Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun “Xalq qəzeti”nə müsahibəsi
– Tahir müəllim, bütün dünyada olduğu kimi, ölkəmizdə də Ümumdünya Statistika Günü təntənəli şəkildə qeyd edilir. Bu gün nə vaxt təsis edilib və keçirilmə qaydası necədir?
– Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin bütün üzvlərinin, xüsusilə beynəlxalq təşkilatların, elmi dairələrin, medianın, rəsmi statistikanın bütün istehsalçı və istifadəçilərinin diqqətinin müasir dövrün problemlərinin həlli üçün adekvat informasiya təminatında mühüm rol oynayan statistikaya yönəldilməsidir. Bununla əlaqədar, Azərbaycanın da həmmüəllif kimi qoşulduğu BMT Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli, 69/282 nömrəli qətnaməsinə uyğun olaraq, 5 ildən bir keçirilən Ümumdünya Statistika Günü ölkəmizdə də təntənəli şəkildə qeyd edilir. BMT-nin Statistika Komissiyasının 2025-ci il 4-7 mart tarixlərində keçirilmiş 56-cı sessiyasında BMT Baş katibinin Ümumdünya Statistika Günü ilə bağlı təqdim olunmuş məruzəsinə əsasən bu əlamətdar gün cari ildə beynəlxalq, milli və regional səviyyədə “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında keçirilir.
Qeyd etmək istərdim ki, qlobal mütərəqqi təşəbbüslərə böyük önəm və töhfə verən Azərbaycanda Ümumdünya Statistika Günü ilk dəfə 2015-ci ildə təntənəli şəkildə qeyd olunmuşdur. Lakin 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzündən sonra başlayan İkinci Qarabağ müharibəsi ilə əlaqədar Ümumdünya Statistika Gününün ölkəmizdə qeyd edilməsi mənəvi prinsiplər və etik normalar baxımından mümkünsüz hesab edilmiş və bununla bağlı Dövlət Statistika Komitəsi tərəfindən beynəlxalq təşkilatlara və dünya ölkələrinin statistika qurumlarına müraciət ünvanlanmışdır.
Bu il – Vətən müharibəsindəki möhtəşəm Zəfərimizin 5 illiyində Ümumdünya Statistika Gününün ölkəmizdə də yüksək səviyyədə, təntənəli şəkildə qeyd olunması üçün bir sıra tədbirlər müəyyən edilərək onların icrasına başlanılmışdır. Ümumdünya Statistika Günü ərəfəsində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun keçirilməsi və iştirakçılara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciət ünvanlaması, statistikləri bu gün münasibətilə təbrik etməsi beynəlxalq statistika cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Eyni zamanda, ölkə başçısının müraciətində statistikanın əhəmiyyətinin ildən-ilə artaraq cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün mühüm vasitələrdən birinə çevrildiyi vurğulanmış, Azərbaycanda milli statistika sisteminin ardıcıl şəkildə inkişaf etdirildiyi, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalının daim diqqət mərkəzində saxlanıldığı barədə dəyərli fikirlər bildirilmişdir.
Fürsətdən istifadə edərək mən də fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq rəsmi statistika istehsalı prosesinə öz töhfəsini verən hər bir şəxsi bu əlamətdar gün münasibətilə təbrik edir, onlara işlərində uğurlar arzulayıram.
– Beynəlxalq səviyyədə baş verən qlobal dəyişikliklər və ölkədə həyata keçirilən islahatlar fonunda Azərbaycanın milli statistika sistemində son illərdə hansı yeniliklər baş verib?
– İlk öncə vurğulamaq lazımdır ki, ölkələrin sosial-iqtisadi inkişaf prioritetlərinin müəyyən edilməsi üçün informasiya təminatında xüsusi rola malik olan milli statistika sistemləri təşəkkül tapdığı dövrdən etibarən beynəlxalq səviyyədə müəyyən edilmiş fundamental dəyərləri qoruyub saxlamış və böyük inkişaf yolu keçərək daim yeni perspektiv hədəflərə doğru irəliləmişdir.
Milli və qlobal çağırışlara layiqincə cavab verməyi özünün əsas hədəfi hesab etməklə qlobal statistika ailəsinin bir üzvü kimi Azərbaycanın milli statistika sistemi də son illər ərzində daim tərəqqiyə can atmış, ciddi islahatlar yolu ilə yeni tələblərə uyğun inkişaf etdirilmişdir.
Azərbaycanda milli statistika sisteminin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə onun rəhbərliyi ilə yaradılmış hüquqi baza əsasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli statistika sisteminin formalaşdırılması prosesinə başlanılmış, sonrakı illərdə uğurla davam etdirilən islahatlar rəsmi statistikanın inkişafına güclü təkan vermiş, bu sahədə ardıcıl qəbul olunmuş 6 dövlət proqramı uğurla icra edilmişdir. Bu proqramlar çərçivəsində köklü islahatlar həyata keçirilmiş, o cümlədən milli statistik təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən statistik yükün azaldılması, rəsmi statistika istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi, keyfiyyəti idarəetmə sisteminin tətbiqi, metaməlumatların işlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və digər istiqamətlərdə mühüm tədbirlər görülmüşdür.
