böyüyüb, tərbiyələnib. 1983-cü ildə Rus dili və Ədəbiyyatı İnstitutunu uğurla bitirmiş gənc Şamaxı rayonu Qaravəlli kənd orta məktəbində müəllim, eyni zamanda, “Yeni Şirvan – Novıy Şirvan” rayon qəzetində müxbir-tərcüməçi işləyib. Pedaqoji və jurnalistik fəaliyyət sonrakı illərdə də Zöhrə Əliyevanın bioqrafiyasında paralel davam edib.

Uzun illər Azərbaycan Teleradio Verilişləri Komitəsinin ədəbi-dram verilişləri baş redaksiyasında, sonrakı illərdə “Lider” TV-də müxtəlif vəzifələrdə çalışmış həmkarımız populyar incəsənət proqramlarındakı çıxışları ilə mədəniyyət sahəsində yetkin redaktor və teleaparıcı kimi tanınıb. Elmlər namizədi dissertasiyası müdafiə etmiş Zöhrə xanım məzunu olduğu ali məktəbdə dərs deyib. O, Mədəniyyət Nazirliyində mətbuat katibi və informasiya mütəxəssisi kimi səmərəli fəaliyyətini isə son illərdə bu qurumun “Mədəniyyət” jurnalının redaktoru olaraq davam etdirir.

Təcrübəli və nüfuzlu qələm sahibi kimi Zöhrə Əliyeva ölkənin rəhbər media qurumlarında da təmsil olunub. Həmkarımız media və mədəniyyət sahəsində xidmətlərinə görə dövlət təltiflərinə, “Humay”, “Həsən bəy Zərdabi”, “Qızıl qələm”, “Şəms” kimi yaradıcılıq mükafatlarına layiq görülüb.

Rəşad Məcid media sahəsində çoxillik səmərəli fəaliyyətinə görə Zöhrə Əliyevanı səmimi təbrik etdi, ona layiq görüldüyü Mətbuat Şurasının Fəxri yubiley diplomunu təqdim edərək yeni yaradıcılıq uğurları arzuladı.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Zöhrə Əliyevanın peşəkar, milli maraqlara sadiq jurnalist olduğunu, rəhbərlik etdiyi “Mədəniyyət” jurnalının jurnalistikamıza və mədəniyyətimizə töhfələr verdiyini bildirdi.

Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu həmkarımızın milli jurnalistikamızı mövzu və sənətkarlıq baxımından zənginləşdirən qələm sahiblərindən olduğunu, ölkənin geniş auditoriya qazanmış qadın jurnalisti kimi tanındığını söylədi, ona yaşlı nəsil yazarların təbriklərini və xoş arzularını çatdırdı.

MŞ İdarə Heyətinin üzvü, BDU jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli yubilyarla AzTV-də birgə fəaliyyətlərindən söz açdı, onun intizamlı, prinsipial, yenilikçi qələm sahibi və mükəmməl aparıcı kimi geniş populyarlq qazandığını qeyd etdi. Zöhrə Əliyevanın ali məktəb müəllimi olmuş Slavyan Universitetinin professoru Flora Naci tələbəsinin gənclik illərindən istedadı, mədəni səviyyəsi ilə seçildiyini yad edərək, qazandığı uğurlara sevindiyini və yetirməsi ilə fəxr etdiyini bildirdi. Şair-publisist Seyran Səxavət Zöhrə xanımın atası filoloq-alim Qulamhüseyn Əliyevin elm, təhsil və mədəniyyətə sevgi ilə xidmət etmək yolunu layiqincə davam etdirdiyini, çalışdığı sahələrdə daim öndə olduğunu söylədi.

Mərasimdə çıxış edən professorlar İlham Rəhimli, Sevinc Zeynalova, Zümrüd Dadaşzadə, Məsmə Qazıyeva, Asif Rüstəmli, Akif Azalp, Qafqaz Müsəlmanlar İdarəsi sədrinin müavini Qəmər Cavadlı, əməkdar jurnalistlər Zemfira Məhərrəmli, Əntiqə Qonaq, şair-naşir Nəzakət Məmmədli, qələm dostları Arzu Babayev, Etibar Cəbrayıloğlu, Afət İslam, Vasif Ayan, Qurban Cəbrayıl və başqaları Zöhrə Əliyevanın yarım əsrə yaxın çoxsahəli fəaliyyəti ilə milli mediamıza, filologiya elminə, ali təhsilə və mədəni quruculuğa sanballı xidmətindən məmnunluqla danışdılar. Onlar həmişə alicənablığı və səmimiyyəti ilə seçilən, dostlarının sevimlisinə çevrilən Zöhrə xanımın keçdiyi zəngin, mənalı və şərəfli ömür yoluna nəzər saldılar, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzuladılar.

Sonda təbriklərə və ömür yoluna, fəaliyyətinə verilən yüksək qiymətə görə razılığını bildirən Zöhrə Əliyeva bundan sonra da milli-mədəni dəyərlərimizin yaşadılmasına və geniş yayılmasına xidmət edəcəyini söylədi.

T.RÜSTƏMLİ
XQ



Sosial həyat