Azərbaycanın iqtisadi inkişaf modeli qlobal gündəlikdə

post-img

Dünyanın maliyyə nəhənglərinin ölkəmizə diqqəti artıb

Son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf, aparılan məqsədyönlü islahatlar və həyata keçirilən strateji layihələr ölkəmizin beynəlxalq diqqət mərkəzinə çevrilməsində mühüm rol oynayır. Dövlətin iqtisadi siyasəti uzunmüddətli sabitliklə yanaşı, rəqabətqabiliyyətli bazar münasibətlərinin formalaşmasına, qeyri-neft sektorunun inkişafına və dayanıqlı artım modelinin qurulmasına xidmət edir.

Məhz bu səbəbdən də Azərbaycan bu gün regionun iqtisadi liderlərindən biri kimi tanınır, həm xarici investorların, həm də beynəlxalq maliyyə institutlarının diqqətini özünə cəlb edir. Enerji siyasətindən tutmuş nəqliyyat-tranzit imkanlarına qədər geniş spektrdə həyata keçirilən islahatlar ölkənin gələcəyinə inamı daha da gücləndirir. Biz də bu mövzular ətrafında söhbət açmaq, Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsini və həyata keçirilən islahatların əsas hədəflərini daha dərindən təhlil etmək üçün iqtisad elmləri doktoru, professor Fikrət Yusifovla həmsöhbət olduq, onunla geniş fikir mübadiləsi apardıq.

– Fikrət müəllim, Azərbaycan post müharibə dövründə yeni iqtisadi inkişaf modelini hansı prinsiplər üzərində qurur, xüsusən, enerji istiqamətində hansı hədəflər müəyyənləşdirilib?

– Qarşıya qoyulan əsas hədəf ölkə iqtisadiyyatının inkişafı üçün yeni modelin formalaşdırılmasıdır. Bu gün dünyanın siyasi və iqtisadi müstəvisində gedən proseslər göstərir ki, iqtisadiyyatın real sektorunun yüksəlişi və onun neft-qaz gəlirlərindən asılılığının azaldılması artıq zamanın tələbidir. Dünyanın enerji balansının alternativ enerjinin xeyrinə sürətlə dəyişdiyi, Azərbaycanın isə bu sahədə regionun aparıcı dövlətlərindən birinə çevrildiyi indiki şəraitdə yeni iqtisadi inkişaf modelinin hazırlanması daha da aktuallaşır.

Ölkəmizdə “yaşıl enerji” istehsalına dövlət səviyyəsində verilən önəm və bu məqsədlə Şərqi Zəngəzur, Qarabağ və Naxçıvanın “yaşıl enerji zonası” elan olunması təsadüfi deyil. Azərbaycan hökuməti yalnız iqtisadiyyatın deyil, həm də ümumilikdə enerji təminatının neft və qazdan asılılığını azaltmaq yolunu seçib. Bu məqsədlə cəlb olunan iri investisiyalar nəticəsində ölkəmizin yaxın gələcəkdə regionda “yaşıl enerji”nin nümunəvi ixracatçılarından birinə çevriləcəyi gözlənilir. Avropaya neft və qaz satan Azərbaycan, eyni zamanda, qoca qitəyə “yaşıl enerji” ixracını da planlaşdırır və bu istiqamətdə artıq Avropanın şərqində yerləşən bir sıra dövlətlərlə ilkin razılaşmalar əldə olunub. Gələcəkdə Qara dənizin dibi ilə çəkiləcək xüsusi kabel vasitəsilə Avropaya “yaşıl enerji” ixracı hədəflənir. Digər tərəfdən, nəqliyyat sahəsində də əsaslı inkişaf var. Bu gün dünyanın aparıcı qüvvələrinin diqqəti məhz Azərbaycana yönəlib.

– Ölkə başçısının Nyu-Yorka səfəri və bu çərçivədə qarşı tərəflərin müraciəti əsasında keçirilən görüşlər diqqət mərkəzindədir. Xüsusilə, 6-cı Xəzər Biznes Forumunda aparılan müzakirələri də buna əlavə etsək, bütün bunlar Azərbaycanın Orta Dəhlizdəki rolunu və beynəlxalq əhəmiyyətini necə gücləndirir?