Bunun nəticəsidir ki, ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən aparılmış qlobal qiymətləndirmədə xarici ekspertlər həyata keçirilən islahatları yüksək qiymətləndirərək Azərbaycanın milli statistika sisteminin beynəlxalq standartlara uyğun olduğunu qeyd etmiş, Dövlət Statistika Komitəsi “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində nüfuzlu beynəlxalq audit təşkilatları tərəfindən ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. Dövlət Statistika Komitəsi Azərbaycanda bu uyğunluq sertifikatına layiq görülən ilk mərkəzi icra hakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da bu sertifikatı əldə edən ilk statistika qurumudur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinin “Dövlət Nəzarəti İnformasiya Sistemi” vasitəsilə qiymətləndirilməsinin nəticələrinə görə Dövlət Statistika Komitəsi son illərdə mərkəzi icra hakimiyyəti orqanları arasında 1-ci mövqedə qərarlaşmışdır.
Xüsusi vurğulamaq lazımdır ki, 2025-ci il 24-26 sentyabr tarixlərində Bakı şəhərində keçirilmiş “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ünvanlanmış müraciətdə cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün statistikanın ildən-ilə artan əhəmiyyəti qeyd olunaraq Azərbaycanda milli statistika sisteminin ardıcıl şəkildə inkişaf etdirildiyi, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalının daim diqqət mərkəzində saxlanıldığı vurğulanmışdır.
– Azərbaycanın milli statistika sistemi ciddi islahatlar yolu ilə yeni tələblərə uyğun inkişaf etdirilib. Hansı uğurlar qazanılıb?
– İlk növbədə institusional islahatları qeyd etmək istərdim. Belə ki, müstəqillik dövrünün ilk illərində bazar iqtisadiyyatına keçidlə bağlı ölkədə aparılmış köklü islahatlar çərçivəsində rəsmi statistika sisteminin inkişafı ilə bağlı bir sıra tədbirlərin görülməsinə, o cümlədən statistikaya dair qanunvericiliyin, milli statistika təcrübəsində istifadə olunan metodologiyaların və standartların beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm işlərin həyata keçirilməsinə, informasiya texnologiyalarının tətbiqinə başlansa da, dövlət statistika orqanlarının strukturunda adekvat dəyişikliklər aparılmamışdır. Bu isə, öz növbəsində, statistika məlumatlarının hazırlanması prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə, statistika fəaliyyətində innovasiyaların tətbiqinə, beynəlxalq əməkdaşlığın yeni müstəvidə təşkilinə olan zərurət fonunda idarəetmənin optimallaşdırılmasını tələb edir, dövlət statistika sistemində əsaslı islahatların aparılmasını şərtləndirirdi.
Məhz buna görə də 2015-ci ildən statistika orqanlarının qarşısında duran yeni vəzifələrə uyğun institusional quruculuğa start verilmiş, ilkin mərhələdə Dövlət Statistika Komitəsinin təklifləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə statistika sistemində struktur islahatları həyata keçirilmişdir. Qısa zaman kəsiyində Dövlət Statistika Komitəsinin mərkəzi aparatının strukturu tamamilə yenilənmiş, hər bir struktur vahidinin vəzifə və funksiyaları müəyyən edilərək onların ştat sayı optimallaşdırılmış, Komitənin tabeliyində olan Baş Hesablama Mərkəzi və Tədris Mərkəzi ləğv edilmiş, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin bazasında isə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi (ETSİM) yaradılmışdır. Bu islahatı labüd edən amilləri daha detallı şəkildə aşağıdakı kimi səciyyələndirmək olar.
Birincisi, rəsmi statistika məlumatlarının istehsalı prosesinin məlumatların toplanması və işlənməsi kimi vacib mərhələlərinin Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki Baş Hesablama Mərkəzində, layihələndirmə, məlumatların təhlili, yayılması kimi digər mərhələlərinin isə Komitənin aparatında həyata keçirilməsi statistika proseslərinin idarə edilməsinə və məlumatların keyfiyyətinə mənfi təsir göstərməklə statistik istehsal proseslərinin vahid sistem şəklində idarə olunması zəruriliyini ortaya qoymuşdur.
İkincisi, vaxtilə kadr çatışmazlığı şəraitində orta təhsilli kadrların hazırlığı ilə məşğul olan və Komitənin strukturuna daxil olmayan tabeliyindəki digər təsərrüfat hesablı müəssisə - Tədris Mərkəzi də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan sonra öz əhəmiyyətini itirmişdir.
Üçüncüsü, statistik müayinələrin təşkilində əsas mərhələlərdən olan seçmənin layihələndirilməsi, seçmə şəbəkəsinin formalaşdırılması, təsviri statistika ilə bağlı yeni yanaşmaların tətbiqi, eləcə də standart proqram təminatı paketlərindən istifadənin genişlənməsi bu sahədə daha geniş innovativ tədbirlərin həyata keçirilməsini şərtləndirmişdir. Bu baxımdan elmi metodlara əsaslanan yeni istiqamətlərin, qabaqcıl statistik texnologiyaların tədqiq edilməsi və tətbiqi yollarının müəyyən olunması üçün kompleks tədbirlərin həyata keçirilməsinə, habelə statistika sistemində çalışan mütəxəssislərin elmi metodlar və innovasiyalarla bağlı bilik səviyyələrinin artırılması üçün mütəmadi təlimlərin keçirilməsinə ciddi ehtiyac yaranmışdır.
