Bayden getdi, Harris gəldi

post-img

Yeni namizəd Trampa qalib gələ biləcəkmi?

ABŞ prezidenti Co Bayden öz partiyası ilə bir neçə həftəlik aktiv qarşıdurmadan sonra ikinci müddətə namizəd olmamaq qərarına gəldi. Eyni zamanda o, vitse-prezident Kamala Harrisə tam dəstəyini ifadə etdi. Bununla belə, bir çox hörmətli demokratlar ən yüksək hökumət postuna namizədin azad şəkildə seçilməsini tələb edirlər. Respublikaçılar isə ictimaiyyətdən soruşurlar ki, belə bir vəziyyətdə 81 yaşlı prezidentin dövlət başçısı kimi fəaliyyətini davam etdirə bilərmi? 

ABŞ prezidenti Co Bayden parti­ya yoldaşlarının çoxsaylı zənglərindən sonra seçki yarışından uzaqlaşdı. Bu günlərdə siyasətçi COVID-19 səbəbi ilə Delaverdəki iqamətgahında karantinə alınmışdı. Lakin ABŞ mediası yazır ki, bu müddət ərzində cənab Baydenin partiya yoldaşları ilə təmasları dayanmadı. Get­dikcə daha çox nüfuzlu partiya üzvləri və donorlar Ağ evin sahibini yenidən seçil­mək planlarından imtina etməyin zərurili­yinə inandırmağa çalışırdılar. Sonuncular ona təkcə sözdə deyil, həm də əməldə təzyiq göstərərək 90 milyon dollarlıq dəstəyi dondurdular. Son anadək Ağ ev nümayəndələri Co Baydenin yarışdan çıxması ilə bağlı şayiələrin əsassız oldu­ğunu iddia edirdilər. Prezidentin qərarga­hının nümayəndələri söz verirdilər ki, o, bazar ertəsinə qədər sağalacaq və seçki mitinqlərini bərpa edəcək. 

Bununla belə, bazar günü günorta­dan sonra Co Bayden namizədliyini irəli sürməyəcəyini açıqladı: “Prezidentiniz kimi xidmət etmək mənim həyatımın ən böyük şərəfi oldu. Yenidən seçilmək niy­yətində olsam da, hesab edirəm ki, geri çəkilmək və səlahiyyət müddətimin qa­lan hissəsində yalnız prezident kimi öz vəzifələrimi yerinə yetirməyə fokuslan­maq partiyamın və ölkəmin mənafeyinə uyğundur”. Co Bayden qərarı ilə bağlı bu həftənin sonunda xalqa müraciət edəcə­yini söylədi. 

Ancaq o, noyabrın 5-də keçiriləcək prezident seçkilərində vitse-prezident Kamala Harrisi və ya hər hansı digər mümkün partiya namizədini dərhal dəstəkləmədi: “İndi isə icazə verin, mə­nim yenidən seçilməyim üçün çox əməyi keçən hər kəsə dərin təşəkkürümü bildi­rim. Vitse-prezident Kamala Harrisə bü­tün bu işlərdə görkəmli tərəfdaş olduğu üçün təşəkkür etmək istəyirəm. Mənə göstərdiyiniz etimada görə Amerika xalqı­na ürəkdən minnətdarlığımı bildirirəm”.

Co Baydenin onu əvəz etmək üçün ən rahat namizəd hesab edilən vitse-pre­zidentinə dərhal kart-blanş verməməsi Ağ ev rəhbərinin Demokratlar Partiyası­nın qurultayında azad seçkilərin tərəfdarı olması barədə fərziyyələrə səbəb oldu. Lakin bir saat sonra prezident başqa bir yazı yayımlayaraq, bu fərziyyələri alt-üst etdi: “Bu gün mən Kamalanı partiyamızın builki namizədi kimi tam dəstəklədiyimi bildirmək istəyirəm. Demokratlar, birləş­mək və Trampı məğlub etmək vaxtıdır. Gəlin bunu edək”. Bir neçə saat sonra Kamala Harris Amerika liderinə dəstəyə görə təşəkkür etdi: “Amerika xalqı adın­dan mən Co Baydenə Birləşmiş Ştatların Prezidenti kimi görkəmli rəhbərliyinə və ölkəmizə onilliklər ərzində göstərdiyi xid­mətə görə təşəkkür edirəm... Prezidentin dəstəyini almaqdan şərəf duyuram və namizədliyi qazanmağa və qalib gəlməyə sadiqəm. .. Seçki gününə 107 gün qalır. Birlikdə mübarizə aparacağıq. Biz birlik­də qalib gələcəyik”.