– Azərbaycan Prezidenti cənab İlham Əliyev son illərdə xarici səfərləri zamanı dünyanın aparıcı maliyyə institutlarının və investisiya şirkətlərinin rəhbərləri ilə mütəmadi olaraq xüsusi görüşlər keçirir. Bu görüşlər ölkəyə xarici kapitalın cəlb edilməsində mühüm rol oynayır. Son 22 ilə yaxın dövrdə Azərbaycanı regionun ən nüfuzlu dövlətinə çevirməyi bacaran Prezident İlham Əliyev Ulu öndər tərəfindən təməli qoyulmuş iqtisadi inkişaf yolunu yeni mərhələdə müasir model əsasında davam etdirir. Onun ABŞ-a son səfəri zamanı Nyu-Yorkda keçirilən 6-cı Xəzər Biznes Forumunda Orta Dəhliz və regional investisiya imkanları geniş müzakirə olunub. Forumun nəticələri bir daha sübut etdi ki, ABŞ-ın Avrasiya siyasətində Xəzər regionuna xüsusi əhəmiyyət verilir. Şərqlə Qərbi birləşdirən ən qısa yol – Orta Dəhlizin Azərbaycan üzərindən keçməsi ölkəmizin beynəlxalq mövqeyinin güclənməsinə, coğrafi üstünlüklərimizin isə strateji fürsətə çevrilməsinə səbəb olur.

Bu gün dünya ticarətinin ən aktual problemlərindən biri, bəlkə də birincisi, YOL məsələsidir. Qlobal düzənin yenidən qurulması uğrunda böyük güclərin apardığı mübarizənin əsas hədəflərindən biri də məhz yollar üzərində nəzarətə sahib olmaqdır. 2024-cü ildə Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 62 faiz artaraq 4,5 milyon tona çatdı.

Bu göstərici marşrutun potensialına dair region aktorlarının hesablamalarını gücləndirir. 2025-ci il üçün həcmin 5,2 milyon tona yaxınlaşması gözlənilir. Proqnozlara görə, bunun, təxminən, 4,2 milyon tonu marşruta daxil ölkələrin ərazisindən keçəcək, daşımaların strukturunda isə həm quru yük (təxminən, 2,5 milyon ton – 96 min TEU ekvivalenti), həm də enerji məhsulları (təxminən, 1,7 milyon ton neft) mühüm pay təşkil edəcək.

Bu artımı davam etdirmək üçün əsas məqsəd genişmiqyaslı infrastruktur və idarəetmə işlərini tənzimləməkdir. Məhz bu inkişaf xətti ilə 2027-ci ilə qədər marşrutun ötürücülük qabiliyyəti ildə 10 milyon tona çata bilər.

Dəyəri 8 trilyon ABŞ dolları olan Çinin “Bir kəmər, bir yol” layihəsi və yollara nəzarət uğrunda Çinlə mübarizə aparan digər böyük güclərin keçən il bu layihəyə alternativ olaraq Hindistandan Yunanıstana uzanan digər bir yol layihəsini ortaya çıxarması yollara nəzarət uğrunda böyük güclər arasında gedən mübarizənin getdikcə şiddətlənməsinin bariz nümunəsidir. Qısa ticarət yolu daha çox mənfəət əldə etməyin mühüm şərtidir. Bu səbəbdən nəhəng güclər bu gün iqtisadi cəhətdən daha sərfəli yolların nəzarətə götürülməsi uğrunda ciddi mübarizə aparır. Bir adi misalla söylədiklərimizi daha aydın izah etməyə çalışaq: bu gün Şərqlə Qərbi birləşdirən və real olaraq istifadə edilən iki yol mövcuddur. Bunlardan biri Sakit və Hind okeanları üzərindən Süveyş kanalı vasitəsilə Avropaya uzanan su yolu, digəri isə Xəzər dənizi üzərindən keçən quru və su yolu hesab edilən Orta Dəhlizdir.

– Azərbaycan Orta Dəhlizin mühüm seqmenti kimi Çinlə Avropa arasında artan ticarət dövriyyəsi fonunda nəqliyyat müddətinə və biznesin rentabelliyinə hansı üstünlüklər qazandırır?

– Əgər Çində istehsal olunan məhsullar Sakit okean, Hind okeanı və Süveyş kanalı vasitəsilə Avropa bazarlarına 45, bəzən isə daha çox günə çatdırılırsa, həmin bazarlara daşımaları Orta Dəhliz vasitəsilə iki, hətta üç dəfə qısa müddətdə həyata keçirmək mümkündür. Nəzərə alsaq ki, son zamanlar Qırmızı dənizdə Bab-əl-Məndəb boğazı ətrafında husilərin Çindən gələn yük gəmilərinə hücumları nəticəsində gəmilər Afrika qitəsini dolanaraq Avropaya çatır, bu halda nəqliyyat müddəti 60 günə qədər uzana bilir.

Belə olan təqdirdə istehsal etdiyi məhsuldan mənfəəti 15-20 günə deyil, 40-60 günə əldə edən biznes böyük itkilərlə üzləşir. Məsələn, 2024-cü ildə Çinlə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 800 milyard ABŞ dolları səviyyəsində olub. Bu daşımaların təxminən 80 faizi uzun su yolu ilə həyata keçirilib. İstənilən investor üçün yüklərin Çinin qərbindən Türkiyəyə 15 günə, Azərbaycana isə 9 günə çatdırılması fantastik uğur sayılır. Bu gün Zəngəzur dəhlizi vasitəsilə Avropaya uzanan Orta Dəhliz Şərqlə Qərbi birləşdirən uzun su yoluna nisbətdə üç dəfə qısa, deməli, üç dəfə də sərfəlidir.