Dördüncüsü, həyata keçirilən islahatlar çərçivəsində Dövlət Statistika Komitəsi aparatının da strukturunun təkmilləşdirilməsi, yeni şöbələrin yaradılması günün tələbinə çevrilmişdir. Belə ki, beynəlxalq təşkilatlarla və xarici ölkələrin statistika qurumları ilə əməkdaşlığın genişlənməsinin zəruriliyi, beynəlxalq statistika təcrübəsinin ölkədə tətbiqinin sürətləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet kimi müəyyən edilməsi Beynəlxalq əlaqələr şöbəsinin yaradılmasını şərtləndirmiş, beynəlxalq reytinq agentliklərinin ölkə ilə bağlı yaydıqları məlumatların araşdırılması, uzlaşdırılması, uyğunsuzluqların aşkara çıxarılması və aradan qaldırılması ilə əlaqədar fəaliyyət də bu şöbənin səlahiyyətinə aid edilmişdir.
Statistika sahəsində informasiya texnologiyalarının yüksək səviyyədə tətbiqi, 250-dən çox rəsmi statistika hesabatı formasının hüquqi və fiziki şəxslərdən elektron qaydada toplanması və emalı, proqram təminatlarının işlək vəziyyətdə saxlanılması, ölkənin mühüm əhəmiyyətli informasiya ehtiyatlarını özündə cəmləşdirən statistik məlumat bazalarının idarə edilməsi, bütün statistika proseslərinin elektronlaşdırılması, informasiya təhlükəsizliyinin təminatının yüksəldilməsi, qarşıya qoyulmuş yeni vəzifələrin icrasının təmin edilməsi məqsədilə İnformasiya texnologiyaları şöbəsi yaradılmışdır.
Həyata keçirilmiş islahatlar çərçivəsində Komitədə yeni bir şöbənin - Dayanıqlı inkişaf statistikası şöbəsinin yaradılması da vaxtında atılmış uğurlu addım kimi qiymətləndirilməlidir. Belə ki, dayanıqlı inkişafa təsir edən hadisələrin inkişaf qanunauyğunluqlarının, onların ölçülməsinin nəzəri və praktiki əsaslarının, ölkədə baş verən inkişaf proseslərinin öyrənilməsi, BMT Baş Assambleyasının 2015-ci ildə qəbul etdiyi və insan inkişafı üçün mühüm əhəmiyyət kəsb edən, planetimizi qorumağa yönəlmiş 17 məqsəd və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” üzrə rəsmi statistikanın istehsalı üçün struktur bölmənin təşkili zəruri idi və Azərbaycanın statistika sistemində belə bir şöbənin yaradılması beynəlxalq statistika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış, BMT-nin müvafiq qurumları və Avropa İttifaqının Statistika Bürosu (Avrostat) tərəfindən digər ölkələr üçün yaxşı nümunə kimi göstərilmişdir.
Dövlət Statistika Komitəsi sistemində əsas institusional islahatların növbəti mərhələsi 2018-ci ildə həyata keçirilmişdir. Statistika fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində əmək resurslarından daha səmərəli istifadə etmək məqsədilə Komitənin Bakı Şəhər Statistika İdarəsinin və digər yerli statistika orqanlarının təşkilati strukturuna yenidən baxılmış, onların fəaliyyət mexanizmi təkmilləşdirilmiş, işçilərin üzərinə düşən yük nəzərə alınmaqla işçi sayı optimallaşdırılmışdır ki, bu da əməyin ödənişi ilə bağlı xərclərin azaldılmasına və əmək məhsuldarlığının yüksəldilməsinə xidmət etmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 2621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na əsasən Bakı Şəhər Statistika İdarəsi üçün yeni inzibati binanın inşa edilməsi İdarənin müxtəlif ünvanlarda yerləşən rayon şöbələrinin vahid təşkilati-struktur formasında fəaliyyət göstərməsinə və əməkdaşlarının iş şəraitinin köklü surətdə yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, statistika sistemində aparılan islahatların uğurla həyata keçirilməsinə imkan yaratmışdır.
– Bəs digər islahatlardan hansılarını vurğulamaq istərdiniz?
– Dövlət Statistika Komitəsinin əsas diqqət yetirdiyi məsələlərdən biri informasiya təminatının təşkili məqsədilə müşahidələrin aparılmasıdır və bununla əlaqədar ölkəmizdə milli statistik metodoloji bazanın yaradılması və möhkəmləndirilməsi daim diqqət mərkəzində olmuşdir. Ötən 10 il ərzində BMT, Avrostat, Beynəlxalq Valyuta Fondu (BVF), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla, habelə yerli qanunvericilikdə baş vermiş dəyişikliklər nəzərə alınmaqla 500-dən çox metodoloji material, bir çox rəsmi statistika hesabatı forması yenidən işlənilmiş, digərlərinə əlavə və dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasında 2019-cu ildə əhali siyahıyaalınmasını, 2023-cü ildə Çoxgöstəricili Klaster Sorğusunu (MICS), 2025-ci ildə isə kənd təsərrüfatı siyahıyaalınmasını son 10 ildə həyata keçirilmiş ən irimiqyaslı işlər kimi qeyd etmək olar.