Co Bayden namizədliyini götürsə də, prezident kimi fəaliyyət göstərəcəyini bil­dirdi. Lakin respublikaçılar ondan Ağ evi dərhal tərk etməyi tələb edirlər. Respub­likaçılar iddia edirlər ki, əgər siyasətçi ye­nidən seçilə bilmirsə, o, ölkəyə rəhbərlik etməməlidir. Nümayəndələr Palatasının spikeri Mayk Conson prezidenti dərhal istefaya çağırır. Respublikaçılar Parti­yasından vitse-prezidentliyə namizəd J.D.Vens isə konkret suala cavab axtarır: “Əgər Co Bayden seçki kampaniyasını bitirirsə, o, prezident qalmasına necə haqq qazandıra bilər?”.

Bundan başqa, Donald Trampın əsas müttəfiqləri artıq bildirirlər ki, ilkin seç­kilərdə milyonlarla səs qazandıqdan son­ra Co Baydenin vəzifəsindən kənarlaş­dırılması qeyri-demokratik olardı. Hətta bəziləri baş verənləri çevrilişlə eyniləşdi­rir və bundan seçkinin nəticələrinə qarşı arqument kimi istifadə edə biləcəklərini istisna etmirlər. Cənab Tramp özü də par­tiya yoldaşlarının dediklərini təkrarlayır: “Bacarıqsız Co Bayden ölkəmizin tarixin­də ən pis prezidentdir. O, ölkəmizi məhv etmək üçün əlindən gələni etdi, cənub sərhədimizdən tutmuş enerji üstünlüyü, milli təhlükəsizlik, beynəlxalq mövqe və s. O, dağıdıcı debatda məhv edildi və indi korrupsioner və radikal demokratlar onu gəmi göyərtəsindən dənizə atırlar”. Cənab Tramp düşünür ki, Kamala Harri­si məğlub etmək onun üçün daha asan olacaq.

Bəs Kamala Harrisin qalib gəlmək şansı varmı? Seçkilərə üç ay qalır, ona görə də, bu müddət ərzində rəqiblər ara­sında tərəzinin gözü sağa və sola tez-tez dəyişə bilər. Amma K.Harrisin bir gün ərzində 55 milyon dollar ianə toplama­sı vitse-prezidentin Donald Tramp üçün asan rəqib olmayacağı barədə iddiaları gücləndirir. Nüfuzlu “Politico” yazır ki, Kamala Harris noyabrda prezident se­çilərsə, o, Donald Trampın prezidentliyi dövründə senator olduğu vaxtdan qazan­dığı xarici siyasət təcrübəsi və ABŞ tarixi­nin beynəlxalq məsələlər üzrə ən məlu­matlı prezidentlərindən biri olan Bayden dövründə vitse-prezident kimi çalışacaq. Bundan başqa, əksər sahələrdə xanım Harris, çox güman ki, prezident Co Bay­denin xarici siyasət məqsədlərini həyata keçirməyə davam edəcək. “Politico” qeyd edir ki, Harris administrasiyası Ukrayna­nın hərbi səylərinə güclü dəstək verəcək və Çinin geosiyasi yüksəlişi fonunda Asiya-Sakit Okean regionunda ittifaqları gücləndirmək təşəbbüslərini davam et­dirəcək.

S.ELAY
XQ

Dünya