– Bəs, investorların Azərbaycana kapital yönləndirməsi baxımından hansı işlər görülür?

– Bilirsiniz, əslində, kapital qoyuluşunun və xarici investorların ölkəmizdə marağının arxasında dayanan əsas səbəblərdən biri elə Zəngəzur dəhlizinin (TRIPP) perspektividir. Çünki Orta Dəhliz yalnız yükdaşımaların həyata keçiriləcəyi nəqliyyat marşrutu kimi qəbul edilməməlidir. Dəhlizin əhatə etdiyi qonşu ölkələrin ərazilərində yolboyu yeni bir canlanma, inkişaf baş verəcək. Bir sözlə, bu yol boyunca istehsal və ticarətin inkişafı yeni vüsət alacaqdır. Bu isə yolun keçdiyi hər bir ölkədə, ilk növbədə isə Azərbaycanda, xüsusilə də Naxçıvan bölgəsində iqtisadi dirçəlişin əsasını qoyacaq.

Bu sırada Naxçıvanda Azad İqtisadi Zonanın yaradılması da mühüm təşəbbüslərdən biri olmalıdır. Azərbaycan Prezidenti sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərkən Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəhəng nəqliyyat qovşağına çevrilməsindən bəhs etdi. Ölkə başçısı bildirdi ki, son illərdə Orta Dəhlizlə daşımalar sürətlə artıb, 2022-ci ildən bəri yükdaşımalarda təqribən 90 faiz artım müşahidə olunub. Bununla yanaşı, Xəzər dənizi vasitəsilə də yükdaşımaların həcmi məsələsi gündəmdədir.

Dövlət başçısı əlavə edib ki, Xəzərin ən böyük ticarət donanmasının, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq. Digər tərəfdən, Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib.

Orta Dəhlizin yük ötürmək imkanlarının artırılması təbii ki, bu layihəyə yeni investisiyaların cəlb olunmasını zəruri edəcəkdir. Azərbaycan böyük maliyyə imkanlarına malik bir ölkə olsa da belə layihələrin maliyyələşdirilməsini adətən cəlb edilmiş vəsaitlər hesabına həyata keçirmək daha sərfəli olur. Bir sözlə, beynəlxalq ticarət daşımalarının həyata keçirildiyi və istənilən investor üçün ən sərfəli hesab edilən belə bir layihəyə vəsait cəlb etmək riskli hesab edilə bilməz. Çünki bu layihə onun reallaşdırılmasına cəlb edilmiş vəsaitlərin vaxtında qaytarılmasına tam təminat verə biləcək bir layihədir.

– Layihənin reallaşması baxımından dünyanın maliyyə nəhənglərinin mövqeyi necədir?

– Düşünürəm ki, böyük beynəlxalq əhəmiyyəti olan Orta Dəhlizlə bağlı layihələrin Dünya Bankı və Asiya İnkişaf Bankı kimi nəhəng maliyyə institutlarının münasib kreditləri hesabına maliyyələşdirilməsi ən doğru seçim olardı. Xatırladım ki, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Orta Dəhlizin inkişafına Dünya Bankının (DB) fəal dəstəyinin davam edəcəyini vurğuladı. O, infrastrukturun modernləşdirilməsi, tənzimləmə islahatları və rəqəmsal ticarətin təşviqi sahələrində layihələrin prioritet olacağını bildirib və DB-nin digər beynəlxalq tərəfdaşlarla bu təşəbbüsləri əlaqələndirməyə hazır olduğunu qeyd edib. Digər tərəfdən, Asiya İnkişaf Bankı (AİB) artıq Orta Dəhlizin inkişafı ilə bağlı 24 layihənin gerçəkləşdirilməsinə 2001-ci ildən bəri 4 milyard dollara yaxın vəsait ayırıb.

İstənilən halda regionun lider dövləti kimi Azərbaycanın istər BOEM sahəsində, istərsə də nəqliyyat arteriyalarının mərkəzi missiyasında uğurlu olacağı sirr deyil. Bunu artıq qlobal maliyyə institutları öz proqnozlarında bariz şəkildə göstərir. Ölkə başçısının da bu çərçivədə göstərdiyi diqqət və qayğı gələcəkdə əldə ediləcək dividendlərin əsas qarantıdır.

– Maraqlı söhbətə görə sağ olun.

Müsahibəni hazırladı:
Nurlan ABDALOV
XQ

Müsahibə