Dayanıqlı inkişaf məqsədləri (DİM) üzrə statistikanın təşkili üçün DİM göstəriciləri üzrə yüksək keyfiyyətli, əlçatan, etibarlı, vaxtlı-vaxtında verilən və müxtəlif əlamətlərə görə dezaqreqasiya olunan statistik məlumatların toplanması, emalı, yayımlanması, müvafiq statistik məlumat bazasının hazırlanması istiqamətində Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilmiş kompleks tədbirlər öz nəticəsini vermişdir. 2030 Gündəliyi çərçivəsində Azərbaycan DİM üzrə milli statistika sistemini formalaşdırmağa, həm qlobal, həm də milli göstəricilər üzrə məlumatların müntəzəm hazırlanaraq nəşrinə, peyk müşahidə məlumatlarından istifadə kimi innovativ yanaşmaların tətbiqinə nail olmuşdur.
DİM üzrə müşahidəsi aparılan qlobal göstəricilərin sayı ildən-ilə artaraq 2017-ci ildəki 79-dan 2024-cü ildə 153-ə yüksəlmiş, milli prioritet göstəricilərin sayı isə 2019-cu ildəki 70-dən 2024-cü ildə 112-yə çatmışdır. Bunlara nail olmaq üçün DİM üzrə qlobal göstəricilərin Azərbaycanın rəsmi statistikasında mövcudluq və əhatəlilik vəziyyəti təhlil edilmiş, onların məlumat mənbəyi və hazırolma müddəti müəyyənləşdirilmiş, müxtəlif mövzularda müayinələr keçirilmiş, mövcud hesabat formalarında və sorğu anketlərində DİM-ə dair məlumatların əlyetərliliyi və dezaqreqasiyasının təmin edilməsi məqsədilə dəyişikliklər aparılaraq onlara yeni modul və suallar daxil edilmiş, rəsmi statistikada mövcud olmayan göstəricilər üzrə məlumatların aidiyyəti dövlət orqanları ilə birgə əldə edilməsi üçün işlər görülmüş, beynəlxalq təşkilatlarla birlikdə Çoxgöstəricili Klaster Sorğusu (MICS), “Azərbaycanda müqayisəli şəhər məlumatlarının əldə edilməsi üçün DEGURBA yanaşmasının tətbiqi” layihəsi və sair proqramlar icra olunmuş, dayanıqlı inkişaf statistikasının təşkili ilə bağlı digər tədbirlər həyata keçirilmişdir.
2018-ci ildən başlayaraq hər il “Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal” adlı məcmuənin nəşr edilməsi, 2019-cu ildə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin dəstəyi ilə DİM-ə nailolma vəziyyətinin monitorinqi və geniş istifadəçi auditoriyasının məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının yaradılması, DİM göstəricilərinə dair qlobal metaməlumatların Azərbaycan dilinə tərcümə edilməsi, DİM statistikası sahəsində məlumatların hazırlanması və digər tədbirlər DİM sahəsində statistik potensialın artırılmasına güclü təkan vermişdir.
Bu illər ərzində turizm statistikası demək olar ki, yenidən qurulmuşdur. Ümumdünya Turizm Təşkilatının metodologiyası əsasında və ekspertlərin tövsiyələri nəzərə alınmaqla getmə və gəlmə turizmə dair statistik müayinə formaları və onların doldurulmasına dair göstərişlər hazırlanaraq təsdiq edilmiş, əldə olunan nəticələrə dair statistik bülletenlər hazırlanaraq aidiyyəti qurumlara göndərilmiş, onların elektron versiyası Komitənin rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Yeni çağırışlara uyğun olaraq “yaşıl inkişaf”, “rəqəmsal inkişaf”, “layiqli əmək” və digər aktual məsələlərə dair statistik göstəricilər sisteminin hazırlanması və bu istiqamətdə yeni məlumatların əldə edilməsini də yeni statistika sahələrinin yaradılmasının başlanğıcı kimi qiymətləndirmək olar.
Ümumiyyətlə, sosial-iqtisadi statistika sahəsində həyata keçirilən statistik müayinələr və digər işlər daha dolğun məlumatların əldə olunmasına imkan vermiş, müayinələrin nəticələri üzrə təhlili məruzələr, bülletenlər hazırlanmışdır.
– Statistik istehsal proseslərinin düzgün planlaşdırılması, idarəetmədə keyfiyyətin təmin olunması üçün Dövlət Statistika Komitəsində hansı işlər görülmüşdür?
– Bu istiqamətdə əsas diqqət beynəlxalq standartlara uyğunluğa yönəldilmiş və ISO 9001:2015 beynəlxalq standartının tələbləri əsas götürülmüşdür. Belə ki, Komitənin aparatında və yerli statistika orqanlarında qurulmuş Keyfiyyəti İdarəetmə Sisteminin (KİS) ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə statistika proseslərinin təşkilinin və məlumatların keyfiyyətinin təmin olunması üçün ümumi qayda və standartlar müəyyənləşdirilmiş, onların tətbiqi və icrasına nəzarət mexanizmləri hazırlanmış, sənədləşdirmənin KİS-in beynəlxalq standartlarına uyğun həyata keçirilməsi istiqamətində əsaslı işlər görülmüşdür.
