Mətnşünaslıq və dinşünaslıqda xidmətləri olan alim

post-img

Milli-mənəvi irsimizin ən dəyərli qaynaqlarından olan əlyazmaların tədqiqi, eləcə də dinşünaslıq və mədəniyyət fəlsəfəsi sahəsində aparılan araşdırmalar xalqın tarixi yaddaşının qorunması, mənəvi dəyərlərinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə ardıcıl araşdırmaları, zəngin elmi fəaliyyəti və çoxsaylı nəşrləri ilə seçilən tədqiqatçılardan biri də filologiya elmləri doktoru, dosent Səbuhi İbrahimovdur.

Əlyazma mətnlərinin tədqiqi, eləcə də dinşünaslıq və mədəniyyət fəlsəfəsi sahəsində uzun illərdir araşdırmalar aparan Səbuhi İbrahimovun elmi maraqları hələ müəllimlik fəaliyyətinin ilk illərində formalaşmışdır. O, 1994-cü ildə doğulduğu Ərəzin kənd orta məktəbində fars dili müəllimi işlədiyi dövrdən klassik mətnlərə və dini-fəlsəfi irsə xüsusi maraq göstərmişdir. Bu maraq sonralar onu elmi tədqiqat sahəsinə gətirmiş, əlyazmaların öyrənilməsi və mətnşünaslıq problemlərinin araşdırılması istiqamətində fəaliyyət göstərməsinə zəmin yaratmışdır. Nəticədə onun elmi yolu AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu ilə sıx bağlı olmuş və burada apardığı araşdırmalar gələcək elmi fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Səbuhi İbrahimovun elmi yaradıcılığında həm fəlsəfə tarixi, həm də dinşünaslıq istiqamətləri mühüm yer tutur. Alim “İslamda İmamilik” mövzusunda apardığı tədqiqatlarla İslam düşüncəsinin mühüm problemlərini araşdırmış, dini-fəlsəfi məsələlərin elmi təhlilinə töhfə vermişdir. Sonrakı illərdə isə fəaliyyətinin əsas istiqamətlərindən biri qədim əlyazmaların tədqiqi olmuşdur. Xüsusilə Naxçıvana dair əlyazmaların filoloji və tekstoloji baxımdan araşdırılması istiqamətində həyata keçirdiyi işlər Azərbaycan mətnşünaslıq elminə mühüm töhfələr hesab edilir.

Alimin 2023-cü ildə müdafiə etdiyi “Naxçıvana dair əlyazmaların filoloji-tekstoloji tədqiqi (XIX əsrin axırı – XX əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası bu sahədə aparılan sistemli araşdırmaların nəticəsi kimi diqqəti cəlb edir. Tədqiqatda bölgənin elmi, dini və mədəni həyatını əks etdirən əlyazmaların məzmunu, dili, mətn xüsusiyyətləri və tarixi əhəmiyyəti geniş şəkildə təhlil edilmişdir.

Səbuhi İbrahimovun elmi fəaliyyətinin mühüm cəhətlərindən biri də zəngin nəşr fəaliyyətidir. Onun müəllifi və həmmüəllifi olduğu kitablar, monoqrafiyalar, dərs vəsaitləri və metodik nəşrlər elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Alimin 180-dən artıq elmi məqaləsi Azərbaycanla yanaşı Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Hindistan, Rumıniya, Özbəkistan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilmişdir.

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda fəaliyyət göstərən alim uzun illərdir qədim mətnlərin toplanması, kataloqlaşdırılması, tədqiqi və elmi dövriyyəyə gətirilməsi istiqamətində mühüm işlər həyata keçirir. Onun araşdırmaları nəticəsində Naxçıvanın tarixi, dini və mədəni həyatını əks etdirən bir sıra əlyazma nümunələri elmi ictimaiyyətə təqdim edilmiş, bu sahədə yeni tədqiqat istiqamətləri formalaşmışdır.

Mətnşünaslıq, dinşünaslıq və fəlsəfə tarixinin müxtəlif problemlərinə həsr olunmuş araşdırmaları ilə Səbuhi İbrahimov müasir Azərbaycan elminin inkişafına öz töhfəsini verməkdə davam edir. Onun elmi fəaliyyəti müxtəlif nüfuzlu qurumlar tərəfindən yüksək qiymətləndirilmiş, mətnşünaslıq, dinşünaslıq və milli-mədəni irsin tədqiqi sahəsində əldə etdiyi nailiyyətlər bir sıra mükafat və təltiflərlə qeyd olunmuşdur. 2023-cü ildə AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə ona elmi fəaliyyətinin nəticələrinə görə “İlin alimi” fəxri adı verilmişdir. Həmin il Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin və dövlətçilik ideyalarının araşdırılması və təbliği istiqamətində göstərdiyi xidmətlərə görə Azərbaycan Milli Elmlər Akademiyasının təşəkkürnaməsinə layiq görülmüşdür. 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının elmi mühitində və ictimai həyatında fəal iştirakına görə AMEA Rəyasət Heyətinin təşəkkürnaməsi ilə təltif olunmuş, eyni zamanda Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunmuş “Muxtariyyətin 100 ili” müsabiqəsində uğurlu iştirakına görə Fəxri fərmanla mükafatlandırılmışdır.

Səbuhi İbrahimovun elmi uğurları beynəlxalq səviyyədə də öz əksini tapmışdır. 2025-ci ildə “Elmdə Sonsuz İşıq” (Endless Light in Science) Beynəlxalq Tədqiqat Mərkəzinin təşkil etdiyi beynəlxalq elmi-tədqiqat müsabiqəsində qaliblər sırasında yer almış, elmi-pedaqoji fəaliyyətinə görə I dərəcəli diplom və “Ən yaxşı gənc alim” medalı ilə təltif edilmişdir. Bu mükafatlar onun elmi araşdırmalarının aktuallığını, məhsuldarlığını və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərən mühüm göstəricilərdəndir.

 

   Kübra Vəliyeva

   AMEA Naxçıvan Bölməsi Əlyazmalar  

   Fondunun laboratoriya rəhbəri

 

 

 

 

Sosial həyat