ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlmiş qətnamə layihəsini rədd edib.
Təşəbbüs minimal səs çoxluğu ilə uğursuzluğa düçar olub. Sənədin əleyhinə 48 senator səs verdiyi halda, 47 senator onu dəstəkləyib. Partiya daxili cəbhələrdə fərqli mövqelər qeydə alınıb: sənədin əleyhinə demokrat Con Fetterman səs verib, digər tərəfdən isə dörd respublikaçı (Bill Kessidi, Süzan Kollinz, Liza Murkovski və Rend Pol) prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə çıxış edib.
Senator Rafael Uornok tərəfindən hazırlanmış sənəddə prezident administrasiyasından ABŞ Konqresinin rəsmi icazəsi olmadan Amerika Silahlı Qüvvələrinin İrana qarşı və ya birbaşa onun ərazisindəki hərbi əməliyyatlarda hər hansı iştirakını dərhal dayandırmaq tələb olunurdu.
1973-cü il tarixli Hərbi Səlahiyyətlər Qanununa əsasən, Konqres müharibə elan etmədiyi və ya güc tətbiqinə icazə verən qanun qəbul etmədiyi təqdirdə, ABŞ prezidenti hərbi əməliyyatları 60 gün müddəti başa çatdıqdan sonra dayandırmalıdır. Qanun bu müddətin yalnız bir dəfə və maksimum 30 gün uzadılmasına icazə verir, bu da yalnız prezidentin Amerika qoşunlarının təhlükəsiz şəkildə geri çəkilməsini təmin etmək üçün əlavə vaxta ehtiyac olduğunu Konqresə yazılı şəkildə təsdiqlədiyi təqdirdə mümkündür.
XQ