Qeyd olunanlarla yanaşı ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq sənədlərin tərtibatının, təsdiqinin, tətbiqinin, qeydiyyatının, onlarda dəyişikliklərin edilməsinin, daxili auditlərin təşkilinin və nəticələrinin sənədləşdirilməsinin, uyğunsuzluqların aşkar edilməsinin, təhlilinin, onların aradan qaldırılması və təkrar baş verməməsi üçün təshihedici və qabaqlayıcı tədbirlərin görülməsinin, istifadəçi məmnunluğunun təmin edilməsinin və onlarla əks-əlaqələrin təşkilinin, KİS-in rəhbərlik tərəfindən təhlilinin qaydalarını müəyyənləşdirən müvafiq sənədləşdirilmiş prosedurlar, həmçinin “Keyfiyyət üzrə vəsait”in Komitənin aparatı ilə yanaşı, bütün yerli statistika orqanları tərəfindən hazırlanaraq istifadəsi təmin edilmişdir.
Bunların nəticəsidir ki, Dövlət Statistika Komitəsi aparatının struktur bölmələrində və keyfiyyəti idarəetmə sisteminin tətbiq edildiyi yerli statistika orqanlarında keçirilmiş növbəti sertifikatlaşma auditinin nəticələrinə əsasən Komitənin aparatı və 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür.
– Müasir dövrdə statistikanın rəqəmsallaşdırılmasına, “Big data”dan istifadə ilə bağlı məsələlərə xüsusi önəm verilir. Dövlət Statistika Komitəsində bununla bağlı hansı işlər görülür?
– Rəqəmsallaşma, elektron statistikanın inkişafı məqsədilə görülmüş işlər nəticəsində son 10 ildə elektron statistika xidmətlərinin çeşidi genişləndirilmiş və keyfiyyəti artırılmışdır. Respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün zəruri tədbirlər həyata keçirilmiş və nəticədə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu tam təmin olunaraq vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilmiş, eyni zamanda statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəlmişdir. Statistik məlumat ehtiyatlarının formalaşdırılmasının bütün mərhələlərində istifadə olunan texnoloji sxemlərin vahid şəklə salınması hesabına ilkin məlumatın daxil edilməsi ilə bağlı əlavə yük statistika qurumlarının üzərindən götürülmüş və statistika sistemində mexaniki insan əməyinin həcmi azaldılmışdır.
Hesabat təqdim edən müəssisələrə öz hesabatlarını birbaşa məlumat bazalarına daxil edib onları yoxlamaq, düzəliş etmək və çap etmək imkanı yaradılmışdır. Bundan başqa, Komitənin rəsmi internet səhifəsi (www.stat.gov.az) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilmiş və yenilənmiş, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə çoxsaylı cədvəlləri, təhlil və metodoloji materialları əhatə etmişdir. İnternet səhifədən, elektron xidmətlərdən istifadə vəziyyətinin, məlumatların əldə edilməsi ilə bağlı göstərilən xidmətlərin keyfiyyətinin, yayımlanan məlumatların dolğunluğunun, ümumiyyətlə, istifadəçilərin məmnunluq dərəcəsinin qiymətləndirilməsi məqsədilə sorğuların keçirilməsi təmin olunmuş, media subyektlərinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin də iştirak etdiyi bu sorğuların nəticələri ümumiləşdirilərək komitənin internet səhifəsində yerləşdirilmişdir.
İnzibati məlumat mənbələrindən və “Big data”dan istifadəyə gəlincə, hüquqi və fiziki şəxslər tərəfindən müxtəlif dövlət qurumlarına təqdim edilən məlumatlar üzrə təkrarçılığın aradan qaldırılmasına, inzibati vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət qurumları tərəfindən toplanan məlumatların rəsmi statistikada istifadəsinin genişləndirilməsinə, həmin məlumatların statistik məlumat bazalarına inteqrasiyası ilə bağlı zəruri tədbirlərin görülməsinə də xüsusi diqqət yetirilmişdir. Dövlət qurumlarının məlumat bazalarının statistik məlumat bazasına “Elektron hökumət” şlüzü vasitəsilə inteqrasiyasını təmin etmək üçün bir sıra razılaşmalar imzalanmışdır.
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” əsasında Koreya Statistika Komitəsi ilə birgə həyata keçirilən “İnteqrasiya olunmuş inzibati məlumat bazalarının idarə olunması sisteminin yaradılması” layihəsi çərçivəsində Dövlət Statistika Komitəsində “İnzibati məlumatların idarə olunması sistemi - ADİS”in yaradılması bu sahədə yeni texniki imkanlar yaratmışdır.
