Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin günlərin təntənəli şəkildə qeyd edilməsi artıq ənənə halını alıb. Sözügedən sərəncama əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günü kimi müəyyən olunub. Çünki bu təqvim – Vətən müharibəsinin 24-cü günü Azərbaycanın hərb tarixinə Zəngilan şəhərinin və ətraf kəndlərin işğalçıdan təmizləndiyi gün kimi həkk edilib.
1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan və 27 il davam edən qəsbkarlıq dövründə Zəngilan tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il oktyabrın 20-də ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində şəhər və rayonun 6 kəndi erməni quldur birləşmələrindən təmizlənib. Prezident İlham Əliyev həmin gün müraciətində bu xoş xəbəri xalqa çatdıraraq bildirib: “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”.
Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Zəngilanın işğaldan azad edilməsi ilə Zəngəzur bölgəsinə nəzarət imkanları bərpa edilib. Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi isə Azərbaycan – İran dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətə götürülüb. Bununla da işğalçıya daşınan hərbi yüklərin qarşısı alınıb. Rayonun qəsbkardan geri alınması isə Qarabağ düyününün açılmasında həlledici amilə çevrilib. Bundan savayı, Bartaz, Sığ ırt, Şü kü rataz və daha 5 yüksəkliyin azad edilməsi ilə çox böyük strateji üstünlük əldə edilib.
Vətən müharibəsində Zəngilanın azad edilməsi üçün uğurlu “Üç nöqtə” əməliyyatı həyata keçirilib. Bir gün əvvəl ərazinin havadan kəşfiyyatı aparılıb, düşmən haqqında məlumat, onun yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil olunub. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra edilərək düşmənə sarsıdıcı zərbələr endirilib və işğalçı qaçmağa məcbur olub. Pilotsuz uçuş aparatları vasitəsilə düşmən dərinliklərindəki artilleriya qurğuları, yaxınlaşmaqda olan texnika sıradan çıxarılıb.
Vətən müharibəsi yekunlaşandan dərhal sonra Zəngilan rayonunda sürətli yenidənqurma işlərinə başlanılıb. 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da isə Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Bundan başqa, rayonun Ağalı kəndində “ağıllı kənd” layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev həmin yaşayış məntəqəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edib. Ağalı kəndinə əhalinin köçürülməsinə isə 2022-ci il iyulun 19-da başlanılıb.
Zəngilanda indiyədək genişmiqyaslı yenidənqurma işləri görülüb. Ağalı kəndində məktəb və digər sosial obyektlər istifadəyə verilib. Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, uşaq bağçasının təməli qoyulub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş “Cahangirbəyli” Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi inşa edilib. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb.
XQ