İyulun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri Troy Duli ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı missiyanın rəhbəri etimadnamə məktubunun surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Troy Duliyə fəaliyyəti müddətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, eləcə də cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin Beynəlxalq Miqrasiya Təşkilatı ilə sıx əməkdaşlığının mövcud olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib.
Keçmiş Ermənistan–Azərbaycan münaqişəsinə toxunan nazir münaqişə nəticəsində ölkəmizin genişmiqyaslı miqrasiya problemi ilə üzləşdiyini, Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü xatırladıb. Postmünaqişə dövründə məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün aparılan işlər barədə məlumat verilib.
Ölkəmizin cari ildə COP29-a evsahibliyi edəcəyini xatırladan nazir Ceyhun Bayramov iqlim dəyişikliyinin əlaqədar olduğu bir sıra sahələr, o cümlədən miqrasiya istiqaməti üzrə əməkdaşlığın vacibliyini vurğulayıb. Bu istiqamətdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XQ