Statistika sahəsində İKT-nin inkişafı və ticarət şəbəkələri ilə partnyor münasibətlərinin yeni müstəvidə qurulması istehlak qiymətlərinin qeydiyyatı prosesini daha da təkmilləşdirməyə imkan vermişdir. Belə ki, Bakı və ölkənin digər iri şəhərlərində fəaliyyət göstərən iri ticarət şəbəkələri ilə əldə olunmuş razılığa əsasən Dövlət Statistika Komitəsinə elektron formada təqdim olunan pərakəndə satış qiymətlərinə dair məlumatların istehlak qiymətləri indeksinin hesablanması üçün nəzərdə tutulan məlumat bazasına 2019-cu ildə baş tutmuş inteqrasiyası nəticəsində məlumatların mütəmadi olaraq ötürülməsi təmin edilmişdir.
Bu, istehlak qiymətləri indeksinin hesablanmasının keyfiyyətinin artırılmasına imkan yaratmaqla yanaşı, MDB məkanında irihəcmli məlumatlardan (“Big Data”) istifadə sahəsində ilk təcrübə olmuşdur. 2020-ci ilin birinci yarısından başlayaraq iri ticarət şəbəkələrindən elektron formada əldə olunan pərakəndə satış qiymətlərinə dair məlumatların əhatə dairəsi genişləndirilmiş, Bakı şəhəri ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən ticarət obyektlərindən də məlumatların elektron formada qəbul edilməsinə başlanmışdır.
– İstifadəçilərin rəsmi statistika məlumatlarına əlçatanlığının, statistik savadlılığın artırılması ilə bağlı hansı addımlar atılmışdır?
– Statistik istehsal prosesinin təkmilləşdirilməsi, məlumatların keyfiyyətinin yüksəldilməsi və beynəlxalq müqayisəliliyinin təmin edilməsi informasiya texnologiyalarının verdiyi imkanlardan daha geniş istifadəni şərtləndirir. İnnovativ texnologiyalar əsasında statistik potensialın gücləndirilməsi üçün həyata keçirilməsi tələb olunan belə fəaliyyətlərdən biri də rəsmi statistika sistemində vahid platforma üzərində metaməlumatlarla müşayiət olunan məlumat bazalarının yaradılması, onların müasir yayım standartlarına uyğun istifadəçilərə təqdim olunmasıdır ki, bu məqsədlə də Dövlət Statistika Komitəsi tərəfindən zəruri addımlar atılmış, qabaqcıl ölkələrdə tətbiq edilən innovativ yanaşmalar və ən yeni standartlar öyrənilərək onların milli statistika sisteminə inteqrasiyası həyata keçirilmişdir.
Koreya Statistika Komitəsi ilə birgə həyata keçirilmiş “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi hazırlanmış və istismara qəbul edilmişdir. ASİS-in əsas üstünlüyü onun sadə strukturda, məlumatların yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda hazırlanması və istifadəçiyönümlü olmasıdır ki, hər bir istifadəçi bu imkandan yararlanmaqla məlumat bazasında yerləşdirilmiş rəsmi statistika məlumatları əsasında öz istəyinə uyğun real vaxt rejimində cədvəllər, dinamika sıraları tərtib edə, məlumatları qrafiklər vasitəsilə vizuallaşdıra, çap edə və ya öz kompüterinə yükləyə bilər. Bunlardan başqa, Komitənin rəsmi internet səhifəsi daim yenilənmiş, regional bölgüdə statistik məlumatların vizuallaşdırılması məqsədilə “Regionların portretləri” portalı yaradılmış, hasilat sənayesində şəffaflıq üzrə hesabatların toplanması və açıqlanması ilə bağlı “Hasilat Sənayesində Şəffaflıq” Portalı hazırlanaraq ictimaiyyətə təqdim edilmişdir.
Elektron xidmətlərin “Elektron hökumət” portalı vasitəsilə təqdimatına dair vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədilə Komitənin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsində bu xidmətlər haqqında ətraflı məlumatlar yerləşdirilmiş, “Facebook”, “Youtube”, “X” və “Instagram” sosial şəbəkələrində Komitənin səhifəsinin aktiv fəaliyyəti təmin edilmiş və ölkənin sosial, iqtisadi göstəricilərini əks etdirən infoqrafikalar və videoçarxlar hazırlanaraq yayımlanmışdır.
Statistika elminin nailiyyətlərinin, iqtisadi-statistik təhlillərin, mühüm statistik göstəricilərin və onların hesablanma metodologiyalarının, statistikaya dair beynəlxalq aləmdə baş verən yeniliklərin geniş ictimaiyyətə çatdırılması məqsədilə “Statistika xəbərləri” elmi-praktik jurnalı təsis edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Mətbu nəşrlərin reyestrinə daxil edilmiş və Beynəlxalq Standart Seriya Mərkəzində qeydə alınmışdır. 2015-ci ilin oktyabr ayında “Statistika xəbərləri” elmi-praktik jurnalının ilk nömrəsi nəşr olunmuş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli qərarı ilə qeydiyyata alınmışdır.
Məktəblilər üçün “Azərbaycanı öyrənirik” məcmuəsi hazırlanaraq Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmış və çoxaldılaraq, ölkə üzrə hər məktəbə 2 nüsxədə təqdim edilmişdir. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Heydər Əliyev – 100: Bir Ömrün Əbədiyyəti” adlı statistik məcmuə hazırlanmış, ilk dəfə olaraq yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında Statistik olimpiada keçirilmişdir. Ümumdünya Statistika Günü ilə əlaqədar cari ildə də yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında növbəti dəfə statistik olimpiadanın təşkili, Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunun keçirilməsi həm dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın sosial-iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi, həm də statistikanın populyarlaşması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
– Tahir müəllim, Dövlət Statistika Komitəsi hansı xarici ölkələrin və beynəlxalq təşkilatların statistika qurumları ilə əməkdaşlıq edir? Bu, milli kadr potensialının möhkəmləndirilməsinə necə təsir edir?
– Beynəlxalq təcrübədən bəhrələnməklə milli statistika potensialının gücləndirilməsi, qabaqcıl milli təcrübə əsasında beynəlxalq metodoloji bazanın təkmilləşdirilməsinə töhfə verilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə statistik innovasiyaların tətbiqinə dair təcrübə mübadiləsi daim Dövlət Statistika Komitəsinin əsas prioritetlərindən biri olmuşdur. Milli statistika sisteminin daha da təkmilləşdirilməsi, statistik kadr potensialının gücləndirilməsi, statistika sahəsində müasir metodologiya və beynəlxalq standartların mənimsənilməsi məqsədilə BMT və onun regional iqtisadi komissiyaları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin Sənaye İnkişaf Təşkilatı (UNİDO), Avrostat, BVF, BƏT, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Nəqliyyat Forumu, Beynəlxalq Miqrasiya Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Yol Federasiyası, TRASECA, Beynəlxalq Energetika Agentliyi, MDB-nin Dövlətlərarası Statistika Komitəsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi beynəlxalq təşkilatların və bir çox ölkənin statistika orqanları ilə əməkdaşlıq təşkil edilmiş və məlumat mübadiləsi aparılmışdır.
Dövlət Statistika Komitəsi ilə 17 ölkənin statistika orqanı, Avrostat və İslam Əməkdaşlıq Təşkilatının İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) arasında statistika sahəsində əməkdaşlığa dair sazişlər, anlaşma memorandumları, birgə niyyət bəyannamələri və əməkdaşlıq proqramları imzalanmışdır.
Dövlət Statistika Komitəsinin kadr potensialının gücləndirilməsi, modul tipli milli statistik təlim proqramlarının hazırlanması, müasir statistik təlim proqramlarının və innovativ texnologiyaların tətbiqi ilə sosial, iqtisadi statistika və ev təsərrüfatları arasında seçmə statistik müayinələrin aparılması sahəsində milli mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması sahəsində Koreya Statistika Komitəsi (KOSTAT) ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb etmişdir. KOSTAT ilə tərəfdaşlıq çərçivəsində 2018-2022-ci illərdə “Azərbaycanın statistik potensialının gücləndirilməsi”, “Kadr potensialının inkişafı”, “Elektron təlim portalının yaradılması”, “İnzibati məlumat bazalarının idarə olunması sisteminin tətbiqi” adlı layihələr uğurla icra olunmuşdur.
Qeyd olunanların nəticəsidir ki, Azərbaycanda ən yüksək tələblərə cavab verən “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi hazırlanmış, Komitədə müasir informasiya texnologiyaları avadanlıqları ilə təchiz edilmiş təlim otağı yaradılmış, statistik kadr potensialının gücləndirilməsi məqsədilə KOSTAT tərəfindən modul tipli statistik təlim proqramları hazırlanmışdır.
Milli statistika sisteminin inkişafı ilə bağlı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” yeni texniki yardım layihəsi çərçivəsində Bolqarıstan, Niderland, Litva, Polşa, Ukrayna, Xorvatiya mütəxəssisləri tərəfindən Dövlət Statistika Komitəsinə ekspert missiyaları təşkil edilmiş, Komitənin əməkdaşları Niderland, Litva, Bolqarıstan, Portuqaliya və Rumıniyaya ezam olunaraq statistik təsnifatların tətbiqi, istehsalçı qiymət indeksləri, statistik keyfiyyətin idarə edilməsi sistemi və digər sahələrdə beynəlxalq təcrübəni öyrənmişlər.
Bütün bunların nəticəsidir ki, Dövlət Statistika Komitəsinin əməkdaşları artıq beynəlxalq ekspert qismində digər ölkələrin mütəxəssislərinin hazırlanmasına cəlb olunurlar. Belə ki, 2024-cü ildə Statistik Potensialın Artırılması Proqramı (StatCaB) çərçivəsində İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə İƏT-ə üzv 25 ölkənin milli statistika qurumlarının 115 əməkdaşı üçün Komitənin mütəxəssisləri tərəfindən “Əmək bazarının monitorinqi: işçi qüvvəsi müayinələrinin aparılması və təhlili” mövzusunda onlayn təlim keçirilmişdir.
Ötən illər ərzində Dünya Bankı ilə əməkdaşlığa da xüsusi diqqət yetirilmişdir. İnstitusional inkişaf, kadr potensialının gücləndirilməsi və informasiya-kommunikasiya texnologiyalarının inkişafını əhatə edən layihə həyata keçirilmiş, milli statistika sisteminin kompleks diaqnostikası aparılmış və “Azərbaycan Respublikasında statistikanın inkişafına dair Milli Strategiya (2019–2030-cu illər)” hazırlanmışdır.
BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birlikdə DİM üzrə milli informasiya portalı yaradılmış, BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən əhalinin siyahıyaalınmasına hazırlıq prosesinə dəstək göstərilmiş, UNICEF ilə birlikdə Çoxgöstəricili Klaster Sorğusu (MICS), FAO-nun dəstəyi ilə kənd təsərrüfatı siyahıyaalınmasının rəqəmsallaşdırılması həyata keçirilmişdir.
Dövlət Statistika Komitəsi Beynəlxalq Müqayisələr Proqramında və “MDB ölkələrində statistikanın inkişafı” layihəsində fəal iştirak edir.
Azərbaycanın milli statistika sisteminə dair beynəlxalq əməkdaşlıqda BMT AİK, Avrostat və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən aparılmış qlobal qiymətləndirmə mühüm yer tutur. Qlobal qiymətləndirmə nəticəsində Azərbaycanın milli statistika sisteminin daha da təkmilləşdirilməsi üçün verilmiş tövsiyələrin icrası təmin edilmişdir. Hazırda növbəti qlobal qiymətləndirmənin keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılmışdır.
– Son olaraq bilmək istərdik ki, Dövlət Statistika Komitəsinin qarşısında hansı hədəflər durur?
– Hesab edirik ki, yuxarıda qeyd olunan nailiyyətlərin əldə olunmasına baxmayaraq, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə statistik göstəricilər sisteminin, metodologiyaların hazırlanması və təkmilləşdirilməsi, müşahidələrin aparılması, əldə edilən statistik məlumatların yayımı, ümumilikdə rəsmi statistika qarşısında duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası statistik istehsalın hüquqi və informasiya təminatının, beynəlxalq əməkdaşlığın, statistika orqanlarının maddi-texniki bazasının və kadr potensialının daha da gücləndirilməsini, habelə milli statistika sisteminin növbəti çoxillik dövr üzrə strateji inkişaf prioritetlərinin müəyyənləşdirilməsini şərtləndirir.
Dövlət Statistika Komitəsi tərəfindən 2026-2030-cu illərdə rəsmi statistikanın inkişafına dair növbəti hədəflər müəyyən edilmişdir. Belə ki, BMT-nin Dayanıqlı İnkişaf Sammitində qəbul olunmuş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də statistika potensialının gücləndirilməsini öhdəlik kimi qəbul etməklə yanaşı, üzv dövlətlər DİM ilə qarşıya qoyulmuş hədəflərə nailolma vəziyyətinin monitorinqi, müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun, dezaqreqasiya olunmuş rəsmi statistik məlumatları hazırlayaraq istifadəçilərə təqdim etməlidirlər.
Bununla əlaqədar BMT-nin Statistika Komissiyasının hər il keçirilən sessiyasında DİM üzrə göstəricilər, məqsədlərə nailolma vəziyyəti üzrə işlərin gedişatı və statistik potensialın gücləndirilməsi ilə bağlı mütəmadi olaraq məruzələr hazırlanaraq müzakirəyə çıxarılır, əldə olunmuş nailiyyətlərə və prioritetlərə baxılır, müvafiq qərarlar qəbul edilməklə dünya ölkələrinə bu sahədə fəaliyyətlərin gücləndirilməsi ilə bağlı tövsiyə və çağırışlar edilir.
Yeni hədəflərin icrası demoqrafiya və əhali sakinliyi, milli hesablar, kənd təsərrüfatı, sənaye, nəqliyyat və turizm, işçi qüvvəsi, ev təsərrüfatları büdcələri, əhalinin fasiləsiz təhsildə iştirakı, əlilliyi olan şəxslərin, peşə və orta ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğu ilə bağlı aktual statistik məlumatların əldə olunmasına, eləcə də statistikanın yeni sahələri kimi formalaşmaqda olan “yaşıl” inkişaf, rəqəmsal iqtisadiyyat, mədəni və yaradıcı sənaye sahələri, elm, texnologiya və innovasiyalarla bağlı yeni göstəricilər üzrə statistik istehsalın təşkilinə yönəldilib.
Nəzərdə tutulan tədbirlər inzibati məlumat mənbələrindən istifadəni genişləndirməklə respondentlərin üzərinə düşən statistik yükün azaldılmasına, beynəlxalq səviyyədə makroiqtisadi müqayisələr üçün ən mühüm beynəlxalq statistika standartı kimi qəbul olunan Milli Hesablar Sisteminin yenilənmiş 2025-ci il versiyasının (MHS-2025) tətbiqi ilə beynəlxalq müqayisəliliyi təmin etməklə informasiya təminatının yüksəldilməsinə, eləcə də statistik istehsalın hüquqi və informasiya təminatının, beynəlxalq əməkdaşlığın, statistika orqanlarının maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsinə, milli statistika sisteminin fəaliyyətini qiymətləndirməklə növbəti strateji inkişaf prioritetlərinin müəyyən olunmasına, ümumilikdə rəsmi statistikanın dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.
– Statistika sahəsində görülmüş işlər barədə ətraflı məlumat verdiyinizə görə təşəkkür edirik.
Müsahibəni qələmə aldı:
Tahir AYDINOĞLU
XQ